Bu gün Rusiyanın Xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Soçidə təkbətək formatda görüş keçirib. Nazirlər prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında davamlı dialoqun və etimadın yüksək səviyyəsinin yalnız ikitərəfli deyil, həm də regional əlaqələrin inkişafı üçün vacib rol oynadığını qeyd ediblər.
Görüş zamanı siyasi dialoq, iqtisadiyyat, mədəniyyət, humanitar mübadilə, dini əlaqələr və turizm sahəsindəki əməkdaşlıqlar müzakirə edilib. Nazirlər həmçinin prioritet məsələ sayılan Dağlıq Qarabağ mövzusu ətrafında da fikir mübadiləsi aparıblar.
Toplantıda Rusiya və Türkiyə Xarici işlər nazirlikləri arasında 2021-2021-ci illər üçün Məsləhətləşmələr Planı da imzalanıb.
Məlum görüşü “Sherg.az”a şərh edən sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov Türkiyə və Rusiya əməkdaşlığının müxtəlif istiqamətlərdə inkişaf etdiyini deyib:
“Bunun da müəyyən səbəbləri var: həm Türkiyə, həm də Rusiyanın Qərblə mürəkkəb münasibətləri mövcuddur. Eyni zamanda onların bölgə ilə əlaqədar maraqları və mövqeləri bəllidir. Artıq bir neçə ildir ki, Türkiyə və Rusiya arasında olan əməkdaşlıq formatı bəzi qüvvələri narahat edir. Lakin bu formatın olması, həmçinin iki ölkə arasındakı əlaqələrin güclənməsi ölkəmizin marağındadır”.
T.Zülfüqarovun sözlərinə görə, müharibə vaxtı Türkiyə və Rusiya əməkdaşlığı ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün bərpasında mühüm rol oynadı:
“Təbii ki, bu əməkdaşlığa qarşı çıxanlar çoxdur. Ermənilər geopolitik baxımdan özlərini yaddan çıxmış ölkə kimi hiss edirlər. Türkiyə və Rusiya arasındakı fəaliyyətin bir hissəsi də qərbə qarşıdır. Türkiyə və Rusiyada hər iki ölkə arasındakı münasibətləri qəbul etməyənlər var. Təəccüblüsü budur ki, Azərbaycanda da belələrinə rast gəlmək olur. Qəribədir ki, ermənilərin xoşuna gəlməyən formata Azərbaycanda da qarşı çıxanlar var”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?