İlham Rəhimov: “Orxana yaxşı vəkil tutmaq üçün çalışmışam” Professor, məşhur xeyriyyəçi –iş adamı İlham Rəhimov son günlər Rusiyada baş verənlərlə bağlı müsahibə verib. Onunla söhbəti təqdim edirik.
- Rusiyada baş verənləri necə qiymətləndirirsiniz? Bu proses haraya qədər inkişaf edəcək, sizcə? Rusiyadakı səfirimiz deyir ki, bunu Azərbaycanla Rusiyanın arasını vurmaq istəyənlər edirlər. Sizdəki məlumat nədir: bunu kimlər və niyə edirlər?
- Polad Bülbüloğlu bu olaylarla bağlı həm bir diplomat, həm də bir Azərbaycan vətəndaşı kimi çox gözəl mövqe ortaya qoyub. Mən bütövlükdə onun çıxışını müdafiə edirəm, xoşuma gəldi. Baş verən olaya gəlincə, əslində, Rusiya miqyasında bu, xırda bir insidentdir. Yəni Rusiyada bu kimi cinayətlər hər gün baş verir. Bu dəfə də bir azərbaycanlı oğlanın bir rus gənci bıçaqlayaraq qətlə yetirildiyi iddia olunur. Əgər belə fakt baş veribsə, Orxan Zeynalovun bu cinayəti törətdiyi sübut olunarsa da, buna görə iki dövlətin arasındakı münasibətin pozulacağı ağlabatan bir iş deyil. İkincisi, mən inanmıram ki, cinayətin özünün törədilməsini kimsə təşkil edib, bu hadisəni kimsə məqsədli şəkildə azərbaycanlının əli ilə törədib. Amma məlum hadisədən sonra yaradılan şouda hansısa qüvvələrin əli ola bilər ki, bunu şişirtsinlər, hansısa məqsədlə təbliğat aparsınlar. Belə bir qüvvə varsa, onlar ola bilsin Rusiyanın içərisindəki millətçi qüvvələrdir, yaxud Azərbaycan dövlətini istəməyən, onun Rusiya ilə münasibətlərini pozmağa çalışan qüvvələrdir. O da mümkündür ki, məlum şounun düzəldilməsində ermənilərin də əli var.
- Rusiyanın daxili işlər naziri Orxanı əl-qolu bağlı qarşısına gətizdirdi. Kolokoltsevin bu hərəkətini hüquqşünas kimi dəyərləndirməniz maraqlı olar...
“Heç bin Ladeni məhv eləyəndə belə şou yaratmamışdılar”
- Lap tutuq ki, Orxan Zeynalov canidir. Amma onu həmin vəziyyətdə, o cür hay-küylə tutmaq, nazirin qəbuluna gətirmək başadüşülən deyildi. Heç bin Ladeni məhv eləyəndə belə şou yaratmamışdılar, bu cür təbliğat aparmamışdılar. Məncə, bu cür hay-küy yaratmaq Rusiyanın hüquq-mühafizə orqanlarına lazım idi. Çünki onlar bu cür şou, təbliğatla əhalini sakitləşdirmək istəyirdilər, “görürsünüz biz necə işləyirik? Cəmi 2-3 günə cinayəti törədəni tutduq”. Eyni zamanda təbiidir ki, hüquq-mühafizə orqanları müəyyən qədər özlərini reklam eləmək istədilər. Amma əksinə oldu. Kolokoltsev bir daxili işlər naziri kimi, bununla özünü müsbət reklam edə bilmədi. Gülünc vəziyyət idi; lap Orxan cinayətkardır, onu nazirin otağına niyə gətirirdilər? Guya nazir öz kabinetində neyləyəcəkdi? O məgər müstəntiqdir, orada sorğu-sual aparacaqdı? Əgər nazir cinayəti törədəni görmək istəyirdisə, yaxud özünün şəxsən soruşmaq istədiyi məsələ vardısa, buyurub gedəydi onun saxlanıldığı kamerasına. Bu, sadəcə ucuz bir reklam idi.
- Putin keçmiş SSRİ respublikalarından olan miqrantlara viza rejiminin tətbiq olunmasının əleyhinə olduğunu demişdi. Bu bəyanatdan bir neçə gün sonra sanki Putin fakt qarşısında qoyuldu. Sizcə, miqrantlarla bağlı məsələ gec-tez necə həll olunmalıdır?
- Miqrantlarla bağlı hər bir dövlətin özünün qanunları var. Bu məsələ həmin qanunlar çərçivəsində həll olunmalıdır. Bir məqam da var ki, beynəlxalq hüquq da bu məsələni müəyyən qədər qanuniləşdirib. Dövlətlərin miqrasiya ilə qanun-qaydaları beynəlxalq hüquq normalarına zidd olmamalıdır. Miqrasiya dünyanın hər yerində var, tarixən də bu məsələ bütün dünyada mövcud olub, həmişə də olacaq. Rusiyada hansısa bir bu kimi hadisə olanda miqrasiya məsələsi gündəmə gəlir. Mənim bildiyim qədər bu gün (dünən-red.) Dövlət Dumasında bu məsələni müzakirə ediblər, cəriməni artırmaq və miqrantların ölkədə qalması üçün nəzərdə tutulan müddəti azaltmaq istəyirlər. Rusiya bu məsələni birdəfəlik həll eləməlidir. Hazırda onlar məlum qanunlarını düz-əməlli icra edə bilmirlər, çünki müəyyən boşluqlar da var. Ona görə də bu problemlər qalxır.
- Rusiya hakimiyyət dairələri ilə yaxşı tanışsız. Bu hadisələr fonunda demək olarmı ki, rus millətçiliyi artıq daha yuxarılara da sirayət edib. Deyilənlərə görə, başıqırxıqların təşkilatlanıb ortaya çıxmasının arxasında əslində, Kreml dayanır...
“Millətçiliyin inkişafı Rusiyanın dağılmasına gətirib çıxara bilər”
- Ağlabatan versiya deyil. Rusiya çoxmillətli bir dövlətdir. RF-nın 145 milyon vətəndaşının 25 milyonu müsəlmanlardır. Vətəndaş olmayan miqrantların sayı isə milyonlarladır. Ona görə də onlara millətçiliyin çox inkişaf eləməsi sərfəli deyil. Çünki bu, Rusiyanın dağılmasına gətirib çıxara bilər. Əksinə, onlar çalışırlar ki, Rusiyada ayrı millətlərin nümayəndələri özlərini rahat hiss eləsinlər. Necə sərf eləyə bilər ki, tutaq ki, Tatarıstanda tatarlar baş qaldırsın, böyük münaqişələr baş versin? Bunların axırı çox pis ola bilər, ona görə də Rusiya dövlətinə millətçiliyin şiddətlənməsi lazım deyil.
- Azərbaycanlıların Rusiyada bütün mənalarda bazarı bağlanarsa, nə olar? Bu, daha çox Azərbaycana, yoxsa Rusiyaya ziyan vurar?
“Tutaq ki, bazarlardan bütün azərbaycanlıları qovdular. Axı sonra bu işi ruslar bacara bilməyəcək. Onlar bu işi bilmirlər”
- Rusiyada meyvə-tərəvəz monopoliyası həmişə azərbaycanlıların əlində olub. Hələ sovetlər dönəmində də belə idi. SSRİ vaxtında Azərbaycanın “OBXSS” əməkdaşları Rusiyanın regionlarına gedib orada alver edən azərbaycanlıları tutub gətirirdilər. O zaman bunu alverin qarşısını almaq üçün edirdilər. Bu elə səviyyəyə çatmışdı ki, bunu Siyasi Büroda müzakirəyə çıxarmışdılar. Həmin vaxtlar mərhum Heydər Əliyev Siyasi Büronun üzvü idi. Onda Moskva şəhərinin birinci katibi, daxili işlər naziri Siyasi Büronun iclasındakı çıxışında demişdi ki, biz reyd aparmışıq, bazarlarda alverlə məşğul olanların əksəriyyəti azərbaycanlılardır. Onda Heydər Əliyev çox gözəl bir cavab vermişdi ki, Azərbaycanda da belə reydlər çox aparılır, amma biz heç zaman müəyyənləşdirmirdik, axtarmırdıq ki, kim hansı millətdəndir. Cinayətkarın milləti olmur, cinayətin də sərhədi. Amerikalı da gəlib Rusiyada cinayət edə bilər, rus da gedib Avropada, ABŞ-da, Azərbaycanda cinayət törədə bilər. Bu tamam başqa bir məsələdir... Fakt ondan ibarətdir ki, Rusiyada hər zaman meyvə-tərəvəz monopoliyası azərbaycanlıların əlində olub. Və mən inanmıram ki, bizim azərbaycanlılardan başqa kimsə bu işi bacara bilsin. Tutaq ki, bazarlardan bütün azərbaycanlıları qovdular. Axı sonra bu işi ruslar bacara bilməyəcək. Onlar bu işi bilmirlər.
- Yeri gəlmişkən, Sizə və ortaqlarınıza aid ticarət obyektlərində vəziyyət necədir?
- Əvvəla, bizim ortaqlarımız əsasən yəhudilərdir, onlar da heç zaman meyvə-tərəvəz işi ilə məşğul olmayıblar. Ona görə də onların bu məsələyə heç bir aidiyyətimiz yoxdur. Hansısa saytda oxudum, müxalifətçi Navalnı deyib ki, Moskvadakı “Sadovod” bazarında da bu kimi hadisələr ola bilər və sair. Bizim saytlarda da bu məsələdə mənim də adımı hallandırıblar ki, bu bazar da bağlanacaq. Əgər Rusiya dövləti hesab edirsə ki, hansısa bazar, baza bağlanmalıdır, dövlətə zərər gətirir, heç bir problem yoxdur, bağlasınlar. Əgər hesab etsələr ki, həmin baza, həmin bazar dövlətə xeyir verir, onu heç zaman bağlamayacaqlar. Çox adam bilmir ki, bazar, baza şəhərin büdcəsinə nə qədər vergi verir. Bu da var. Həmçinin, həmin alış-veriş mərkəzlərində miqrantlarla yanaşı minlərlə Rusiya vətəndaşı da işləyir, onlar da işsiz qalacaq.
- Putinin tələbə dostu kimi onun digər millətlərə münasibəti barədə nə deyə bilərsiz? Məsələn, ermənilərə...
- Kimsə heç vaxt heç kimə deyə bilməz ki, filankəslə niyə dostluq edirsən. Bu saat mənə heç kim qadağan edə bilməz ki, niyə ruslarla, ya özbəklərlə, qazaxlarla dostluq edirsən. Eləcə də Putin dostlarını özü seçir. Bircə onu bilirəm ki, o, özünə dost seçəndə həmin şəxsin hansı millətdən olmasına fikir verməyib. Onun üçün yeganə kriteriya ondan ibarətdir ki, bu insan yaxşı insandır.
- Putindən söz düşmüşkən, onun Azərbaycandakı biznesini Vahid Ələkbərova həvalə etməsi barədə informasiyalar nə dərəcədə ciddidir? Onun burada biznesi varmı?
- Əvvəla, Putin prezidentdir, onun biznesi ola bilməz. Əgər söhbət Rusiya dövlətinin biznesindən, investisiyasından gedirsə, bu ayrı məsələdir. Demək olar, “Vahid Ələkbərovun biznesi”, “İlham Rəhimovun biznesi” və sair. Putin biznesmen deyil, dövlət başçısıdır. Rusiyanın Azərbaycanda dövlət səviyyəsində investisiyası, biznesi olması normal haldır, hər iki dövlətə xeyri var və münasibətləri yaxşılaşdırır.
- İddialar səslənir ki, Moskvada baş verənlər Azərbaycanı Gömrük İttifaqına və Avrasiya İttifaqına üzv olmağa məcbur etmək üçündür. Bu iddiaları bölüşürsünüzmü? Azərbaycanın bu ittifaqlara üzv olmasına münasibətiniz necədir?
- Azərbaycanı heç kim zorla, məcburi qaydada hansısa ittifaqa, təşkilata dartıb apara bilməz. Həmçinin, Rusiya ideyanın müəllifi kimi, hansı dövləti zorla gətirib ora qoşub? Kim istəyir, kimə xeyri var, onlar ölçüb-biçib həmin təşkilata qoşulmağa razılıq verir. Əgər bu qurumlarda təmsilçiliyin dövlətə, xalqa xeyri varsa, ora qoşulmağa dəyər. Yox, heç bir faydası yoxdursa, onda təbii ki qoşulmayacaq. O cümlədən də Azərbaycan.
- Rusiyada yüksək statusa və imkanlara sahib olan azərbaycanlılarla danışıb, baş verənləri məsləhətləşmisinizmi?
- Polad müəllimlə danışıb bu məsələni müzakirə etmişik. O cümlədən, Rusiyada böyük bizneslə məşğul olan, nüfuzlu azərbaycanlılarla da müzakirə etmişik. Rusiyada bu kimi hallar olanda daim onlar mənə zəng edib fikrimi soruşurlar. Mən də onlara öz məsləhətlərimi vermişəm.
- Bəs Rusiyanın rəhbər şəxsləri ilə əlaqəniz olubmu?
- Hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə telefon söhbətlərim olub, öz fikrimi onlara çatdırmışam. Yaxın münasibətlərim olan güc strukturlarının rəhbər işçilərinə fikrimi bu şəkildə demişəm ki, belə hərəkətlərlə özünüzü biabır edirsiniz. Onlar özləri də etiraf ediblər ki, doğrudan da bu onların əleyhinə işləyib.
- Orxanla bağlı hüquqi yöndə hər hansı bir addım atmaq fikriniz varmı? Ona hüquqi yardım göstərmək üçün nəsə etmək istərdinizmi?
- İlk növbədə Orxana yaxşı vəkil tutmaq üçün Rusiyadakı tələbə yoldaşlarımdan xahiş etmişəm. Hazırkı mərhələdə bunu etmək olar. Onun cinayətkar olub - olmadığı məhkəmədə üzə çıxacaq. İndi bizim köməyimiz o olar ki, ona yaxşı vəkil tutaq və onun vasitəsi ilə müəyyən edək ki, bu cinayəti törədib, ya yox. Daha sonra isə yaranacaq situasiyaya uyğun şəkildə addımlar atılmalıdır. Əgər onun cinayəti sübuta yetirilərsə, ona cəza kəsiləndən - barəsində hökm çıxarıldıqdan sonra ölkəyə ekstradisiyası məsələsini qaldırmaq olar. Bu zaman mən öz tərəfimdən müəyyən addımlar ata bilərəm.
- Və sonda, bu yaxınlarda Ali Attestasiya Komissiyasının Hüquq məsələləri üzrə Ekspert Şurasının sədri təyin olundunuz. Bu vəzifəyə təyinatınızı necə qarşıladınız?
- Əslində, bu vəzifə deyil, elmi-yaradıcılıq fəaliyyətidir. Bütün dünyada müxtəlif elm sahələrində, o cümlədən hüquq sahəsində Ekspert Şurası olur. Mən Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Hüquq məsələləri üzrə Ekspert Şurasının sədri təyin olunmuşam. Bu, elmi fəaliyyətdir, məndən xahiş etdilər ki, hüquq elmi sahəsində Azərbaycanda durum pis vəziyyətdədir, – mən də hüquq elminin içərisində olduğum üçün bilirəm ki, vəziyyət doğrudan da acınacaqlıdır - onu ayağa qaldırmaq, inkişaf etdirmək lazımdır. Plagiat, yalançı müdafiə işləri o qədər çox olub ki, nəhayətdə məsələ çox yüksək səviyyədə müzakirə olunub və qərar verilib ki, hüquq elmini ayağa qaldırmaq lazımdır. Mən çox çalışdım ki, bu təklifə razı olmayım, çünki Azərbaycanda az oluram, hər şeydən uzaqlaşmışam. Axırda dedilər ki, belə məsləhət olub ki, bu Şuraya siz rəhbərlik edəsiniz. Məsələ belə oldu. “Yeni Müsavat
Sorğu
Yeni dizaynımız necədir?