YAP İdarə Heyətinin tərkibində bəzi dəyişiklik edib
Bu gün Bakıda, “Buta” sarayında Yeni Azərbaycan Partiyasının (YAP) V qurultayı keçirilib.Qurultayda partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində YAP-ın namizədi élan olunub. İlham Əliyev həm də yekdil səslə yenidən YAP-ın sədri seçilib.
Sonra partiyanın Siyasi Şurasının 90 nəfərdən, idarə heyətinin 21 nəfərdən ibarət tərkibləri, partiyanın sədr müavinləri, icra katibi, icra katibinin müavinləri və mərkəzi nəzarət-təftiş komissiyasının üzvləri seçilib. Qurultaya yekun vuran Prezident, YAP-ın sədri İlham Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib və öz fəaliyyəti ilə bu etimadı doğruldacağını bəyan edib.
Modern.az saytına məlum olub ki, qurultay YAP İdarə Heyətinin tərkibində cüzi dəyişiklik edib. Belə ki, indiyədək İdarə Heyətində 19 nəfər təmsil olunurdusa, bundan sonra qurumda 21 nəfər olacaq. YAP-ın yeni sədr müavinləri Mehriban Əliyeva, Əli Həsənov və Akif Əlizadə avtomatik olaraq İdarə Heyətinə düşüblər. Əvəzində köhnə İdarə Heyətində yer alan sabiq təhsil naziri Misir Mərdanov qurumdan kənarlaşdırılıb.
Xəbəri YAP-dan təsdiqləyiblər.
Keçmiş təhsil naziri Misir Mərdanov bir müddət öncə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitunun direktoru vəzifəsinə təyin edilib.
M.Mərdanov 1971-ci ildən 1989-cu ilədək ADU-nun mexanika-riyaziyyat fakültəsində müəllim, baş müəllim, dosent, 1978-ci ildən 1989-cu ilə kimi dekan müavini vəzifələrində çalışıb.
1989-1992-ci illərdə Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyində ali təhsil idarəsinin rəisi, təhsil nazirinin müavini işləyib.
1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə Universitetin rektoru olub.
1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Uzun illərdir YAP-ın İdarə Heyətində təmsil olunurdu.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?