Jurnalist 5 illik həbsdən sonra Amerikanın Səsinə müsahibə verib
Jurnalist Seymur Həzi Amerikanın Səsinə müsahibəsində cəzaçəkmə yerlərində vəziyyət və gələcək fəaliyyətindən danışıb.
Amerikanın Səsi: Seymur bəy, siz 5 ildən sonra azadlığa çıxdınız. Sizin həbs olunduğunuz vaxtla müqayisədə ölkədə hansı dəyişiklikləri müşahidə edirsiniz?
Çox təəssüflər olsun ki, Azərbaycanda 5 il əvvəlki vaxt ilə bugünki gün arasında prinsipial fərq yoxdur. Ölkə sanki durğunluq dövrünü yaşayır.
Seymur Həzi: Prinsip etibarı ilə gözlə görünən xüsusi dəyişikliklər baş verməyib. Çox təəssüflər olsun ki, Azərbaycanda 5 il əvvəlki vaxt ilə bugünki gün arasında prinsipial fərq yoxdur. Ölkə sanki durğunluq dövrünü yaşayır. Ancaq bəzi dəyişikliklər olub. Məsələn, referendum keçirilib ölkədə və İlham Əliyev hakimiyyəti dövlət çevrilişi proyektinin növbəti bir mərhələsini başa çatdırıb. Azərbaycan Konstitusiyasında dəyişikliklər eləyib və bu, qeyri- legitim olub. Onun nəticələri də Azərbaycan xalqının mənafeyiləri ilə qətiyyən uyğun gəlmir. Bundan başqa, aprel döyüşləri olub və aprel döyüşləri məsələsinə çox xüsusi münasibət var. Azərbaycan Silahlı Qüvvələrinin uğurları ilə hakimiyyətin siyasəti arasında ziddiyyətlər var və bu hadisə baş verib. Nəhayət, Azərbaycan beynəlxalq birliklə bir neçə dəfə münasibət qurmağa cəhd edib, amma özünün mahiyyət etibarı ilə ürəyindən keçənlərə sadiq qalıb və yenidən 0 nöqtəsinə qayıdıb.
Amerikanın Səsi: Həbsxanada rastlaşdığınız əsas çətinliklər hansılar idi? Ümumilikdə həbsxanadakı real durum necədir?
Ümumi şəraitə qiymət verəndə, belə demək olar ki, Azərbaycan ədliyyə sistemində islahatlara ehtiyac var.
Seymur Həzi: Bilirsiniz,ən müxtəlif səbəblərdən həbs olunmuş insanlarla birlikdə olmaq, bu mənzərəyə obyektiv qiymət vermək imkanını insanın əlindən alır. Çünki orada hər kəs siyasi məhbus deyil. Hər kəs ali təhsilli və yaxud əqidəsinə görə həbs olunmuş adamlar deyil. Əlbəttə orada cinayətinə görə həbs olunan insanlar da var. Ümumi şəraitə qiymət verəndə, belə demək olar ki, Azərbaycan ədliyyə sistemində islahatlara ehtiyac var. Bu islahatlar şəxslərlə, vəziyyətlərlə bağlı deyil. Bu islahatlar ümumiyyətlə cəza və islah siyasətinə yanaşma ilə bağlıdır. Azərbaycanda cəza, islah siyasəti çox bərbad vəziyyətdədir. Xüsusilə yerləşmə ilə bağlı belədir. Yeni həbs olunmuşlarla, köhnə həbs olunmuşların birlikdə olması, cinayət vərdişlərinin yayılması və sair məsələlər çox ciddir. Bu siyasi məsələdir. Bu hüquqi məsələ deyil. Hakimiyyət iradə göstərməlidir. İnsanları islah eləmək istədiyi və ya artıq islah olunmayan qruplarla bir yerə salmamalıdır. Misal üçün, insan əvvəllər bir neçə dəfə həbs olunur, sonradan cəza müddətini ödəyir və 3-4 ilə yenidən həbs olunur və o gəlir ümumi rejimə. O da gəlir yeni həbs olunmuş gənclərlə bir yerə düşür. O gənclərin ağlına gəlməyən vərdişləri onlara aşılayır. Bu bir məsələdir. Xüsusilə, bu sistemdə zabit heyətinin çatışmamazlığı hiss olunur. Bu da siyasi məsələdir. Hakimiyyət iradə göstərməlidir. Kadrların yetişməsində təşəbbüs göstərməlidir. Çünki kadrlar normal olmayanda əl altında vasitələrdən istifadə olunmaq məcburiyyəti yaranır. Bu isə ümumilikdə işin axsamasına gətirib çıxardır.
Amerikanın səsi: Gələcək planlarınız barədə nə deyə bilərsiniz? Fəaliyyətinizi jurnalist, yoxsa siyasətçi kimi davam etdirəcəksiniz?
Mən özümü jurnalistdən çox siyasətçi kimi sayıram.
Seymur Həzi: Bu sualı eşidəndə mənim ağlıma cəbhə xətti gəldi. Sanki biz döyüş şəraitindəyik. Bir zabitdən soruşursunuz ki, siz yaralı əsgəri də sarıyacaqsınızmı? Əslində bizim fəaliyyətimizin bir-biri ilə bağlı olması belədir. Biz lazım olanda həkim, lazım olanda döyüşçü, lazım olanda tankçı ola bilirik. Çünki bu döyüşdür. Burada ümumi işin mənafeyinə nə xidmət edəcəksə onunla məşğul olacağıq. Mənim də siyasət, jurnalistika arasında xüsusi bir seçim etmək fikrim yoxdur. Mən əlbəttə ki, ilk olaraq siyasətə gəlmişəm. Siyasətlə məşğul olmaq istəmişəm. Xalq Cəbhəsi Partiyasına gəlmişəm. Düzdür çalışmışam ki, siyasətlə məşğul olduğum müddətlə, jurnalistika ilə məşğul olduğum müddət paralelləşəndə, bu paralellikdə partiya vicdanım ilə jurnalist vicdanım arasındakı balansı qoruya bilim. Şəxsi fikirlərimi ayrıca yazmışam. Xəbərlərə, reporatajlara münasibətim ayrıca olub. Elə faktlar olub ki, ona münasibət bildirməməyə çalışmışam. Ancaq beləliklə də mənim reportyor fəaliyyətim o qədər də qabarıq olmadığına görə məni əqidəsinə xəyanət eləmiş jurnalist saymaq olmaz. Çünki adətən reportyor fəaliyyətində belə şeylər üzə çıxır. Mən daha çox şərhlər yazmaqla məşğul olmuşam. Hadisələrə münasibət bildirmişəm. Siyasi analizlər eləmişəm. Bu mənada vəziyyət o qədər də qarışıq olmayıb. Hər halda bundan sonra AXCP-də fəaliyyətimi davam etdirmək istəyirəm və Azərbaycanın demokratiyası uğrunda hər hansı yeni bir platforma ortaya çıxacaqsa, demokratik qüvvələrin, ideyaların təsiri altında o platformada da fəaliyyət göstərməyə çalışacam. Bu gün reallıq ondan ibarətdir ki, biz AXCP və Milli Şuradayıq. Onların fəaliyyəti hələ ki ən avanqard fəaliyyət hesab olunur. Mən oradayam. Əgər xalqın mənafeləri tələb eləyəcəksə hər iki qurumda əlimdən gələni eləyəcəm. Mən özümü jurnalistdən çox siyasətçi kimi sayıram. Düşünürəm ki, ilk seçimimə sadiqəm. Bu işləri görəcəm. Jurnalistikada daha çox siyasi analizlərlə, əvvəllər olduğu kimi, fəaliyyət göstərəcəm. Ola bilsin ki, video bloklar eləyəcəm. Lazım olacaqsa reportyorluq da eləyə bilərəm. Əgər bu bizim işimiz üçün vacib olacaqsa sizlərə də kömək eləyəcəm. Bütün hallarda heç kimi tək buraxmaq fikrim yoxdur. Hamı ilə birlikdəyəm.
Sorğu
Yeni dizaynımız necədir?