Ermənistanın əhalisi yaxın illərdə azalacaq və əgər ölkə 2050-ci ilə qədər BMT-nin 2,6 milyon nəfərlik proqnozunu yerinə yetirə bilsə, bu, yaxşı nəticə olacaq.
Bu barədə iqtisadçı ekspert Qrant Mikaelyan Ermənistan mətbuatına müsahibəsində bildirib.
O, respublikadakı demoqrafik mənzərəni şərh edərkən bildirib ki, ilkin siyahıyaalma məlumatlarına görə, Ermənistanın daimi əhalisi 2 928 914 nəfər, yerli əhalinin sayı isə 2 638 917 nəfərdir. BMT 2050-ci ilə qədər Ermənistan əhalisinin 300 000 nəfər azalacağını proqnozlaşdırır.
Ekspertin fikrincə, Ermənistandakı mövcud tendensiyaları nəzərə alsaq, proqnoz BMT-nin təqdim etdiyindən yaxşı olmayacaq.
Q.Mikaelyan qeyd edib ki, demoqrafiya ölkədə baş verən ictimai-siyasi prosesləri əks etdirir.
“Son 30 ildə Ermənistanda qeyri-bərabərlik dərinləşib, işsizlik artıb, iqtisadiyyatda irəliləyiş yoxdur, eyni zamanda Ermənistandan artıq asılı olmayan təhlükəsizlik atmosferi pisləşib”, - deyə Mikaelyan bildirib.
Ekspert hesab edir ki, 44 günlük müharibənin nəticələri də Ermənistan əhalisinin azalması prosesinə kömək edəcək.
Onun hesablamalarına görə, müharibənin nəticələri yaxın 20 il ərzində Ermənistan əhalisinin sayında təsirini göstərəcək.
Mikaelyan digər risklər arasında miqrasiyanın tempi və doğum səviyyəsini də qeyd edib. Bildirib ki, bu mərhələdə miqrasiyanın tempi 2021-ci illə müqayisədə azalıb, Ermənistana müxtəlif ölkələrdən vətəndaşların axını da var. Eyni zamanda, doğum səviyyəsi aşağı olaraq qalır və ölüm nisbəti ciddi şəkildə dəyişmir.
O, həmçinin hesab edir ki, son miqrasiya tendensiyası Ermənistanın etnik mənzərəsinin dəyişməsinə səbəb ola bilər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?