Bu günlərdə Bakı İslam Universiteti məzunlarının sosial mediada aktiv olaraq tanınmayan diplom problemlərindən danışdıqlarına şahid oluruq. Cəmiyyətin bir çox sahələrində fəaliyyət göstərən Bakı İslam Universitenin məzunları mətbuat vasitəsilə diplom problemlərini həll edə bilmədiklərini dilə gətirirlər.
Bu minvalla Yeniavaz.com saytı olaraq bir qrup Bakı İslam Universitetinin məzunundan yaşadıqları problemlə bağlı müsahibə aldıq.
Həmin reportajı təqdim edirik:
- Buyurun, özünüzü təqdim edin... - Mən Sahib Altay. Bakı İslam Universitetinə 2008-ci ildə qəbul olmuş, 2013-cü ildə də həmin universitetdən məzun olmuşam. Qeyd edim ki, mən əvvəlcə Bakı Dövlət Universitetinə Dövlət İmtahan Mərkəzinin apardığı dövlət imtahanı nəticəsində qəbul olmuşam. Müəyyən səbəblərə görə transfer yolu ilə Bakı İslam Universitetində keçmiş və təhsilimi burada davam etdirmişəm.
- Bu gün yaranan problem əsasən nədən ibarətdir? - Yaranan problem budur ki, Bakı İslam Universitetinə 2009-cu ildən əvvəl qəbul olmuş məzunların diplomları bu gün heç bir dövlət orqanı tərəfindən tanınmır. Təhsil Nazirliyi 2009-ci ildən əvvəl, yəni hələ universitetə qəbulun daxili imtahan yolu ilə aparıldığı dövrlərdə qəbul olan tələbələrin diplomlarını yox sayır. Qanunvericiliyə əsasən diplomların tanınması, ya da tanınmaması üç status şəklində dəyərləndirilir. Var attestasiya komitəsinin qeydiyyatından keçmiş diplomlar. Bunlar bir başa qəbul olunan diplomlardır. Var saxta diplomlar ki, heç bir təhsil prosesi keçilmədiyi halda qeyri-qanuni olaraq əldə olunur. Bunu biz illər öncə Beynəlxalq Universitetin fəaliyyətində görmüşdük. Bir də var diplom nümunəvi olmayan diplomlar. Bunlar saxta diplomlar hesab olunmur. Məhkəmə qərarına əsasən Bakı İslam Universitetinin məzunlarının diplomları saxta diplomlar sayılmır, sadəcə dövlət nümunəvi deyil. Bizim də tələbimiz odur ki, bizim diplomlarımız dövlət nümunəvi diplomlarla əvəz edilsin.
- Bu problemlərlə nə vaxtdan üzləşirsiniz? - Əslində bu problemlər çoxdan üzə çıxıb. Diplomlarımız Təhsil Nazirliyi tərəfindən tanınmadığına görə dövlət qurumlarında işləyə, ikinci ali təhsil ala, Azərbaycan daxilində magistr təhsilinə başlaya bilmirik. Bu problemləri Bakı İslam Universitetinin 3550 məzunu deyərdim ki, uzun illərdir yaşayıb və yaşayırlar. Sadəcə olaraq bu problemimizə qulaq verən, məsələni həll edən bir dövlət qurumu hələ ortaya çıxmayıb.
- Səhv etmirəmsə məzunlar içərisindən toplu halda, ya da fərdi şəkildə məhkəməyə müraciət edənlər olub. Hansı nəticələri əldə etmisiniz? - Bu problemlə qarşılaşan məzunlar olaraq ayrı-ayrılıqda və bir-birimizdən xəbərimiz olmadan mübarizə aparmışıq. Bu minvalla ortada çoxsaylı məhkəmə qərarları, məhkəmə prosesləri var. Qarşılaşdığımız bu çətin şərtlərdən onu da gördük ki, məsələdə həm də xeyli ziddiyyətli məqamlar var. Misal üçün, Bakı İslam Universitetinin məzunları arasında iki nəfər eyni məhkəməyə müraciət eləyib, eyni hakimin rəhbərliyi altında məhkəmə prosesi keçib, iki ay vaxt aralığı ilə birinin diplomu təsdiq olunub, digərinin diplomu təsdiq olunmayıb. Halbuki bu iki məzun Bakı İslam Universitetində eyni qrupda oxuyublar, sinif yoldaşıdırlar, eyni ildə eyni universiteti bitiriblər.
- Bakı İslam Universitetinin məzunları Türkiyədə magistr təhsili ala bilirlər. Bəs bu necə olur? - Məsələ budur ki, bu universitetin diplomu ilə mən gedib Türkiyədə magistr təhsili almışam. Hazırda doktorantura pilləsindəyəm. Həmçinin Bakı İslam Universitetindən aldığım adicə bir arayış ilə 67-dən çox ölkənin qatıldığı beynəlxaq olimpiadada iştirak etmiş və orada yer tutmuşam. Elə bir mənzərə yaranır ki, Bakı İslam Universitetinin diplomlarını sanki bircə məzun olduğumuz ölkənin Təhsil Nazirliyi tanımır. Bizi sıxıntıya soxan, əlimizi, qolumuzu bağlayan da məhz budur. Bu gün də Türkiyədə oxuyan Bakı İslam Universitetinin məzunları var. Kimisi magistr pilləsini keçib, kimisi artıq doktorantura pilləsini başa vurub. Bu məzunlar Türkiyənin dövlət işlərində çalışırlar. Çox maraqlıdır ki, Azərbaycanda oxuduğum universitetin diplomunu xarici ölkə tanıyır, misal üçün, qonşu Türkiyə tanıyır, başqa ölkələr tanıyır, Azərbaycanın özündə tanınmır.
- Bu gün bu məsələnin bu şəkildə qabarmasının səbəbi nədir? - Bir daha qeyd edirəm, bu problem çoxdan var. Sadəcə bu problemlə fərdi şəkildə rastlaşanlar olub, məhkəməyə müraciət edənlər olub, uğur qazananlar olub, uğur qazanmayanalr olub. Bu yaxınlarda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində Bakı İslam Universitetinin məzunlarından 4 nəfər işdən çıxarılıb. Bir də bu yaxınlarda Bakı İslam Universitetinin məzunu olmuş bir Qarabağ qazisinin məhkəmə işi var. Dünən üçün onun işi Ali məhkəmədən Apelyasiya məhkəməsinə göndərildi. O iş də nədən ibarətdir? Həmin bu qazi Bakı İslam Universitetindən məzun olduqdan sonra ikinci ali təhsil almaq üçün başqa bir universitetə müraciət edib. Məlum olduğu kimi, ikinci təhsil zamanı Azərbaycan qanunlarına görə abituriyent kimi TQDK-nin imtahanından keçmirsən. Sadəcə müsabiqə yolu ilə universitetə qabul olub oxuyursan. Bu şəxs də sənədlərini, diplomunu göstərib və bu şəxsi ikinci ali təhsil alması üçün universitetə qəbul ediblər. Qeyd edim ki, ikinci ali təhsil alması üçün qəbul edildiyi universitet də dövlət universitetidir. Həmin universitetdən arayış götürərək gedib dövlət işinə qəbul olub. İkinci ali təhsil aldığı universitetin sonuncu kursunda oxuyanda həmin şəxsə deyiblər ki, sənə diplom verilməyəcək. Nə üçün? Çünki sən birinci ali təhsil aldığın Bakı İslam Universitetinin diplomuna əsasən ikinci ali təhsil almısan. Bakı İslam Universitetinin diplomu qəbul edilmədiyinə görə ikinci ali təhsilin də qanunvericiliyə uyğun olaraq doğru sayılmır. İnsanlar bu kimi problemlə qarşılaşırlar. Artıq Bakı İslam Universitetinin bütün məzunları bu problemləri yaşayırlar.
- Bəs problemin həll yolunu nədə görürsünüz? - İndiyə qədər yaşadığımız problemlər onu göstərir ki, məhkəmələr yolu ilə bu problemi həll etmək mümkün deyil.
- Nəyə görə? - Çünki bu məsələ ilə bağlı hər hansı dövlət qurumuna, misal üçün, Qafqaz Müsəlmanları İdarəsinə, Bakı İslam Universitetinin rəhbərliyinə, Təhsil Nazirliyinə, Nazirlər kabinetinə, yaxud Baş pkokurorluğa müraciət edəndə hər dövlət qurumu məzunu, ya da toplaşmış məzunları qrupunu başqa bir dövlət qurumuna yönəldir. Bu yönləndirmələr də zəncirvari şəkildə bir il davam edir. Sonra işi məhkəməyə veririk. Birinci məhkəmə 3 ay uzadır, birinci məhkəmə məhkəmə olur, ikinci məhkəmə 6 ay sonra olur. Bu günə kimi Bakı İslam Unievrsitetinin məzunlarından məhkəmədə uğur qazananlar var ki, onların diplomu dövlət nümunəvi diplomla əvəz olunub. Bir neçə belə məzun var. Həmin adamlar da bu uğuru qazanmaq üçün məhkəmələrdə illərini veriblər. Misal üçün 5 il, 3 il məhkəməsi gedən məzunlar var. İnsanların yaşı gedir, ömrü gedir. Elə adamlar var ki, bu diplomdan birbaşa asılıdır.
Məhkəmə qərarına əsasən Bakı İslam Universitetinin diplomları dövlət nümunəvi diplomlarla əvəzlənməlidir. Ortada isə heç bir nəticə yoxdur. Kimlər ki fərdi şəkildə məhkəmələrə müraciət ediblər, onların da məhkəmə prosesləri 3 il, 5 il davam edib. Onların diplomları təsdiqlənibsə, mənim, bizim diplomlarımız niyə təsdiqlənməsin? Eyni problemdirsə, eyni qanuna əsasən də qərar çıxıbsa, bu qərar digər məzunlara da şamil olunmalıdır.
Bakı İslam Universitetinin 2006-cı il məzunu Tural İrfan da yaranmış problemlə bağlı bəzi məqamlardan danışdı… - Qeyd edim ki, universitetin hazırda Bakıda fəaliyyət göstərdiyi əsas korpus binası dövlətimiz tərəfindən çox da uzaq olmayan bir tarixdə tikilib. Ölkə rəhbərimiz, cənab Prezident İlham Əliyev tərəfindən vəsait ayrılıb, universitet gözəl bir binaya qovuşub. Həmin universitet binasının açılışında dövlət başçısı şəxsən iştirak edib. Universitetin rektoru, tanınmış din xadimi, ictimai xadim Hacı Sabir Həsənliyə məhz dini təhsilin inkişafındakı xidmətlərinə görə (hansı ki, burada Bakı İslam Universitetini təhsilindən söhbət gedir), ölkə başçımız İlham Əliyev tərəfindən Şöhrət ordeni təqdim olunub.
Həmçinin 24 iyul 2019-cu il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmişdir. Bu ali mükafat Allahşükür Paşazadəyə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən təqdim olunmuşdur. Lakin, təəssüflər olsun ki, bu qədər diqqət və qayğıya baxmayaraq, Bakı İslam Univesitetinin diplomlarının tanınmasında suni şəkildə çox ciddi problemlər, əngəllər yaradıblar. Bizim məzunlarımızın, tələbələrimizin ictimai nüfuzuna xələl gəlibdir. Bir neçəsini işdən çıxarıblar. Məndən əvvəl danışan müsahib Sahib Altayın yuxarıda vurğuladı kimi, hətta bir nəfəri həm işdən çıxarıblar, həm də diplomundakı probleminə görə şübhəli şəxs kimi hüquq-mühafizə orqanlarına cəlb ediblər. Bu kimi məsələlər çox ağrılı hallardır.
- Sizcə problemin mahiyyəti nədir? - Bu problemin mahiyyətinin nədən ibarət olduğunu araşdırmağa bizim imkanımız yoxdur. Həm məzunu, həm də sabiq müəllimi olaraq deyə bilərəm ki, Bakı İslam Universitetinin fəaliyyəti birmənalı olaraq qanuna müvafiq aparılmışdır. Xarici dövlətlərin əksəriyyəti bu diplomları tanıyır. Bakı İslam Universitetinin min ildən artıq yaşı olan Misirin Əl-Əzhər Universiteti, Türkiyə universitetləri ilə əlaqələri olub və var, ancaq Azərbaycanda bizim universiteti qəbul eləmirlər. Azərbaycanda da müəyyən qurumlar bu günə kimi Bakı İslam Universitetinin diplomlarını tanıyırdı, müəyyənləri tanımırdı. Son dövrdə isə bir mənalı olaraq Bakı İslam Universitetinin diplomlarının tanınmasından imtina edildi. İndi hansısa qanundamı boşluq olub, məmurların biganəliyimi olub, hansısa məmurun hansısa məmurla konfliktimi var, nədirsə, bunlar araşdırılsın. Məsələ öz həllini tapsın. Bizim məzunlarımız dövləti sevən, milləti sevən məzunlar olub. Dünən bu problemlə bağlı Bakı İslam Universitetinin məzunlarından biri canlı yayımda çıxış edərkən Təhsil Nazirliyinin əməkdaşı Cəsarət Valehov canlı yayıma qoşulmuşdu. Orada üç dəfə “İslam İnstitutu” ifadəsini işlətdi. Rəhmətliyin oğlu hələ bilmir ki, İslam İnstitutu deyil, İslam Universitetindən söhbət gedir. Azərbaycan İlahiyyat İnstitutu var ki, bu təzə yaranıb və 3 ildir fəaliyyət göstərir. Bakı İslam Universitetinin 33 illik tarixi və yaşı var. Təhsil Nazirliyinin əməkdaşı hələ ayırd edə bilmir ki, bu universitetdir, yoxsa institut? Həmin canlı yayımda da Cəsarət Valehov məsələyə aydınlıq gətirməkdən yayındı.
İlahiyyat İnstitutu heyətinin BİU-nun Zaqatala filialını ziyarətindən bir foto
Bu gün biz işimizi-gücümü buraxaraq gəlmişik burada dərdimizi danışırıq. Burdan gedəcəyik başqa bir efirdə yenə bu problemi danışacağıq. İllərdir bu problemlərlə üzləşən Bakı İslam Universitetinin məzunları olaraq o qərara gəlmişik ki, bu məsələdə dövlət başçımıza, Cənab İlham Əliyevə, hörmətli birinci vitse-prezident Mehriban xanıma bütün məzunlar adından müraciət edək.
Türkiyənin Diyanət İşləri Başkanı Prof. Dr. Mehmet Görmezin Bakı İslam Universitetinin Zaqatala filialını ziyarətindən foto
Bəlkə həqiqətən bizim universitetin diplomları ləğv edilməlidir. Buyurun ləğv edin. Ancaq bunu da bir məntiqlə, qanuna uyğun olaraq edin. Yoxsa bu insanları niyə süründürürsünüz? Ləğv edin, sonra da elan edin. Biz də ömrümüzü, günümüzü, vaxtımızı, maddi-mənəvi resurslarımızı bu məhkəmə yollarında sərf etməyək. Qərar qəbul edin ki, bu ləğv olundu. Bu saxta imiş. Yaxud tanıyırsızsa, bunu düz əməlli tanıyın. Bu qədər insanı narazı salmaq, oxumuş, ali dini savad almış vətəndaşların 5 illik əməklərini zay etmək kimə fayda verir? Təhsil Nazirliyi bu işə çox ögey və biganə münasibət bəsləyir. Ümumiyyətlə aidiyyatı qurumlar bu işin həll olunmasında maraqlı deyil. Bu da əsaslı şübhələr yaradır ki, kimlərsə burada qaranlıq fikirlərə düşüb. Cənab Prezidentimiz dəfələrlə deyib ki, bu kimi problemləri mənim nəzərimə çatdırın. Mətbuat vasitəsilə çatdırın, mənim saytıma yazın. Buna görə də ölkə rəhbərimizə etimad və etibar edərək ondan məsələmizin həll edilməsi ilə bağlı göstəriş verəcəyini gözləyirik. Çünki məmurların ümidinə qalmış bu halımızla heç bir nəticə əldə edə bilmirik. Problem cənab Prezident İlham Əliyevin nəzərinə çatan kimi bu məsələnin dərhal öz həllini tapacağına inanırıq. Biz kollektiv şəkildə ancaq ölkə rəhbərindən kömək gözləyirik.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?