Milli Şuranın sədri Rüstəm İbrahimbəyov oktyabrın 28-də “Media forum” saytının suallarını cavablandırıb. - Prezident seçkisi yekunlaşdı. Milli Şura bundan sonra fəaliyyətini hansı istiqamətdə davam etdirəcək?
- Milli Şuranın rəhbərliyi ilə hər gün sıx əlaqə saxlayıram, yaranmış durumu, prosesləri müzakirə edirik, qərarlar veririk. Hesab edirəm ki, vəziyyət olduqca mürəkkəbdir. Xalq, demokratik dünya bir daha Azərbaycanda seçkinin saxtalaşdırılmasının şahidi oldu. Əslində bizdə seçki daim saxtalaşdırılırdı. Amma bu dəfə çox açıq formada, kobud şəkildə saxtakarlıq etdilər. Prezident seçkisinin nəticəsinin legitim olmadığına heç kimin şübhəsi yoxdur. Bu, çox vacib məsələdir və demokratik qüvvələrin uğurudur.
9 oktyabr seçkisində ən çox səsi Milli Şuranın namizədi professor Cəmil Həsənli toplayıb. Bu o deməkdir ki, xalq Cəmil Həsənliyə öz müsbət münasibətini bildirib. Seçkidə cəmi 25 faizə qədər seçici iştirak edib, onların 60-65 faizi Cəmil Həsənliyə səs verib. İndi isə çox mürəkkəb bir vəziyyət yaradıb. Çünki iqtidar legitim olmaya-olmaya faktiki olaraq yerində qalıb.
İndi biz nə etməliyik? Milli Şura seçkidən sonrakı dövrlə bağlı proqram hazırlayıb və o həyata keçiriləcək. Fəaliyyət proqramını yaxın vaxtlarda dəqiqliklə və geniş formada xalqımıza çatdıracağıq. Orada bir neçə çox vacib istiqamət var və artıq Cəmil Həsənli onları elan edib. Şura bütün sivil mübarizə üsullarından, o cümlədən kütləvi etiraz aksiyalarından istifadə edəcək. Güclü yağış yağmasına baxmayaraq oktyabrın 27-dəki mitinq də çox uğurlu keçdi.
- Milli Şurada həmsədrlik institutunun yaradılması və qurumun prezidentliyə namizədi olmuş Cəmil Həsənlinin həmsədr olmasını təklif etmişiniz. Bunu zəruri edən nədir?
- Bunun bir neçə səbəbi var. Birincisi, Milli Şura yarananda mənə təklif etdilər ki, qurumun sədri olum. O vaxt qəbul etdim. Ona görə ki, Milli Şuranı yaratmaq ideyası mənə məxsus idi. Demokratik qüvvələri və ziyalıları birləşdirən belə bir geniş koalisiyanı yaratmaq üçün fiqur mən idim. Başa düşdüm ki, bu missiyanı öz öhdəmə götürməsəm, çətinliklər yaranacaq və bir azərbaycanlı kimi bunu etməyi özümə borc bildim. Amma həmişə demişəm ki, heç bir siyasi ambisiyam olmayıb və indi də yoxdur. Heç vaxt siyasətlə məşğul olmaq istəməmişəm. Mənim bir arzum var idi və deyə bilərəm ki, arzuma çatmışam. İstəyirdim Azərbaycanda ictimai rəy yaransın və bu da ziyalıların hesabına formalaşsın, hakimiyyət ictimai rəyə hörmət etməyə məcbur olsun.
Əvvəlcə Ziyalılar Forumunun fəaliyyəti buna yaxşı təkan verdi. Ondan sonra da Milli Şura yaradıldı. Demək olar ki, indi Azərbaycanda çox hörmətli, geniş, nüfuzlu koalisiya var və bu koalisiyanın mövqeyi millətin bu günü və gələcəyi üçün çox vacibdir.
Beynəlxalq ictimaiyyətin, dünya birliyinin seçkinin nəticəsini qəbul etməməsi də indiki müxalifətin, Milli Şuranın mövqeyi ilə bağlıdır. Qərb gördü ki, nəhayət, Azərbaycanda xalqın iradəsini, arzusunu ifadə edən hörmətli bir təşkilat, geniş koalisiya var. Mən indən belə də Milli Şuranın sədri kimi əlimdən gələni edəcəyəm, buna hazıram. Amma bu gün Milli Şura daha uğurlu və effektiv işləmək üçün rəhbərliyi ikiqat qüvvətlənməlidir. Professor Cəmil Həsənli Azərbaycanın tanınmış alimi, ziyalısıdır. O, qısa müddətdə necə yüksək keyfiyyətlərə, xüsusiyyətlərə malik olduğunu təsdiq etdi və milli demokratik qüvvələrin əsas liderinə çevrildi. Ona görə də istərdim ki, mənimlə bir yerdə belə hörmətli şəxsiyyət fəaliyyət göstərsin.
Biz hər gün saatlarla bu problemləri təhlil edirik, məsləhətləşirik, münasibətimiz çox səmimidir, bir-birimizə inanırıq. Hələlik Bakıya gələ bilmirəm, o isə Azərbaycandadır. Cəmil müəllim işin heç olmasa yarısını öz öhdəsinə götürsə, fəaliyyətimizə böyük xeyir gətirə bilər. Bununla bağlı məktub hazırlamışam və göndərəcəm ki, təklifim müzakirə edilsin. Ümid edirəm ki, Milli Şuranın yaxın zamanlarda keçiriləcək sessiyalarından birində bu məsələ müzakirə ediləcək və Cəmil Həsənli mənimlə bir yerdə Milli Şuranın həmsədri olacaq. Yenə deyirəm, vəziyyət mürəkkəbdir və çox vacibdir ki, Cəmil Həsənli kimi nüfuzlu və hörmətli şəxs Milli Şuranın rəhbərliyində fəal iştirak etsin.
- Milli Şuranın üzvləri də Cəmil Həsənlinin həmsədr olmasına razılıq verəcəkmi?
- Ümid edirəm ki, əksəriyyəti razı olacaq. Çünki Cəmil Həsənli seçki vaxtı həqiqətən elə keyfiyyətlər sərgilədi ki, Azərbaycanda istər dostu, istərsə də düşməni bunu dana bilməz.
- Milli Şuranın fəaliyyət proqramında nələr nəzərdə tutulur?
- Bizim əsas məqsədimiz Azərbaycanda demokratiyanı bərqərar etməkdir və işimizi bu istiqamətdə davam etdirəcəyik. Hazırkı iqtidar legitim deyil, amma faktiki olaraq var. İstər-istəməz hakimiyyətlə ünsiyyətdə olmalıyıq. Bir tərəfdən deyirik ki, iqtidarı legitim saymırıq. Məhkəməyə də müraciət etmişik ki, İlham Əliyevin üçüncü müddətə prezident olması qanunsuzdur. Eyni zamanda seçkidə çoxlu qanun pozuntusuna yol verilib, seçkinin nəticəsinin ləğvini istəyirik. Amma reallıq da öz yerində qalır. Hazırda Azərbaycanda yüzdən artıq siyasi məhbus var, onların azadlığına nail olmalıyıq. Başqa problemlərin həlli istiqamətində işləməliyik. Götürək sərbəst toplaşmaq problemini. Bizə seçkidən əvvəl mitinq keçirməyə çox uzaq yerlər təklif edilirdi. İndi heç olmasa şəhərin qismən mərkəzində olan “Məhsul” stadionunu verirlər. Yəni biz xalqın hüquqlarını bərpa etməliyik. Bu istiqamətdə işlərimiz gücləndirilməlidir. Legitim olmasa da, real iqtidar var və iqtidarla işləmək lazımdır.
- Problemlərin həlli üçün Milli Şuranın hakimiyyətlə dialoqa getməyini nəzərdə tutursunuz?
- Bilirsiniz, dialoq müxtəlif cür olur. İki tərəfin ünsiyyətini dialoq saymaq olar. Bu həmişə belə olub. Amma bu dialoq dinc və mübarizə şəraitində keçirilə bilər. Formasını, dəqiqi, bilmirəm. Amma deyə bilmərik ki, biz indiki hakimiyyəti tanımırıq, onlarla heç bir ünsiyyətə girməyəcəyik. Axı biz konstitusiya çərçivəsində işləməliyik. Konstitusiya çərçivəsində mübarizə aparanda məcbur olacağıq ki, indiki iqtidarla dialoqa gedək. Bu, istər-istəməz belə olacaq. Amma hansı formada, heç kəs indidən deyə bilməz. Çünki bilmirik ki, iqtidar bunu necə qəbul edəcək.
- Amma özünüz bu dialoqa tərəfdarsınız...
- Baxır siz dialoq sözünü nə mənada işlədirsiniz. Bir var dialoqa gedirsən və çox şeyə göz yumursan. Biz heç nəyə göz yummayacağıq. Biz dəfələrlə demişik ki, bu iqtidar legitim deyil, qanunsuzdur, xalqın iradəsi əsasında və nəticəsində formalaşmayıb. Amma indiki hakimiyyət reallıqda var. Deməli, biz öz proqramımızı həyata keçirmək üçün onlarla ünsiyyətə girməyə məcbur olacağıq. Biz tələblərimizi həyata keçirməyə çalışacağıq, hakimiyyət də buna cavab verəcək, bizim tələblərimizin nə dərəcədə həyata keçirilməsinin mümkünlüyünə aydınlıq gətirəcək. Bunun adı dialoqdursa, deməli, Milli Şura ilə hakimiyyət arasında dialoqdur.
- Liberal Partiyasının lideri Lalə Şövkət və partiyanın digər təmsilçiləri Milli Şuradan istefa veriblər. Son zamanlar Lalə Şövkətlə danışmısınızmı? Bu istefanı necə qiymətləndirirsiniz?
- Mənim Lalə Şövkətə böyük hörmətim var. Vaxtilə Milli Şura yarananda o, seçkiqabağı vəziyyətdə burada təmsil olunmağa razılıq verdi. Amma deyə bilmərəm ki, ürəklə bunu etdi. Onun istefasının səbəbləri var. Milli Şuranın əksər üzvü ilə də münasibəti yaxı deyil. Lalə Şövkətin əksər məsələyə öz baxışı var. Vaxtı çatanda Milli Şuranın tərkibindən çıxmağının səbəbini özü açıqlayar. Amma mən onun çıxmağını təəssüflə qarşıladım. Belə şəxslər Milli Şuranın fəaliyyətində nə qədər çox iştirak etsə, onun nüfuzu bir o qədər çox olar. Ola bilər, gələcəkdə fikrini dəyişdi. Biz açıq təşkilatıq. Bütün qərarlar seçki yolu ilə həyata keçirilir. Təbii prosesdir, kimsə üzvlüyə qəbul ediləcək, kimsə üzvlükdən çıxacaq.
- Lalə Şövkətin istefasının səbəbi sizə məlumdur? Bu istefa Müsavat Partiyası ilə Liberal Partiyası arasında olan narazılıqla bağlıdır?
- Lalə Şövkətin istefasının dəqiq səbəbini bilmirəm. Amma mən ona Milli Şurada təmsil olunmağı təklif edəndə çox əsaslı tələbləri, şərtləri var idi. Görünür, bu tələblər və şərtlər qüvvədə qalır. Amma istefasının səbəbini özü açıqlamalıdır.
- Rəsul Quliyev də tez-tez Milli Şuranı tənqid edir. Onun da şuradan çıxması mümkündürmü?
- Bu haqda dəqiq bir söz deyə bilmərəm. Rəsul Quliyevlə çoxdan tanışıq, dostuq, ona böyük hörmətlə yanaşıram. Milli Şuranın yaranmasında çox fəal iştirak edib. Milli Şuradan narazı qalmasının əsl səbəblərini bilmirəm. Düzdür, müxtəlif məsələlər qaldırıb, fikirlərini açıqlayıb. Rəsul Quliyevin dediklərini təkrarlamaq istəmirəm, buna ehtiyac yoxdur. Amma onun sadaladığı səbəblər o qədər də inandırıcı və real deyil. Bütövlükdə Milli Şuradan istefaları təəssüflə qarşılayıram. Hər bir üzv Milli Şuranı tənqid də edə, qərarlarla razı olmaya da bilər. Amma istəməzdim ki, kimsə Milli Şuranı tərk etsin.
- Ötən həftə hökumət yenidən formalaşdırıldı, iki nazir dəyişdi. Necə qiymətləndirirsiniz bunları? Sizcə, idarəetmədə nəsə dəyişə bilərmi?
- Nəticə odur ki, iqtidar öz siyasətini davam etdirir, xalqı, dövləti uçuruma aparır. Artur Rasizadəni çoxdan tanıyıram, bacarıqlı, savadlı adamdır. Onun əleyhinə nəsə demək istəmirəm. Amma bütün dünyada belə vəzifələrdə oturan adamlar beş-altı ildən bir dəyişməlidir, yenisi gəlməlidir. Bəlkə bu qərarlar müvəqqətidir, amma bir dəyişiklik görmürəm. İqtidar öz korrupsiya əməllərini və Azərbaycan xalqına ziyan verən siyasətini davam etmək fikrindədir.
- Rusiya vətəndaşlığından çıxmanızla bağlı müraciətinizə cavab almısınızmı? Qeyd etmişdiniz ki, seçkidən sonra müraciəti geri götürə bilərsiniz. Müraciət oradadır, yoxsa geri götürdünüz?
- Hələ götürməmişəm, oradadır. Bu, Azərbaycanda yaranmış vəziyyətdən asılıdır. Əgər Rusiya vətəndaşlığından çıxsam, bu bizim beynəlxalq fəaliyyətimizə çox böyük ziyan vura bilər. Ona görə də hələlik gözləyirəm. Görək Azərbaycanda vəziyyət necə olacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?