Keçmiş icra başçısı, hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Musayev iqtidar partiyasından şəxsi məqsədləri üçün yararlananları hədəfə alıb.
Gundemxeber.Az xəbər verir ki, Musa Musayev iradlarını mərhum Heydər Əliyevin 1993-cü ildə YAP-ın tədbirlərindən birində etdiyi çıxışı xatırlatmaqla bildirib. O həmçinin 1993-cü ildə bəzi partiyadaşları tərəfindən qısqanclıqla qarşılandığını da qeyd edib:
“1993-cü ilin fevral ayında YAP-ın sədri Heyder Əliyev partiyanın Nərimanov metrosunun yanında - indi orada Bakı şəhər Vergilər Departamenti yerləşir –yerləşən qərargahında Bakı şəhərinin 11 rayon təşkilatının, Sumqayıt şəhəri və Abşeron rayon təşkilatlarının sədrləri və YAP-ın Siyasi Şurasının üzvləri, fəalları ilə geniş müşavirə keçirdi.
Partiyanın sədr müavini Əli Nağıyev geniş məruzə ilə çıxış etdikdən sonra YAP-ın Nəsimi rayon təşkilatının sədri kimi ilk söz mənə verildi. Tribunada Heydər Əliyev, Bəylər Əyyubov və Əli Nağıyev oturmuşdu. Mən özümü təqdim etdim və çıxışa başladım. Onda YAP-ın Nəsimi rayon təşkilatında 1347 nəfər üzv, 460 nəfər təəssübkeş təmsil olunurdu (Bakının digər 10 rayonunda birlikdə bu qədər üzv yox idi).
Mən ətraflı məlumat verdikdən sonra digər təşkilat sədrləri də hesabat verdilər. Yekunda partiyamızın sədri Heydər Əliyev çıxışa başladı və ilk sözü bu oldu: “Kim qara niyyətlə bu partiyaya gəlirsə, onlara imkan verməyin. Vaxtilə mənim vəzifə verdiyim insanlar sonradan üzüdönüklük etdilər və mənim əleyhimə çıxdılar. Mənə qarşı şər, böhtan, iftira kampaniyasına başladılar. Odur ki, mən sizə məsləhət görürəm ki, hər adamı YAP-a qəbul etməyin! İnsanları hərtərəfli öyrənin və sınaqdan keçirib partiyamıza qebul edin”.
Tədbirin sonunda məni İdarə Heyətinin üzvləri ilə birlikdə qəbul etdi və dedi: “Musa, mən Moskvaya nəvələrimi görməyə gedirəm, sənin təşkilatın güclü təşkilatdır, qısa müddətdə bu qədər üzv qəbul etmisən. Konfransını təşkil et, mən Moskvadan qayıdanda YAP Nəsimi rayon təşkilatının konfransında iştirak edəcəyəm. Mən də çox həvəslə özək təşkilatlarında iclaslar keçirdim, konfransa nümayəndələr seçdik. Opera Balet teatrının rəhbərliyi ilə danışıb konfransın keçirilməsi tarixini təyin etdik, dəvətli qonaqların siyahısını yazdıq və təşkilati işləri gördük.
Təəssüflər olsun ki, indi olduğu kimi onda da mənə qısqanclıqla yanaşan insanlar YAP-ın İdarə Heyətində təmsil olunanlar konfransı keçirməyimə mane oldular (Həmin insanlar dünyasını dəyişdikləri üçün adlarını çəkmirəm. Bəylər Əyyubov, Əli Nağıyev, Xeyrəddin Qoca, Yaqub Əliyev, Arif Rəhimzadə, deputat Aydın Hüseynov (onda Qaradağ YAP-da müavin idi ), Asya Manafova şahidlərdir).
Heydər Əliyev Moskvadan qayıdanda isə ona deyiblər ki, Musa Musayev bizi eşitmir, heç kimlə hesablaşmır, partiyaya öz qohumlarını və dostlarını yığıb və s. Onda yaxın adamları YAP-a qəbul etmək cəsarət tələb edirdi . Biz 6 qardaş, 2 əmioğlu və yaxınlarımın hamısı partiyanın üzvləri idilər. O zaman üçün bu qəhramanlıq sayılırdı. Bir sözlə, indi olduğu kimi o vaxtlarda da mərdiməzarlar və qısqanclar olub və olacaq! Allah bizləri onlardan qorusun! Amin! Atalar demişkən, nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı! İndi danışmağa nə var ki, tarixdən və keçmişdən xəbəri olmayanlar meydan sulayırlar”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?