Sosial şəbəkələrdə müəllimlər daha çox qarşılaşdıqları problemlərdən biri kimi əməkhaqqı kartlarının verilməsi zamanı banklarda yaranan növbələrdən şikayət edirlər.
Millət vəkili Fazil Mustafa da bu problemə toxunub və həlli istiqamətində təkliflərini irəli sürüb. Sputnik Azərbaycan-a danışan millət vəkili deyib ki, banklar vətəndaşlara keyfiyyətli xidmət göstərsələr, belə problemlər də yaranmaz:
"Vətəndaş borclu deyil ki, işini-gücünü atıb bir neçə gün bankın qarşısında növbə gözləsin. Vətəndaş səhər tezdən növbə tutmalıdır ki, nə var-nə var maaş kartı alacaq?! Bu problemin bir yolu tapılmalıdır. Yəni, bir bankın gücü çatmırsa, o zaman digər banklar da prosesə cəlb olunmalıdır. Bütün müəllimləri bir banka cəmləmək düzgün deyil. Xüsusən də işin-gücün bol olduğu, onlayn təhsilin həyata keçirildiyi bir vaxtda müəllimi bu formada kart almaq üçün banklara cəlb etmək düzgün deyil. Çıxış yolları tapılmalıdır". Millət vəkili deyir ki, əməkhaqqı kartlarını direktorlar vasitəsilə paylamaq, yaxud da yerində çatdırmaqla problemi həll etmək olar: "Düzdür, bankların da çətinliyi çoxdur. Lakin bankın da o qədər əməkdaşı yoxdur ki, bunu etsin. Amma bununla belə, müəllimi yoraraq onu 3-4 gün qapının ağızında saxlamaq, əziyyət vermək düzgün deyil. Yəni, bu gün dünyanın heç bir yerində belə əziyyətlə kart almaq prosesi yoxdur".
Təhsil üzrə ekspert Məlahət Mürşüdlü Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ona da müəllimlər əməkhaqqı kartının alınması zamanı problemlə qarşılaşdıqlarını bildiriblər:
"4-5 il öncə əməkhaqqı kartları pulsuz şəkildə məktəblərə verilirdi. Düşünürəm ki, indiki şəraitdə ən uyğun variantlardan biri də budur. Bununla müəllimin vaxt itkisinin, eyni zamanda da növbələrin yaranmasının, riskin qarşısı alınacaq. Bu problemin həlli istiqamətində təklif olaraq deyə bilərəm ki, hər rayonun müəllimlərinin əməkhaqqı kartını alması üçün rayonlarda xüsusi gün təyin olunmalıdır. Yəni, bu cür növbəlilik prisnipi ilə də sözügedən problemin, narazılığın qarşısını almaq olar". Ekspert də əməkhaqlarının yalnız bir bankdan alınmasının tərəfdarı deyil.
"Kapital Bank"ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bu məsələ ilə əlaqədar Sputnik Azərbaycan-a bildirib ki, bu ilin mart ayından başlayaraq pandemiya ilə əlaqədar olaraq "Kapital Bank" tərəfindən təhsil, sosial müavinət, ünvanlı sosial yardım və əmək pensiyası alanların kartlarının müddəti bir neçə aylıq uzadılıb. Hazırda sentyabr ayının sonunda bu kateqoriyaya düşən bəzi kartların müddəti bitir və köhnə kartlar yeniləri ilə əvəz olunmalıdır.
Konkret olaraq təhsil kartlarına gəldikdə, bankın nümayəndəsi deyib ki, yeni kartlar sifariş olunaraq təhsil müəssisələrinə göndərilir və filiallara gəlməyə ehtiyac yoxdur. Sadəcə, bəzi kart sahiblərinə işlədikləri yerdən düzgün məlumat verilmir və həmin şəxslər birbaşa filiallara gelir. Bu səbəbdən də növbələr yaranır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?