Dəmir Yol Xəstəxanasında həyatını itirən 23 yaşlı Həlimə Əzimovanın ürək göynədən hekayəsi Şərif Quliyev həyat yoldaşının ölüm səbəbləri haqda detallı faktlar açıqladı; “Yoldaşımın ölümünə bais olan həkim indiyədək mənə başsağlığı verməyib” “Tez-tez pillələri qalxaraq qapıları bir-bir açıb, yoldaşımı axtardım. Onu əməliyyat stolunda tapdım. Eləcə də qalmışdı. Nəbzini yoxladım, ürəyini dinlədim. Səs yox idi. Keçinmişdi...”
Həkimlərin uğursuz müdaxiləsi nəticəsində doğuş zamanı həyat yoldaşını itirən Şərif Sabir oğlu Quliyev mövcud durumu ictimailəşdirmək niyyəti ilə redaksiyamıza müraciət edib. Hadisəni iyerarxik modelə müvafiq sadalayan Şərif bəy, proseslərin bugünədək mətbuatda təhriflə verildiyindən də şikayət etdi.
Belə ki, o, həyat yoldaşı 23 yaşlı Həlimə Akif qızı Əzimovanın doğuşdan bir gün öncə Dəmiryolu Xəstəxanasına aparıldığını bildirdi. (Qeyd edək ki, Ş.Quliyev özü dəmiryolçu olduğuna görə, sözügedən xəstəxanaya müraciət ediblər.) Halbu ki, informasiya saytlarının yayımladığı məlumatlarda deyilir ki, xəstə səhər saatlarında aparılıb. Ondan başqa yayımlanan xəbərlərdə uşağın vəziyyəti normal qeyd olunmasına rəğmən körpənin sağ qolu zədəlidir. Baş nahiyəsində də cızıqlar müşahidə olunur.
İndi isə hadisənin təfərrüatları barədə məlumatları Şərif Quliyevin nəql etdiyi şəkildə nəzərinizə çatdırırıq:
“Həyat yoldaşım hamiləliyin ilkin dönəmindən etibarən mütəmadi olaraq 2 saylı Qadın Məsləhətxanasında yoxlamadan keçirdi. Hamiləliyin 7-ci ayı tamam olduqda isə onların işi yekunlaşdı və artıq yoldaşımın doğuşu həyata keçirəcəyi həkimin nəzarətində olaması gərəkdiyi bildirildi. Belə də oldu. Həyat yoldaşım Dövlət Dəmiryol İdarəsinə tabe Dəmiryol Xəstəxanasının həkimi Nigar Abdullayevaya doğuşla bağlı müraciət etdi. Həyat yoldaşım 2 ay müddətində həmin xanımın nəzarətində oldu. Bütün zəruri prosedurlardan keçdi. Həkimin təxmini ilə doğuş sentyabr ayının 24-25-də olmalı idi. Lakin doğuş gecikdi. Biz ayın 27-ində xəstəxanaya getdik. Nigar xanım doğuş gecikdiyi üçün həyat yoldaşıma sancı gətirici preparat təyin edərək, bizi evə göndərdi. İynələr hər iki saatdan bir vurulmalı idi. Saat 19:30-da sonuncu iynə də vuruldu. Bundan sonra saat 22 radələrində xəstəxanaya gəldik. Yoldaşım deyirdi ki, hələ də sancısı yoxdur. Həyat yoldaşımla qayınanamı xəstəxanaya qoyub evə qayıtdım. Gecə saat 1 olardı, mənə zəng gəldi. Həkimin mənlə danışmaq istədiyini dedilər. Saat 2-yə 10 dəqiqə işləmiş xəstəxanaya çatdım. Nigar xanımla doğuşdan əvvəl görüşüb, danışdım. Həkim doğuş üçün suyun artıq axıb getdiyini və hələ də sancı müşahidə olunmadığını söylədi. Dedi ki, hazırda bir xəstə yuxarıda əməliyyat olunur. Əgər sancı başlamasa yoldaşımı əməliyyat edəcəklər. Qeysəriyyə əməliyyatına da özünün məsul olacağını söylədi. Onu da nəzərinizə çatdırım ki, bugünədək bizə heç kim deməyib doğuş qeysəriyyə vasitəsilə ilə, ya da təbii şəkildə olacaqdır. Nə də yoldaşımın bir xəstəliyi olduğunu bildirməyiblər. Uşaq barədə isə hər şey qaydasında idi. 4 kilo 200 qram olacağı da əvvəlcədən məlum idi. Əlqərəz, biz bütün gecəni gözlədik. Gecə saat 4-5 radələrində ara qarışdı. Mən tez-tez qayınanamın yanına gedib yoldaşımın vəziyyətini soruşurdum. O isə deyirdi ki, qızın yaman ağırılı səsi gəlir. Çətindir deyəsən vəziyyəti. Bir də gecə saat 5 olardı ki, sürətlə bir taksi xəstəxananın həyətinə daxil oldu. Bir qoca qadın təlaşla düşüb binaya daxil oldu. Belə olan halda vəziyyətin yaxşı olmadığı ilə bağlı şübhələrim baş qaldırdı. Bir müddət sonra isə bir neçə maşın xəstəxanaya daxil oldu. Mənə rəsmi heç nə bildirilməsə də tibb bacılarından, xəstəxanada olanlardan eşitdim ki, Mərkəzi Klinik Xəstəxanasının və Neftçilər Xəstəxanasının mütəxəssisləri işə cəlb olunub. Elə gəzən söz-söhbətlərdən də saat 5 radələrində bir oğlan uşağının dünyaya gəldiyini duydum. Artıq əsəb gərginliyi son həddə idi. İnandırım sizi, mən inanclı insanam deyə özümü ələ ala bildim, bəlkə də başqası olsa idi havalanardı. Bu ana qədər isə mənə heç bir rəsmi məlumat verilməmişdi”.
Şərif Quliyev deyir ki, həkimlər həmin vaxtlarda yoldaşına təcili qan lazım olduğunu bildiriblər: “Bizə tələbnamə verərək, Respublika Mərkəzi Qan Bankına göndərdilər. Oradan qan vermədilər. Məcburən Neftçilər Xəstəxanasına getdik. 500 qram qanı 115 manata aldıq. Qayıdandan xəstəxanada sanki ağlaşma idi. Həkimlər də bütün personaj da vəziyyətin gərginliyini hiss etdirirdilər. Bir neçə dəqiqə sonra yenə təcili qan gərəkdiyini dedilər. Yenidən Neftçilər Xəstəxanasına yola düşdüm. 330 manata 1 litr qan alıb, geri qayıtdım. Bu vaxtacan isə qohum-əqrəbadan da xeyli adam gəlmişdi. Səhər saat 8-9 arası xəstəxananın şöbə müdiri Sveta xanım mənə yaxınlaşaraq xəstənin vəziyyətinin çox ağır olduğunu dedi. Gecəyarıdan səhərəcən isə heç bir həkim aşağı düşmədi. Nə də bir xəbər vermirdilər. Axır biz qapını döydükdən sonra həkimlər aşağı düşdü. Bu zaman artıq polislər də gəlmişdi. Həkim bir nəfərlə danışmaq istədiyini bildirdi. Dostum ona yaxınlaşdı. Elə ilk sözlərindən dostum özünü saxlaya bilməyib, ağlayanda anladım ki, yoldaşım dünyasını dəyişib. Tez-tez pillələri qalxaraq qapıları bir-bir açıb, yoldaşımı axtardım. Onu əməliyyat stolunda tapdım. Eləcə də qalmışdı. Nəbzini yoxladım, ürəyini dinlədim. Səs yox idi”.
Ş.Quliyev deyir ki, xəstəxanaya gələn polislər arasında mülki geyimdə olanlar da vardı: “Yoldaşımı Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizasına aparılacağını bildirdilər. Açığı əvvəl düşündüm ki, olan olub niyə onun meyitini yardırım. Amma dedilər ki, mən istəsəm də, istəməsəm də bu, baş verməlidir. Nəzərinizə çatdırım ki, bütün bu proseslər baş verən müddətdə Nigar xanımın qardaşı da orada imiş. Hətta Məhkəmə-Tibbi Ekspertizasının binasına daxil olduğunu da gördüm”.
Məhkəmə-Tibbi Ekspertizasının ilkin rəyi isə belə olub ki, xəstə doğuş zamanı yaranmış qanxamadan dünyasını dəyişib: “Onu Şüvəlandakı qəbiristanlıqda dəfn etdik”.
Müsahibim bildirdi ki, hazırda uşaq həmin xəstəxanadadır. Hər gün ona baş çəkirlər: “Deyirlər göbəyi düşmədən çıxarmaq olmaz”.
Ş.Quliyev başına gələn bu faciəni ictimailəşdirməkdə məqsədinin heç olmasa bundan sonra belə hadisələrin baş verməsinin qarşısının alınması olduğunu deyir: “İnsanlarımız bu tip olaylara biganə qalmasınlar. Yaxınlarını əmin əllərə təslim etsinlər”.
Ş.Quliyev bildirir ki, nə həkim Nigar Abdullayeva, nə də onun yaxınları şəxsən onun özünə indiyədək başsağlığı veməyiblər: “Xəstəxananın kollektivinin nümayəndələrindən qadın məclisində iştirak edənlər bildiyim qədərilə olubdur. Nigar xanım isə insanlıq edərək yasa gəlib, üzürxahlıq etməyib, başsağlığı verməyib. Dünən (red.birisigün) xəstəxanaya gedəndə Nigar xanımla üz-üzə gəldik. Nə salam verdi, nə bir söz dedi. Sanki heç məni görməmiş kimi davranaraq uzaqlaşdı”.
Ş.Quliyev oktyabrın 2-də hadisə ilə bağlı Nəsimi rayon Prokurorluğunda izahat verib.
Nəsimi rayon prokurorunun köməkçisi Şəbnəm İbrahimovanın sözlərinə görə, hazırda prokurorluqda hadisə ilə bağlı araşdırma aparılır.
“Sentyabrın 28-i səhər saat 7-də Həlimə Akif qızı Əzimova dünyasını dəyişib. Hazırda araşdırma prosesi davam edir. Meyit ekspertizaya verilib. 1 ay sonra ekspertizanın nəticəsi məlum olanda ölümün səbəbini dəqiq biləcəyik. Nəticə məlum olduqda bu barədə informasiya verəcəyik”.
Doğuşa məsul həkim Nigar Abdullayeva ilə əlaqə saxlamaq istəsək də onun mobil əlaqə vasitəsi söndürülmüşdü (musavat.com).
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?