Sülhəddin Əkbər: “Rüstəm İbrahimbəyovun fəxri sədr olmasına qarşı çıxmaq bəhanədir”
ACP sədri Sülhəddin Əkbər “hafta.az” saytına Milli Şuranın axırıncı sessiyasından sonra qurumda yaranan vəziyyət, Rüstəm İbrahimbəyovun fəxri sədr seçilməsinə Müsavat Partiyasının etiraz etməsi və buna görə Şuranı tərk edə biləcəyini bildirməsi ilə bağlı müsahibə verib. Müsahibəni təqdim edirik:
- Son proseslərdən sonra Açıq Cəmiyyət Partiyasının Milli Şura ilə bağlı mövqeyi necədi?
- Milli Şuranın son sessiyasında partiyanın mövqeyini açıq şəkildə bildirmişəm. Yeni mərhələdə Milli Şuranın məqsədi, vəzifələri, strategiyası, gələcək struktur forması haqda təkliflərimizin nə dərəcədə qəbul edilməsinə xüsusi diqqət edəcəyik. Bundan sonra konkret fikir bildirəcəyik. Təkliflərimiz qəbul edilərsə, Milli Şurada qalmağın və qurumun güclənməsinin tərəfdarıyıq.
- ACP-nin Milli Şuradan ayrılması ehtimalı varmı?
- Əgər Milli Şura aydın olmayan istiqamətdə yanlış strategiya ilə siyasət aparacaqsa və hər hansı partiyaların dominantlığı ilə partiya maraqları önəm kəsb edəcəksə, İctimai Palatanın başqa bir forması olacaq və perspektivsiz bir quruma çevriləcək. Belə olan təqdirdə, Milli Şurada qalıb vaxt, enerji və əsəb sərf etməyin əhəmiyyəti yoxdu. Bizim daha vacib işlərimiz var. Xüsusilə də ACP-nin çox ciddi daxili təşkilatlanma işləri var. Yaxın günlərdə, Milli Şurada verilən qərarlardan asılı olaraq qərarımızı verəcəyik.
- Müsavatın Milli Şuradan gedəcəyi gözlənilir. Buna münasibətiniz necədi?
- Mən nəinki Müsavatın, hər hansı bir Milli Şura üzvünün ordan getməsinin əleyhinəyəm. Əksinə olaraq, Milli Şuranın güclənməsinin tərəfdarıyam. Amma hər hansı partiya və ya üzv hesab edirsə ki, onun Milli Şurada qalması düzgün deyil, buna hörmətlə yanaşmaq lazımdı. Yaxud hansısa şəxsin Milli Şurada qalması ümumi işə ziyan verirsə, təşkilat bu problemi də həll etməlidi. Ona görə də Milli Şurada qalıb-qalmamaq Müsavat Pariyasının öz qərarıdı.
- Müsavatın getməsinin Milli Şuraya təsiri olacaqmı?
- İstənilən halda Müsavatın Milli Şuradan getməsinin təsiri olacaq. Amma müsbət, yoxsa mənfi təsiri olacağını gələcək göstərəcək.
- İsa Qəmbərin Rüstəm İbrahimbəyovun fəxri sədr olmasına qarşı çıxmasını necə qiymətləndirirsiniz?
- Bu bəhanədi. Çünki Müsavatın bu gün əsas problemi qurultayın keçirilməsidi. Qurultay keçiriləcəyi haqda Müsavatın sədri dəyişməlidi. Burada İsa Qəmbərin partiyada və müxalifətdə yeri məsələsi var. Onlar istəyirdilər ki, Milli Şura yarananda AXCP, Müsavat və El hərəkatından ibarət həmsədrlik yaradılsın. Yəni İsa Qəmbərin Milli Şurada partiyaüstü bir postda olmasını istəyirdilər. Bundan sonra Müsavat rahat formada qurultayını keçirə bilsin. Bunlar bizim iştirakımızdan öncəki danışıqlar idi. Sonradan biz və Rüstəm İbrahimbəyov da buna qarşı çıxdı. Müsavat Partiyasının və başqanının da Rüstəm İbrahimbəyova qarşı çıxmasının əsas səbəblərindən biri bu idi.
- Arif Hacılı “Milli Şura yalnız real qüvvələrdən ibarət olmalıdı” fikrində nə dərəcədə haqlıdı?
- Bu açıq şəkildə Milli Şuranı parçalamaq istiqamətində atılan addımdı. Müsavat Partiyası öncədən də geniş əsaslı yox, dar çərçivəli bir təşkilatın olmasının tərəfdarı idi. İndi də Milli Şuranın yerində həmin istəklərinə uyğun dar çərçivəli bir təşkilat yaratmaq istəyirlər. El hərəkatına, Rüstəm İbrahimbəyova qarşı münasibət dəyişib deyə yalnız AXCP və Müsavatın əsasında dar birlik qurmaq istəyirlər. Buna kim mane olur ki? Hələ 2010-cu ildə mən AXCP ilə Müsavatın birləşməsini təklif etmişdim. AXCP-nin qurultayında da bu qərar verilmişdi. Buna kim maneə oldu? Sonra İctimai Palatanı yaratdılar, hələ də buraxmayıblar. Orada bu iki təşkilatın birliyinə kim maneə olurdu? İctimai Palatada ölkənin problemlərini həll edərdilər də. Əgər yalnız AXCP və Müsavat olan birlik istəyirlərsə, onda niyə Milli Şuraya gəldilər?
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?