Rusiyanın paytaxtı Moskva şəhərinin Brulyova rayonunda Yeqor Şerbakovun qətlində şübhəli bilinən azərbaycanlı Orxan Zeynalovun saxlanılaraq döyülməsi birmənalı qarşılanmır. Modern.az son günlərin aparıcı mövzusu və ən çox diskussiya predmetinə çevrilən məlum hadisələrlə bağlı müxalifət partiyalarının da mövqeyini öyrənib.
Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, baş verən hadisələr Rusiyada hüququn və qanunların ayaq altına atılması deməkdir. Partiya rəsmisi həmyerlimizə edilən zorakılığa görə Azərbaycan hakimiyyətini də təqsirləndirib. “Hakimiyyət öz vətəndaşını müdafiə etməkdə nə qədər aciz olduğunu göstərdi. Rusiyanın bu addımı Azərbaycan xalqına yönələn addımın tərkib hissəsini təşkil edir”-deyə Müsavat funksioneri qeyd edib.
AXCP sədri Əli Kərimli isə özünün Facebook səhifəsində hadisələrə görə rəsmi Moskvanı qınayıb və bunu biabırçılıq adlandırıb. “Moskvada qətldə şübhəli bilinən Orxan Zeynalovla Rusiya dövlət orqanlarının və mətbuatının rəftarı biabırçılıqdır. Üstəlik, bu qətldən azərbaycanlılara qarşı kampaniya məqsədilə istifadə etmək heç bir çərçivəyə sığmır. Əvvəla, Orxan hələ şübhəli şəxsdir. Onun bu cinayəti törətməsi sübut olunmayıb. Bəs harada qaldı təqsirsizlik prezumpsiyası? İkincisi, tutaq ki, Orxan cinayətkardır. O halda azərbaycanlılar niyə kütləvi məsuliyyət daşımalıdır onun cinayətinə görə? Cinayətkarın milliyyətimi olur? Məgər ruslar, o cümlədən xaricdə yaşayan ruslar cinayət törətmir? Varmı elə bir millət ki, onun içindən cinayətkar çıxmasın? Hanı Rusiyadakı iddialı diaspor təşkilatları? Hanı Orxanın vətəndaşı olduğu dövlət?”-deyə Ə.Kərimli yazıb.
AMİP də Rusiyada azərbaycanlılara qarşı aqressiv münasibəti pisləyir. Bu barədə danışan partiyanın baş katibi Arzuxan Əlizadə prosesləri şərh edərkən bildirib ki, həmyerlimizə qarşı hüquqa-zidd hərəkətlər xoşagəlməz haldır. “Zaman-zaman Rusiya azərbaycanlılardan siyasi alət kimi istifadə etməyə cəhdlər edir”-deyən partiya rəsmisi baş verənləri Azərbaycana təzyiq kimi dəyərləndirib. Onun sözlərinə görə məişət zəminində törədilmiş cinayətin siyasi müstəvidə müzakirəsi yolverilməzdir. “Rusiyada hər gün bu tip cinayətlər olur. Azərbaycanlıların özlərinin qətlə yetirilməsi faktları kifayət qədər çoxdur. Amma bunlar heç biri qabardılmayıb. Ancaq axırıncı belə hadisənin şişirdilməsi Azərbaycana siyasi təzyiq metodudur. Azərbaycan dövləti də məsələyə öz münasibətini bildirməlidir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?