Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu «Bizim Yol» qəzetinə müsahibəsində prezident seçkilərinə verilən beynəlxalq rəyləri və tənqidi açıqlamalara hakimiyyətin münasibətini şərh edib. “Qafqazinfo” müsahibəni oxuculara təqdim edir:
- Ərəstun bəy, beynəlxalq təşkilatların və dünya birliyinin 9 oktyabr seçkilərinə reaksiyasını necə şərh edərdiniz?
- Əvvəla, dünya birliyi xeyli geniş anlayışdır. Mətbuatı diqqətlə izləsək, görərik ki, iqtidar və iqtidaryönümlü media seçkilərin dəyərləndirilməsində daha çox bir qurumlara, tənqidçiləri isə digər qurumlara istinad edirlər. Bu da yaranmış ümumi mənzərədən çıxan məntiqi nəticədir. Bir tərəfdən sual olunur: ATƏT-nin Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Missiyası seçkiləri çox tənqidi dəyərləndirdi, amma başqa tərəfdən ATƏT sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara az qala YAP üzvü kimi danışdı.
- Bu ziddiyyəti necə izah edərdiniz?
- Heç bir ziddiyyət yoxdur. Çünki ATƏT sədri postu çox formal bir postdur və ölkələr arasında ildən-ilə keçən vəzifədir.
- Demək istəyirsiniz, Kojara bəyantıyla öz ölkəsinin marağını güdüb?
- Birmənalı olaraq elədir. Yaxud fransalı deputat Mişel Jülye 9 oktyabr seçkiləri barədə ağızdolusu danışıb. Mən onu tanıdığımdan fərqli bəyanat da gözləmirdim. Əgər seçkilərin dəyərləndirilməsində beynəlxalq qurumdan söhbət gedirsə, təbii ki, ən ciddi qəbul edilən ATƏT-nin Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Missiyasıdır. Bu missiya yalnız seçki günü prosesi müşahidə etmir, uzunmüddətli müşahidə aparılır, onlar xeyli müddət idi Bakıdaydı. Həm də ATƏT-nin Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Missiyasının rəyi dünyada qəbul olunmuş standartdır. Bu qurumun seçki haqqında dəyərləndirilməsi əsas peşəkar rəy sayılır. Səbəb də odur ki, qurum uzunmüddətli müşahidə aparır. Diqqət yetirdinizsə, ABŞ Dövlət Departamenti, Senatın Helsinki Komitəsi seçkilərə münasibətini bu büronun rəyi əsasında bildirdi.
- Ancaq Konqresin ABŞ-Azərbaycan Dostluq Qrupunun həmsədrləri Billi Şuster və Stiven Kohen dövlət başçısını təbrik ediblər...
- Bu da aydındır, ancaq ABŞ Konqresində 200-ə yaxın qrup var və bunlar rəsmi struktur sayılmır. Komitə isə fərqli və ciddi hüquqi statusu olan qurumdur. Bilirsiniz ki, Helsinki Komitəsinin sədri də 9 oktyabr seçkiləri haqqında sərt dəyərləndirmə verdi. Bu dəyərləndirmə də Büronun rəyiylə üst-üstə düşür. Dediklərim özünü seçkidən sonra gələn təbriklərdə də göstərir.
- Nə mənada?
- O mənada ki, təbriklər kimlərdən və hansı dövlətlərdən gəlir. Diqqət yetirdinizsə, bu təbriklərin arasında ən maraqlısı Türkiyə baş naziri Ərdoğan və prezident Gülün təbriki oldu. Bu təbriklər gülüncdür ona görə ki, seçkilərin ilkin rəsmi nəticələri elan olunmamış oldu. Mən bilmirəm, bəlkə cənab Ərdoğan nəyəsə təsir göstərdiyini demək istəyib, yaxud öz aləmində 2003-cü ildəki Armitac missiyasını yerinə yetirir. Amma Ərdoğan və Gül hökumətinin bu tipli missiyalarının özünü onların Suriya, Ermənistan, Misir, İsrail siyasətlərində parlaq şəkildə göstərir. Bu mənada rəsmi Ankara Azərbaycan xalqının seçki hüququna bu cür sayğısız münasibət göstərmək əvəzinə, “qaz yerişi” yeriməkdənsə bacardıqları öz yerişlərini yerisəydilər daha yaxşı olardı. Bu sayğısızlıq dərin təəssüf hissi doğurur! Çünki Azərbaycana qardaş və təbii müttəfiq sayılan Türkiyə iqtidarları müstəqillik tariximizdə daim bu cür mövqe tutublar və Azərbaycanda demokratiyanın inkişafına ən böyük zərbələrdən biri daim Türkiyə iqtidarlarından gəlib.
- Siz ATƏT-nin Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyinin əsas olduğunu bildirdiniz. Baxın, Avropa Parlamenti, AŞ PA seçkilərə münasibətdə “irəliliyə doğru bir addım, ədalətli seçki” standart cümlələrini səsləndirir, Büro isə tənqidi yanaşır. Bəlkə bu fərqlilik üçüncü dünya dövlətlərinə məqsədli qurulmuş siyasi texnologiyadır?
- Mən deməzdim ki, bu, bir vasitə, yaxud təsir mexanizmi rolunu oynayır. Sadəcə, bu ondan irəli gəlir ki, ATƏT-nin Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkiləri müşahidə işində yeganə peşəkar qurumdur və o, təkcə seçki günü deyil, həm də kampaniya dövründə seçki prosesini yaxından izləyir. Odur ki, seçki haqda da başqalarından daha məlumatlı, daha bilgili qurumdur. Baxın, ATƏT-nin Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələri bütün namizədlərlə görüşdülər, hətta mən qeydiyyatdan keçməmiş, yalnız namizədliyini irəli sürmüş şəxs olmuşam, amma mənimlə də görüşdülər. Büro nümayəndələri bölgələrdə olub vəziyyəti dəyərləndirdilər. Bu baxımdan Büronun rəyi ciddi qəbul edildi. Həm də diqqət yetirirsinizsə, Büronun müşahidə missiyalarının rəhbərləri daim nüfuzlu diplomatlar, siyasətçil olur. Yəni ATƏT-nin həmin missiyalarına heç zaman özünü dikskriditasiya etmiş eks-siyasətçilər, yaxud dövlət rəsmiləri başçılıq etmir.
- O zaman Kojara kimi diplomatın məlum bəyanatı ATƏT-nin nüfuzuna zərbə deyilmi?
- Yenə deyirəm, söhbət ATƏT-dən gedirsə, bu, kollegial bir qurumdur. Onsuz da ATƏT-nin heç bir nüfuzu yoxdur, bir təşkilat olaraq adi bir beynəlxalq qurumdur. Götürək, Avropa Birliyini, bilirik ki, bu qurumun vahid mövqeyi olur, amma Avropa Birliyində Avropa Komissiyası var, hansı ki, hökumət rolunu oynayır və yalnız son məqamda dövlətlərə münasibətdə sərt mövqe sərgiləyir. Amma qanunverici qurum olan Avropa Parlamenti də var, bu qurum öz dəyərləndirmələrində həm kifayət qədər çevik, həm də obyektiv olur. Ukrayna xarici işlər naziri Kojara isə yalnız öz şəxsi və üzvü olduğu Viktor Yanukoviç hökumətinin fikrini nümayiş etdirir. Güman etmirəm ki, dünyada kimsə onun dediklərini ciddi qəbul etsin.
- Hazırda mediada mübahisəyə çevrilən bir məqamı çavablandırmanızı istərdim, ATƏT-nin Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyində “9 oktyabr seçkiləri irəliliyə doğru bir addımdır” ifadəsi yer almışdırmı?
- Xeyr, belə ifadə yox idi.
- Siz tənqid etdiyiniz 9 oktyabr seçkisini müsbət qiymətləndirən Avropa Parlamentini obyektiv qurum adlandırdınız, ikinci, ATƏT-nin nüfuzdan düşdüyünü dediniz, əgər belədirsə, o zaman ATƏT-nin Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyası nədən ibarətdir?
- Büro başqa bir institutdur və ATƏT-dən asılılığı kifayət qədər formaldır. Avropa Parlamenti isə kollegial qurumdur, orada müxtəlif rəylər həmişə mövcuddur. Baxın, cəmi bir həftə əvvəl Avropa Parlamentində Azərbaycanla bağlı tənqidi müzakirələr olmuşdu. Hətta iş o yerə çatmışdı ki, Rusiyadan separatçılar da dəvət edilmişdi, yəni demokratik qurumlarda fikir müxtəlifliyi həmişə olur. Söhbət dünyadakı ciddi və qərar verən siyasətdən gedirsə, orada seçkilərlə bağlı Büronun rəyi bir qayda olaraq, əsas götürülür.
- ATƏT-nin Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun daxili auditoriyaya, hökumətə və müxalifətə mesajı nədən ibarət idi?
- Əslində, bu mesaj hakimiyyətə çoxdan verilib, bu, “qırmızı xətt” mesajıdır. Yadınızdadırsa, yüksək ABŞ rəsmisi Tomas Melia Bakıda olanda «Turan»a müsahibəsində bu ifadəni işlətmişdi...
- Ancaq sonra dediklərini təkzib etdi...
- Təkzib etmədi, sadəcə, müsahibə agentliyin saytından götürüldü. Amma müsahibə yayılmışdı. Mən güman etmirəm ki, «Turan» kimi peşəkar agentlik bu dərəcədə yüksək ranqlı diplomatın fikirlərini təhrif etsin. Mesaj verildi və çatdı da, ancaq Azərbaycan hakimiyyəti təəssüf ki, öz qaydalarını dəyişdirmək istəmir. 9 oktyabr seçkilərində bunu çox bacarıqla göstərdi. Nəhayət, dünyada heç kəsi 85 faizə inandırmaq mümkün deyil, hətta demokratik qaydalara yaxın ölkələrdə nəinki 85, heç 70 faizə yaxın da səs olmur. 10 namizədin içindən bir namizədin 85 faiz səs toplamasına ən liberal, ən loyal insanı belə inandıra bilməzsiniz. Sadə bir misal, Siz bu günlərdə Almaniyada oldunuz və bu ölkənin nə dərəcədə demokratik olduğuna şübhəniz olmaz yəqin ki. Bu dövlətdə çox uğurlu Merkel hakimiyyətinin mövcud olduğunu gördünüz.
- Ancaq YAP-çılar deyir ki, o, da üçüncü dəfə kansler oldu...
- Almaniyada parlament quruluşu olduğundan bu fərqli bir sistemdir, orada siyasət fərd yox, partiya üzərində qurulur. Federal prezidenti isə Bundestaq seçir. Bütün uğurlarına baxmayaraq Merkelin partiyası cəmi 41,5 faiz səs topladı. Necə ola bilər ki, bu qədər problemləri olan Azərbaycanda YAP bu qədər uğur qazandı?
- YAP-çılar xalqın namizədlərini istədiklərini deyir...
- O zaman niyə xalqa seçim imkanı vermirlər? Qoy, xalq göstərsin ki, kimi istəyir.
- MDB, AŞ PA, ATƏT, Türkiyə dövlətinin müşahidəçilərinin bir-birinə zidd rəyləri dünyada ədalətin yox, marağın üstün götürüldüyünü təsdiqləmirmi?
- Ümumiyyətlə, ədalət çox nisbi anlayışdır və heç kim hər şeyin maraqlar üzərində qurulduğunu inkar etmir. Amma dünyada müəyyən bir düzən də var, bu, ondan ibarətdir ki, seçkilərlə bağlı beynəlxalq qərarlar üçün ATƏT-nin Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyi yeganə səlahiyyətli rəy sayılır. MDB müşahidəçilərinin rəyini kim saya salır, mənə bir qurum deyin ki, ciddi çevrələrdə onların mövqeyini nəzərə alacaqlar? Bu, antidemokratik dövlətlərin özlərinin nümayəndələrindən ibarət missiyadır. Avropa Şurası isə artıq öz missiyasını itirdiyindən heç bir rolu yoxdur. Siz AŞ-nın, AŞPA-nin son 5-10 ildə hansısa bir uğurunu göstərin ki, nəyəsə nail olublar?!
- ATƏT-nin Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun mətbuat konfransında baş verən hadisə Azərbaycan hökumətinə problemlər yarada bilərmi?
- Əslində, heç yaxşı bir hal deyil. Xüsusən də ATƏT-nin Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun mətbuat konfransını jurnalistlərin pozması. Jurnalistin işi bundan ibarət deyil, xüsusən də iqtidaryönlü qəzetlərin jurnalistlərinin. Bu cür davranış “yuxarıdan” sanksiyalaşdırılmamış olmur, əks halda çox sərt cəzalar tətbiq olunardı. Başqa tərəfdən zala diqqət yetirdinizsə, mətbuat konfransına aidiyyatı olmayan gənclər gəlmişdilər. Burdan belə qənaətə gəlmək olar ki, hakimiyyətdə Büronun rəyinin mənfi olacağı haqqında məlumat vardı. Və konfransı pozmaq kimi qərar qəbul olunmuşdu. Bu qərarı da həmin jurnalistlərin və gənclərin vasitəsilə həyata keçirdilər. Amma güman etmirəm ki, bu, hakimiyyətə müsbət dividentlər gətirəcək. Bilirsiniz ki, tədbirdə beynəlxalq media və səfirliklər iştirak edirdi, bu, Azərbaycan siyasətinin bir çoxlarına hələ görünməyən mahiyyətini bütün çılpaqlığıyla açıb dünyaya göstərmək idi.
- ATƏT-nin Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyinin ardı olacaqmı?
- Düşünmürəm ki, bu, sadəcə bir rəy idi və bununla hər şey bitdi. Rəy Azərbaycan hökumətinə dünya gücləri tərəfindən münasibət dəyişməsinin təzahürüdür. Bundan sonra hakimiyyətin davranışına “göz yumulmayacaq”.
- Enerji məhsulları da onların “gözünü yummayacaq”?
- Enerji məhsullarının müqəddəratı çoxdan həll olunub, heç kim bunu dəyişə bilməz. Əgər Rusiya kimi dövlət bp-nin filialını ləğv edib sonradan onu bərpa etməyə məcbur olursa, güman etmirəm ki, Azərbaycanın enerji məsələlərində qeyri-adekvat addımlar atmaq imkanı olsun. Dediyiniz mövzular artıq bitib və neft hasilatı da getdikcə azalır, əvvəlki qədər də ciddi siyasi və geosiyasi faktor rolunu oynamır.
- Ancaq neft sahəsi üzrə mütəxəssis İlham Şaban deyir ki, 2024-cü ilə qədər Azərbaycana 124 milyard dollara yaxın gəlir gələcək?
- Gəlsin, lap yaxşı, amma neft gəlirlərinin olması hələ heç nə demək deyil. Məgər, Azərbaycanın neft gəlirləri Liviyanın neft gəlirindən çoxdur?
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?