Bu gün “Seçmələr” rubrikasının qonağı müstəqil, ekspert psixoterapevt olan Murad Nəsirovla maraqlı söhbətimiz baş tutdu.
Özünü “psixoloq” hesab edənlər hədsiz dərəcədə çoxalıb
-Murad müəllim, zəhmət olmasa özünüz haqqında qısa məlumat verərdiniz
-1975-ci ildə Sumqayıt şəhərində fəhlə ailəsində dünyaya gəlmişəm. “Texniki Təbiət Elmləri” litseyini bitirmişəm. 1992-ci ildə ilk dəfə test üsülu ilə imtahan verənlərdən biri kimi Türkiyənin İstanbul Dövlət Universitetinin “Psixologiya” fakultəsinə daxil oldum.
-Niyə məhz psixoloq ixtisasını seçdiniz?
-Həqiqətə qalsa 11-ci sinifi qurtarana qədər tibb universitetinə qəbul olmaq istəyirdim. Sonralar bizə rus dili tədris edən Tofiq müəllim mənə psixologiya ilə məlumatlar, mülahizələr verərək təsir etdi. O, Moskvada psixologiya üzrə təhsil almış, uzun müddət həm psixologiyanın müxtəlif sahələri, həm də parapsixologiya ilə məşğul olmuşdu. Çox təəssüflər olsun ki, həmin dövrdə Bayramov/Əliyevin müəllifləri olduğu “Psixologiya” kitabından başqa əlimizdə ikinci bir kitab yox idi. Ona görə də ölkəmizdə o qədər də dəbdə olmayan bir ixtisasa maraq yarandı və onun dərinliklərinə baş vurmaq qərarına gəldim. Əvvəlcə İstanbul Dövlət Universitetinin “Klinik psixoloq” ixtisası üzrə bakalavr, Türkiyə, Rusiya, Ukraynada təkmilləşdirmə kursları, nəhayət Gəncə Dövlət Universitetinin “Uşaq və yaş psixologiyası” üzrə magistr pilləsində təhsil almışam.
-Murad müəllim, qloballaşan multikulturalizm dövründə etnopsixologiyanın sıxışdırılaraq kənara atılması nə dərəcədə doğrudur?
-Bu gün elmi-populyar, motivasiya və digər bu kimi kitablar nəşr etdirilir. Kitabların nəşr olunması müsbət haldır. Onlar içərisində “Düşün varlan”, “Zənginliyin açarı”, “Qadınlarla tanış olma yolları” və s. bu kimi kitabları oxuyub özünü “psixoloq” hesab edənlər hədsiz dərəcədə çoxalıb. Bir məsələni unutmayaq ki, kitabın besseller olması heç də onun həqiqət olması demək deyil. Məsələn, “Qadınla tanış olmanın sirləri” haqqında kitab yazan amerikalı bir yazıçı o kitabı öz yaşadığı cəmiyyətin qadınlarını analiz, müşahidə etdikdən sonra qələmə alıb. Yəni ABŞ əhalisinin psixologiyası, davranışı, yaşam tərzi, həyata baxışı doğru olan Azərbaycanda yaşayanlar üçün də doğrudur demək deyil. Ona görə də motivasiya janrındakı besseller kitablar hər xalq üçün keçərli deyil, hətta bəzən o tip kitablar qarşıdurmaya da gətirib çıxara bilər. Əgər Qərbdə iki əks cins bir-birilə rahat şəkildə intim mövzulardan söhbət edirsə, Azərbaycanda nəinki söhbət, hətta bu mövzuda elementar suallar verdikdə əksər hallarda səmimi cavab ala bilməzsən. Eləcə də bizim bir çox yaşam tərzlərimiz qərblilər üçün yolverilməzdir. Bu dediklərimə bariz nümunə kimi 1986-cı ildə ABŞ ilə SSRİ arasında təşkil olunan “Telemost” verlişində Leninqrad şəhəri ilə Boston şəhərinin qadınları arasında virtual müzakirə gedirdi. Müzakirə nəticəsində intim münasibətlərdən söhbət düşəndə rus qadınlarından biri, bu gün də populyarlığını itirməyən bir ifadə bildirdi: “Bizdə seks yoxdur”! Bu ifadə amerikan qadınları arasında təəccüb və gülüncə səbəb oldu. Ardınca həmin qadın: “Bizdə sevgi var”, digər qadın isə: “Bizdə seks var, amma sizdəki kimi hər şeyi seks üzərində reklam edilmir”! kimi cavablar verildi. Bu misal bir daha onu göstərir ki, etnopsixologiya hər zaman öz təsirini göstərir.
Son 5 ildə evlənmə təklifi etmə sindromu da yaranıb.
-Azərbaycanda ailə institutu ildırım sürətiylə dağılmağa doğru gedir, artıq hər 4-cü nikah boşanma ilə nəticələnir. Sizcə bu cür mənfi inkişafın səbəbi nədir?
-Mən 4-cü yox, hətta daha çox deyərdim. Siz qeyd etdiyiniz rəsmi rəqəmlərdir, bəs qeyri-rəsmi statistika?! Mənim şəxsi müşahidəm və araşdırmalarıma görə ailələrin dağılmasının ən başlıca səbəbi virtual həyatın genişlənməsidir. Ötən əsrin 70-80-ci illərində “Rabınya İzaura”, “Zənginlər də ağlayır”, “Santa Barbara” və s. bu kimi seriallar bütün SSRİ məkanında nümayiş etdirilməyə başlandı. Bir çox insanların dilindən az eşitmədiyimiz – “ bizim əxlaqımızı seriallar pozdu” ifadəsi var. Bu ifadədə həqiqət olsa da, əslində həmin seriallarda təbliğ olunan ən birinci xüsus ticarətlə məşğul olan şirkətlərin öz istehsal etdikləri məhsullarına tələbatın artırılması məqsədi durur. Yəni 25-ci kadrlar vasitəsilə seyrcilərə təbliğ edilir. Məsələn, sosial şəbəkələrdə, reklamlarda, filmlərdə, televerlişlərdə, kliplərdə “Hot Doq”, “Pizza” kimi yeyinti məhsulları, yarıq cinslər, mini yubkalar, lasinalar, kimi geyim vasitələri, təbii ətirlər, qızıl-zinət, bədənin müxtəlif hissələri üçün pirsinq, məişət avadanlıqları və s. kimi məhsullar məşhur müğənni, futbolçu, porno model və ya aktyorlar vasitəsilə təbliğ edilərək insanların şüur altına yeridilir. Bütün bunları görən insanlar öz-özlüyündə deyir: “mən niyə bunları dadmayım, geyinməyim, istifadə etməyim”? Belə istəklərindən dolayı biz və digər üçüncü dünya ölkələrində xarici şirkətlər öz filiallarını yaradırlar ki, bu da yeni-yeni iş yerlərinin açılması, təbliğatların daha da açıq-aşkar aparılması deməkdir.
-Bəs sosial iqtisadi məsələlərin pis olması və cütlüklər arasında intim harmoniyanın düzgün həyata keçirilməməsi kimi hallar ailə dağılmasına təsir etmirmi?
Yenə təkrar edirəm ki, iqtisadi-sosial amilin əsas qaynağı sosial şəbəkələrdə, televiziya kanallarında nümayiş etdirilən reklamlardan qaynaqlanır. Sözüm hamıya aid deyil, amma bu gün “rəfiqəmə əri bahalı palto, qızıl kolye, brilyant üzük, maşın və s. aldı mən də istəyirəm” deyərək ərindən tələb edən və istəyi yerinə yetməyəndə ailəsini dağıdan “qadınlar”, həmçinin gedim özümə bahalı maşın, telefon alım, bu gün dənizdə yaxtada dostlarımla kabab yeyim evdəkilərin ehtiyaclarını sonra həll edərəm” deyərək ailə başçısı funksiyasını yerinə yetirməyən “kişilər” çoxdur. İkinci, əgər iqtisadi amil əsasdırsa, o zaman loru dil ilə desək pullarını balta kəsməyən dünyaca məşhur hollivud ulduzları, iş adamları, multi milyonerlərin böyük əksəriyyəti ən azı 4-5 dəfə evlənib, boşanıblar. Axı gərək bu tip insanların heç vaxt problemləri olmayaydı. Üçüncü, intim hormoniyaya gəlincə heç kim bu prossesin vacibliyini inkar etmir, amma bir neçə il, hətta 10-15 il evli olub da birdən-birə “bizim aramızda cinsi yaxınlıq istədiyimiz səviyyədə deyil demək nə səmimidir, nə də ailəni dağıtmaq üçün əsas. Dördüncü, iqtisadi şəraiti yaxşı olanlar intim hormoniyanın istədikləri kimi olmadığından, iqtisadi, cinsi həyatları yaxşı olanlar keçinə bilməməkdən şikayət edəcək. Qısası boşanmaq istəyənlər min bir cür bəhanə gətirəcək. Beşinci, Azərbaycanda bu qədər boşanma var deyərək, boşananları birbaşa qınamaq çıxış yolu deyil. Bəli, ailələrin bu cür sürətli artan şkala üzrə dağılması millətin faciəsidir, amma bu prosseslərin ciddi şəkildə araşdırılmasına ehtiyac var. Hələ boşanmalar azmış kimi son 5 ildə evlənmə təklifi etmə sindromu da yaranıb.
-Necə?
Baxın, oğlan bir qızdan xoşlanır, sevir. Tezliklə bu hissini qıza bildirir, zərif cinsdə bu istəyə qarşılıq verir. Altı ay, bir il, il yarım onların izdivacı olur. Elə ki, münasibətlərini rəsmləşdirməyə gələndə zərif cins nümayəndəsi dilə gələrək: “Məni sevirsən çox gözəl, mən də səni sevirəm, amma gərək mənə orijinal evlənmə təklifi edəsən ki, valeh olum”. Yəni, bir-birini istəyən cütlüklər arasında qarşılıqlı sevgi, nəvaziş olmasına baxmayaraq, oğlan üçün “necə evlilik təklif edim” kimi süni problem ortaya çıxır. Artıq bir oğlanın sevdiyə qıza mən səninlə ailə həyatı qurmaq istəyirəm deməyi kifayət etmir. Məsələn, filan oğlan yaxta kirayəliyərək öz sevdiyi qıza orda evlənmə təklifi etdi və gecəni orada keçirdilər. Yaxud filan oğlan sevgilisi olan qızı “Hilton” restoranında bahalı bir şam yeməyinə dəvət etdi, sonrada ona briliyant üzük təqdim edərək, diz çöküb həyat yoldaşım ol deyə, yalvardı. Nə qədər qız reallığı nəzərə almadan bu cür “örnək”lərin özü üçün arzu edən və bu gözləntiləri də həyata keçmədiyindən psixoloji sarsıntı, depressiya keçirir.
Qadın hesaba alınmayan çox detalı nəzərə alaraq düşünür.
-Bəs insanların beyninə yeridilən “gender bərabərliyi” ailə institunun dağılmasına öz təsirini göstərirmi?
Əlbəttə! Bilirsiniz, bizə azadlığı, gender bərabərliyini, müasirliyi təbliğ edənlər öz məqsədlərinə uyğun təbliğ edir. Eləcə də insanlarımızın böyük bir hissəsi azadlığı, müasirliyi, gender bərabərliyini tərsinə anlayır. Gender bərabərliyi insanları öz təbii vəzifələrindən uzaqlaşdırıb. Artıq insanlar problemsiz həyatı yalnız yaşamaqda görür. Bu da istehsalçıların işinə yarayır. Bu gün dünyada çox məşhur olan robot kuklalar istehsal olunur. O robot kuklalar ki, insanlarla intelektual söhbət edə biləcək səviyyədədir. Hər bir insanın cinsiyyətindən asılı olaraq həyatda bir rolu var. Yəni, qadın ilə kişinin rolları fərqlidir. Nə qədər gender bərabərliyindən danışılsa, təbliğ olunsa da, bir çox məsələlər onsuz da nəzəriyyədə qalır. Hər bir kişi qadının, eynilə hər bir qadın kişinin etdiklərini edə bilməz. Qadınlar romantik düşünən, kişilər isə daha çox fiziksəl düşünən varlıqlardır. Alimlərin araşdırmalarına görə qadın ilə kişi iki fərqli pazılın, iki fərqli detalıdır. Hər hansı kişi bir qadın gördüyü zaman çox kiçik müddət beynin düşünmə mexanizmi dayanır. Həmçinin kişi bir qadın gördüyü zaman ondan cuzi də olsa hər hansı hərəkət fərqliliyi hiss etsə, onu özünə qarşı bir jest bir jest hesab edir və 40 saniyə içində təkrar ona dönüb baxır. Qadın üçün isə, kişidə jest kifayət etmir, çünki olnar daha geniş düşünən varlıqdır. İndi deyəcəyim ifadəni xahiş edirəm xanım oxucular başqa yerə yozmasın, amma bu reallıqdır ki, qadın problemsizlikdən problem yaratmağa meyilli bir varlıqdır. Məsələn, yağışlı havada kömək etmək məqsədilə bir kişi idarə etdiyi maşınını saxlayayıb: “gedəcəyiniz yer yolumun üzərindədirsə sizi aparım” – deyə, təklif edər. Təklifi alan qadın kişinin məqsədi xaricində düşünmədiyi beynində 100 ssenari (istər müsbət, istər mənfi) qurar. Ümumiyyətlə qadın hesaba alınmayan çox detalı nəzərə alaraq düşünür. Kişilər ehtimalı az olan detalları kənar edərək, problemli situasiyalarda qadından daha sürətli düşünüb tez reaksiya verməyi bacarır. Kişinin paltarında düymələr sağ tərəfdə olduğu halda qadında soldadır və s. bu cür misallar çox çəkə bilərəm, bunların hamısının bir açıqlaması var, bu fərq boşu-boşuna ortaya qoyulmayıb. Eləcə də idman yarışları, cinayət törətdiyi zaman qadınlara qoyulan normativlər, cəzalar fərqlidir.
Uşaqları degeneratlaşdırırlar
-Murad müəllim, Skandinav ölkələri olan İsveç ilə Norveçdə uşaqları ənənəvi yolla tərbiyə etmək, uşağı öz cinsinə görə çağırmaq, davranmaq və s. inzibati və cinayət pozuntusu hesab edilir. Sizcə bu cür hal nə dərəcədə doğrudur?
Dediyiniz halla uşaqları degeneratlaşdırırlar. Bununla da homoseksualizm, transseksualizmin normal bir oriyentasiya olduğu yeridilir. Məsələn, ABŞ və bəzi Qərbi Avropa dövlətlərinin ailə qanunlarında ata-ana anlayışı, valideyn 1, valideyn 2 sözləri ilə əvəz edilib. Bu dəyişikliyin əsas səbəbi LGBT nümayəndələri rahat şəkildə övladlığa uşaq götürə bilməkləri üçündür.
-Bəzi mütəxəsislər belə hesab edir ki, homoseksual, transseksual cütlüklər tərəfindən tərbiyə edilən uşaqlar, heteroseksual ailələrdə böyüyən uşaqlarla müqayisədə daha çox fiziki, psixoloji zorakılığa məruz qalırlar. Burda həqiqət payı nə qədərdir?
Sualınıza sual ilə cavab verim : “İnsanın özünün olmadığı bir şeyə nə qədər qayğı göstərə bilər”? Bir növ ehtiyac və həvəsi olan qədər. Eyni ilə qeyri-ənənəvi oriyentasiyalı insanların himayəyə götürdükləri uşaqlara olan qayğıları öz ehtiyac, həvəsləri qədər olacaq. Təbii ki, istisna halda bəzi LGBT nümayəndələri uşaqların öz bioloji valideynlərindən daha yaxşı qəyyum ola bilər, amma bir daha təkrar edirəm bu çox istisna haldır. Əgər bir çox insanlar ümumiyyətlə cinsiyyətin olmamasını normal qəbul edirsə, onların üçün uşaq məhfumu da arxa plana keçir. Bir çox psixoloq, sosioloqlar var ki, faktlarla ortaya qoyduğu müstəqil araşdırmaları ilə verdiyiniz sualla geniş şəkildə cavab verib. Mən indi durub bir-bir onların hamısının adlarını çəkmək istəmirəm. Amma ABŞ-ın Texas Universitetinin sosiologiya üzrə elmlər doktoru Mark Reqnerusun araşdırmasını xüsusi qeyd etmək istəyirəm. Həmin sosioloq alim 2010-2012-ci illərdə həm heteroseksual, həm də qeyri oriyentasiyalı “cütlüklərin” ailəsində tərbiyə olunan uşaqlar üzərində araşdırma aparıb. Tədqiqat nəticəsində bəlli olub ki: -Övladlığa uşaq götürən homoseksual 25% dəri spid, sifilis, QİÇS, dəri zöhrəvi xəstəliklər daşıyıcısıdırlar, heteroseksual ailələrdə bu göstərici 8%-dir;
-Homoseksual ailələrdə tərbiyə olunan uşaqların qəyyumları 40%-i tez-tez xəyanətlə və ya portnyorlarını dəyişməyə məruz qalır, heteroseksual ailələrdə bu 13% təşkil edir; -Homoseksual cütlüklər tərəfindən tərbiyə olunan uşaqların 24%-i böyüdükdən sonra özlərinə qəsd etdiyi halda, heteroseksual ailələrdə böyüyən uşaqlar içərisində bu hal 5%-dir; -Homoseksual ailələrdə tərbiyə olunan uşaqların 25%-i öz qəyyumları tərəfindən məcburi şəkildə cinsi əlaqəyə məcbur edilib. Heteroseksual ailələrdə belə hal 8%-dir; -Homoseksual cütlüklər tərəfindən tərbiyə olunan uşaqların 19%-i sonralar psixoterapevtə müraciət edir, heteroseksual ailələrdə isə bu göstərici 8%-dir.
Psixoloq diplomuna sahib olmaq hələ psixoterapevt olmaq demək deyil
-Murad müəllim, nə üçün bizdə insanların böyük əksəriyyəti şəxsi, ailə, övladları ilə problemlərdə psixoterapevtə yox, mollaya, seyidə, hacıya, sınıqçıya, falçıya müraciət edirlər. Bu güvənsizlikdir yoxsa cəhalət?
Hər ikisi. Ilk növbədə onu deyim ki, insanlarımızın böyük bir hissəsi hələ də psixiatr ilə psixoloqu səhv salırlar, yəni psixoterapiyanın nə olduğunu anlamırlar. Güvənsizlik isə əsas pay sahibi verlişlərə çıxaraq özünü reklam edən “div psixoloq”ların sayəsindədir. Adlarını açıqlamaq istəmirəm, amma psixoloji problemləri olan pasiyentlərin o kateqoriyadan olan “psixoloq”ların yanına seanslara gedərək daha da vəziyyətləri ağırlaşan şəxslərin sayı həddən çoxdur.
-Yəni cəmiyyətimizdə bu qədər çox istismarçı psixoloqlar var?
-Kifayət qədər var
-Bəs insanları necə maarifləndirmək lazımdır ki, istismarçı “psixoloqların” qurbanına çevrilməsin?
-Birinci, psixoloq diplomuna sahib olmaq hələ psixoterapevt olmaq demək deyil. Ikinci, klassik psixoanalizi götürsək özü psixoanalizdən keçməyən insanın durub başqalarını psixoanaliz etməsi mümkün deyil. Lori dildə desək özünü tanımayan insan kimisə tanıya bilməz! Üçüncü, psixologiya üzrə nəzəri biliklər aldıqdan sonra psixoterapevt olmaq istəyən hər kəs bir neçə il supervayzerin rəhbərliyi altında praktika keçməlidir. Praktik fəaliyyət zamanı qaranlıq qalan, çətinlik çəkdiyin bütün mövzuları onunla müzakirə etməlisən. Yalnız bəlli bir zaman keçdikdən sonra müstəqil psixoloq kimi fəaliyyət göstərmək olar. Dördüncü, digər inkişaf etmiş ölkələrdə olduğu kimi vahid psixoloji mərkəz yaradılmalıdır. Birinci mərhələdə psixoterapevt olmaq istəyən hər kəs orda qeydiyyatdan keçməli, ikinci mərhələdə isə attestasiya imtahanı verilməlidir. İmtahan son dərəcə şəffav şəkildə aparılmalıdır. Psixoloq, psixoterapevt bilavasitə və dolayı insan taleyilə iş görür, ona görə də hər psixoloq diplomuna sahib olanlara psixoterapevt kimi fəaliyyət göstərməsinə imkan vermək olmaz! Bu gün gündəm də “hegemon psixoloqlar” televiziya verlişlərinə çıxaraq başlayırlar bəzi düzgün addım atmayan qadınları qınamağa: “siz yaxşı qadın, yaxşı ana olsaydınız yeni dünyaya gəlmiş körpənizi kiminsə qapısına atmısınız, sizin insanlığınız yoxdur” və s. bu kimi ifadələrlə qınamağa. Verlişin qapısından içəri daxil olandan çıxana qədər yalnız insanları damğalamaqla məşğul olan bu tip “psixoloqlar” anlamırlar ki, qeyd olunan xoşa gəlməyən hərəkəti edən qadının həmin situasiya anındakı psixoloji vəziyyəti mütləq nəzərə alınmalıdır. Bəlkə insanı bu işə məcbur edibdilər?
-Bəs iki-üç günlük körpəni boğub zibilliyə tullayan, benzin töküb yandıran, dənizə atan və s. bu kimi sadizm, mizantropluq, nekrofillik edənləridəmi qınamayaq?
-Xahiş edirəm ki, məni oxucular səhv anlamasın. Əlbəttə mən o cür qeyri-insani hərəkətlər edənlərə haqq qazandırmıram. Hüquqda cinayətin baş vermə səbəbi incəliyinə kimi araşdırıldığı kimi cinayət törədən şəxslərin psixoloji durumları da mütləq araşdırılmalıdır. Bəlkə bu cinayəti edən insan psixoloji, ruhi xəstədir. Psixologiyanın əqli psixologiya deyilən bir sahəsi var, həmin sahə üzrə psixoterapevtlər olan ekspertlər bu cür xoşagəlməz hallara yol vermiş şəxslər barəsində araşdırma aparıb rəy verməlidirlər.
Bir çox televiziya, şou proqramların yayımı dayandırılsın, bəzi ədəbiyyatlara mütləq senzura və ya yaş həddi qoyulmalıdır.
-Murad müəllim, abort cinayətləri də son illərdə pik həddə çatıb, hətta 2017-ci ildə 37 mindən çox abort etdirənlərdən 1600-dən çoxu yaşı 14-16 yaş arası olan məktəblilərdir. Bu göstəricilərlə hara gedirik?
-Abortun son illər daha da çoxalmasının da əsas səbəbi yuxarıda qeyd etdiyim virtual həyatın genişlənməsidir. Məsələn, beş-altı il həyatımızı yaşayaq, sonra uşaq haqqında düşünərik, əşşi geridə qalmış insanlar kimi çox uşaq etmək lazım deyil, bir uşaq bəsdir və s. bu cür düşüncədə olan insanlar çoxdur, ona görə də abort çiçəklənir. Məktəblilər içərisində abortun baş alıb getməsində isə əsas səbəbi valideynlərin övladlarına həddin artıq liberal münasibətin göstərilməsidir. Təbii ki, erkən yaşında evlilikləri də istisna etməyək. Baxın bir çox valideynlər düşünür ki, əşşi bizə böyüklərimiz çox məhdudiyyətlər qoyulub, kefimiz istədiyi kimi yaşamamışıq və s. bu kimi yalnış etiraflarından dolayı qızlarına hər yerdə yaşıl işıq yandırırlar. Hədsiz sərbəstliyə düşən qızlar da bir çox şeylərin dadına baxır. Hətta qızlar var ki, 15-16 yaşı olmasına baxmayaraq artıq yeddi-səkkiz partnyoru olub. Bütün bunlarında hamısı sonda abort hüququndan geniş istifadəyə gətirib çıxaracaq. Bu gün avropa miqrant axınının qarşısını almağa istəyir, eyni zamanda da onlara möhtacdır, çünki həmin Avropa dövlətlərinin özünün qoyduğu liberal, demokratik qanunlar demoqrafik problemə gətirib çıxardı. Baxın, Fransa kimi inkişaf etmiş bir ölkədə yuxarı orta səviyyədə yaşayan fransızların orta hesabla götürəndə bir övladları olduğu halda həmin ölkədə siyasi sığınacaq alaraq yaşayan fəhləlik edən ərəbin, afrikalı miqrantın Fransa doğumlu ən azı 3-4 uşağı var. Xüsusi halları çıxmaq şərti ilə abort cinayətdir və qadağan olunmalıdır. Eləcə də psixoloqlar, sosioloqlar, ictimai və din xadimləri xalqa abortun millət üçün faciəyə gətirib çıxaracağı ilə bağlı maarifləndirmə aparılmalıdır.
-Erkən nikahların qarşısını almaq üçün nə təklif edərdiniz?
Birinci növbədə bir çox televiziya, şou proqramların yayımı dayandırılmalı, bəzi ədəbiyyatlara mütləq senzura və yaş həddi qoyulmalıdır. Bu gün beş dəfə ailə həyatı qurub boşanan insanları ailə səadətindən, heç vaxt ailə həyatı qurmayan birindən necə yaxşı valideyn olmaq barədə efirə çıxarıb danışdırırlar. Ailə, uşaqlar, necə valideyn olmaq lazımdır kimi xüsusi mövzulara bu tip insanların çıxarıb, fikirlər bildirməsi yolverilməzdir. Sonra insanlara uşaqlıqdan ailənin nə olduğu, sağlam ailə modeli düzgün aşılanmalıdır, hətta bu barədə dərsliklər də hazırlanaraq orta və ali məktəblərə pulsuz paylanılmalı və tədris edilməlidir. Həmin kitablarda mədəniyyətimiz, ailə dəyərlərimiz təbliğ olunmalı, başqa mədəniyyətlər ilə ailə dəyərlərimizin fərqləri ortaya qoyulmalıdır. Həmçinin bu cür mövzularla bağlı televiziya verlişləri yaradılmalıdır. İndiki dövrdə siqaret çəkməz olmaz, homoseksuallıq, erkən nikah, abort pisdir deməklə iş bitmir, mütləq o olmazın açıqlaması olmalıdır. Mümkün qədər hər bir valideyn övladı üçün müsbət nümunə modeli olmalıdır.
-Son olaraq nə demək istərdiniz?
İnsanlara hər sahədə özlərini inkişaf etdirmələrini məsləhət görərdim. Dünyagörüşü geniş olan insanların özlərinin fərdi düşüncə modeli olacaq, qarşısındakıların doğru və ya səhv olduğunu daha tez anlayacaq. Doğru düşüncə, dərketmə olmadığı müddətdə qalan məsələlər boşdur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?