Fəhmin Hacıyev 2013-cü ilin sirli və sensasional olaylarından danışdı; “Rüstəm bəylə Moskvada 4-5 saat söhbət etdik, çox məsələlərdən danışdıq, kimin nə qədər səs ala biləcəyinə qədər müzakirə etdik...” * * * *
Azərbaycan Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyevlə ötən həftə onun indi yaşadığı Ukrayna paytaxtında görüşdük. Maydan reportajları ilə yanaşı, onun Ukraynada cərəyan edən proses, Avromeydan haqda fikirlərini də aldıq və dərc etdik. Orada olarkən Fəhmin bəylə Azərbaycanın daxili durumu haqda da danışmışdıq. Söhbəti yazıya çevirdik, özünə göndərdik. Nəticədə ortaya belə bir müsahibə çıxdı. Həmin müsahibəni təqdim edirik.
“Azərbaycanda bugünkü münasibətlər sisteminin memarları Heydər Əliyev, İsa Qəmbər və Əli Kərimlidir”
F. Hacıyev söhbətə Azərbaycan və Ukraynanı müqayisəli təhlil etmək barədə sualımıza cavabla başlayır:
- İki ölkənin müqayisəsində üstünlüyün Ukraynada olmasının müəyyən təbii səbəbləri var. Onların da ən əsası budur ki, Ukrayna Azərbaycandan fərqli olaraq öz hakimiyyətini seçki yolu ilə formalaşdırıb. Demokratiyanın təməlini təşkil edən bu amil prezident Viktor Yuşşenkonun dönəmində ölkə üçün dönməz prosesə çevrildi. Bununla bərabər, demokratlar hakimiyyətdə Azərbaycandakı kimi 1 il qalıb qiyamla devrilmədilər. Yuşşenko iqtidarı öz qanuni hakimiyyət dönəmində ölkəni sözün əsl mənasında hərtərəfli inkişaf etdirdi. Məncə, bu çox ciddi faktordur. Bu gün Ukraynada vətəndaşların bu cür fəal şəkildə öz ölkələrinin gələcəyi ilə bağlı mövqe sərgiləməsi keçmiş iqtidarın vətəndaşlarda dövlət və millət təfəkkürünün düzgün formalaşdırmasından qaynaqlanır. Sözsüz, Ukraynada hakimiyyətin xalqla zor dilində davranışdan çəkinməsinin əsas amillərdən biri də xarici faktordur. Bu gün Ukrayna demokratik dünyanın mühafizəsi altındadır. Ancaq əgər vətəndaşlar küçələrə çıxmasaydı, bu qədər ağır şərtlər altında Avromaydan mücadiləsi verməsəydi, proses Rusiyanın istəyi əsasında davam edəcəkdi.
“Üzdə hamımız qardaşıq, danışırıq, görüşürük, ayrılan kimi bir-birimizin arxasında danışırıq. Bu iki partiya arasında soyuq yellər əsən kimi də digər cırtdan partiyalar dövriyyəyə girir”
- Bu gün Maydanda indiyə kimi siyasətə heç bir ilgi göstərməyənlər də minlərlədir. Sizcə, müxalifət bu şəxslərin öz vətəndaşlıq mövqelərini bildirməsinə necə nail oldu?
- Təbii, rəqibə qarşı heç bir şərtsiz ortaq mövqe nümayiş etdirməklə. Azərbaycandakı proseslər isə çox məyusedicidir. Mən hər zaman müxalifət düşərgəsini təmsil etmişəm və bu gün də belədir. Biz içərimizdə zamanımızı satqın axtarışına, bir-birinə şəbədə qoşmağa sərf edəndə digər cəmiyyətlər dialoq yaratmağın yollarını arayıb. Söhbət həm düşərgədaxili dialoqdan, həm də xalqla dialoqdan gedir. Bu siyasi mübarizədə son dərəcə önəmlidir. Azərbaycandakı naqisliklərin demək olar 95 faizinin kökü 1993-cü il hakimiyyət dəyişikliyindən sonra qoyulub. O dövrdə Heydər Əliyev günahkar axtarırdı – çünki onun düşüncəsinə görə biz günahkar idik. Qəribə odur ki, Heydər Əliyevin düşmən elan etdiklərinə biz də düşmən kəsilirdik. Bu proses 1993-cü ildə Azərbaycanda sonralar daha da dərinləşəcək parçalanmanın əsasını qoydu.
“Azərbaycanda hakimiyyətin azad seçki ilə gedəcəyini düşünmək dəlilikdir”
Mən bir yazımda da bildirmişəm ki, Azərbaycanda bugünkü münasibətlər sisteminin memarları Heydər Əliyev, İsa Qəmbər və Əli Kərimlidir. Öncə bu sistemi dəyişmək lazımdır. İllərdir bu sistem bizi bir-birimizlə mübarizə, bəzi hallarda isə hətta müharibə aparmağa sövq edib. Bu millət adına çox utancverici bir durumdur. Hamımızın səhvimiz var. Səhvimiz olmasaydı, hakimiyyətdən getməzdik ki. Ancaq bizim məqsədimiz eynidirsə, biz bir-birimizi deyil, hədəfimizi sıradan çıxarmalıyıq. Bax, Ukrayna bu son dərəcə mürəkkəb bir dönəmi bizdəki kimi ağrılı yaşamayıb. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada hər hansı düşərgədə fikir ayrılıqları, uzlaşmayan mövqelər olmasın. Ancaq hədəf eynidirsə, müəyyən müddət üçün bir arada olmaq vacibdir.
- Siyasi prosesləri kənardan izləyən, eyni zamanda müxalif düşərgəyə yaxşı bələd olan bir şəxs kimi necə düşünürsünüz, bu il demokratik qüvvələr nədən uğur qazana bilmədilər?
- Yenə də məsələnin mahiyyətində bayaq vurğuladığım düşmən axtarışı məsələsi dayanır. Bu gün Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası arasında müzakirələr, mübahisələr gedir, hətta bəzən bu sosial şəbəkələrdə gərginlik yaranır. Əgər bu müzakirələr bizim birləşməyimizə deyil, ayrılmağımıza xidmət edirsə, demək zərərlidir. Üzdə hamımız qardaşıq, danışırıq, görüşürük, ayrılan kimi bir-birimizin arxasında danışırıq. Bu iki partiya arasında soyuq yellər əsən kimi də digər cırtdan partiyalar dövriyyəyə girir. Sərdar Cəlaloğlu deyir müxalifətəm, ancaq onun son iki ildə ən çox vurduğu partiya Müsavat Partiyasıdır. Əgər Sərdar bəy müxalifəti tənqid etdiyi qədər İlham Əliyevi də tənqid etsəydi, mən ona bəraət qazandırardım. Bu tip problemlər bu şəxslərlə bağlı xalqda qeyri-ciddilik təsəvvürü formalaşdırır.
““Bu gün də çox təəssüf edirəm ki, Rüstəm bəyin qiymətini çoxları anlamadı...”
- Bu il ölkə müxalifəti seçkiyə Milli Şura formatında getdi. Ancaq nəticə gözləniləndən aşağı oldu. Siz də bu birliyə dəstək verənlərdənsiniz. Milli Şuranın gələcəyi ilə bağlı fikirləriniz necədir?
- Mən səmimi şəkildə Rüstəm İbrahimbəyovun bu ideyasını dəstəkləmişəm və onun Milli Şuranın sədri, müxalifətin namizədi olmasının tərəfdarı olmuşam. Gedib Moskvada onunla görüşmüşəm. Bu gün də çox təəssüf edirəm ki, Rüstəm bəyin qiymətini çoxları anlamadı. Rüstəm İbrahimbəyov Azərbaycanda siyasi hakimiyyətin dəyişdirilməsini cani-könüldən istəyən, bunun üçün bütün mümkün olanları edən bir şəxsdir. Son iki ildə mən Türkiyənin siyasi elitası ilə Azərbaycan məsələsini çox müzakirə eləmişəm. Türkiyədə əsas 3 beyin mərkəzi var. Bu beyin mərkəzləri Türkiyə siyasətini yönləndirmək üçün çox ciddi projelər ortaya qoyurlar. Xoşbəxtlikdən mən bu şəxslərin çoxu ilə şəxsən tanışam. Biz bu məsələləri həmin beyin mərkəzlərində də dəfələrlə müzakirə etmişik. Birinci onu deyim ki, İlham Əliyevin Türkiyədə ciddi dayaqları olduğu fikri ilə qətiyyən razı deyiləm. Azərbaycan hakimiyyətinə Türkiyənin siyasi dairələrində münasibət neqativdir. Bu məsələnin kökündə Azərbaycan məmurlarının dövlətin deyil, özlərinin maraqlarını təmsil etmələri dayanır. Türkiyədə dövlətə xidmət bir şərəf işi sayılır və bu şəxslər açıq-aşkar Azərbaycan siyasi elitasının dövlətçiliyin təməl prinsiplərindən xəbərsizliyini qəbul edə bilmirlər. Çox yüksək rütbəli Türkiyə rəsmisi söhbətimiz zamanı dedi ki, mən dövlət büdcəsindən ayda 4000 min dollar alıram, ancaq sizin məmurların maaşı 1500 dollardan yüksək deyil, bununla belə onların geyimləri az qala bizim yaşadığımız evlərin qiymətinədir, bu korrupsiyadır və biz bunu qəbul edə bilmərik. Azərbaycan müxalifətinin seçkiyə hazırlığı mərhələsində bu şəxslər də ən doğru addımın vahid namizədin müəyyən edilməsi olduğunu bildirmişdilər. Ankara analitikləri bildirdilər ki, bütün hallarda müxalifət liderlərindən kiminsə vahid namizəd olması Azərbaycana zərərdir. Ona görə ki, bu halda bir daxili qəbulolunmazlıq baş verəcək. Bu səbəbdən neytral bir şəxs olması vacibdir. Ankarada bildirirdilər ki, vahid namizəd Azərbaycanda marağı olan bütün dövlətləri, ən asası da xalqı təmsil etsin. Gündəlikdə Rüstəm bəyin namizədi olduğu üçün biz də onun haqqında bilgi verdik. Mənə bildirildi ki, Rüstəm İbrahimbəyovla görüşməyə ehtiyac var. Biz onunla Moskvada 4-5 saat söhbət etdik. Şəxslərdən tutmuş, siyasi güclərə qədər çox məsələlərdən danışdıq, kimin nə qədər səs ala biləcəyinə qədər müzakirə etdik. Rüstəm İbrahimbəyov özü dedi ki, Azərbaycanda xalqın bu hakimiyyətin getməyini istəməsi gözəldir, ancaq bu hakimiyyət məni namizəd olmağa qoymayacaq, gəlin Cəmil Həsənlini qabağa verək.
“Ankara analitikləri bildirdilər ki, bütün hallarda müxalifət liderlərindən kiminsə vahid namizəd olması Azərbaycana zərərdir. Ona görə ki...”
- Bu təklifə siz nə dediniz?
- Etiraz etdim, dedim ki, siz daha populyarsınız, Cəmil Həsənli dünya çapında da, ölkə çapında da sizin qədər populyar deyil. Ona görə də onun namizədliyi sizin namizədliyiniz qədər effektli olmayacaq. Rüstəm bəy bir məsələni də xüsusi vurğuladı, dedi ki, mən başa düşürəm, Müsavat, AXCP Milli Şurada 10 nəfərlik yer istəyir, ancaq cırtdan partiyalar da eyni sayda yerə iddialıdır. İbrahimbəyov bildirdi ki, bəzi liderlərin Milli Şurada olması xatirinə mən buna etiraz eləmirəm, təki birlik olsun. Rüstəm bəy dedi ki, mən həyatımı yaşamışam, şəxs olaraq heç nəyə ehtiyacım yoxdur, bu yaşımda mübarizəyə qoşulmağım ancaq xalqım üçündür. Bəzən onu qınayırlar ki, indiyə kimi hardaydı? Eyni sualı başqa adamlara da vermək olar. Mən bu gün də onun Milli Şuradan faktiki getməsini və yalnız fəxri sədr kimi qalmasını nə ona, nə də özümüzə yaraşdırmıram. Biz bunu daha yaxşı formada eləyə bilərdik. İndiki formanı qəbul edə bilmirəm.
- Cəmil Həsənlinin seçkidəki fəaliyyəti sizin gözləntilərinizə uyğun gəldimi?
- Cəmil müəllim çox yüksək səviyyədə bir kampaniya qurdu. Bu, bizim texnoloqların hazırladığı səviyyədən çox-çox üstdə olan bir kampaniya idi.
- Cəmil Həsənlinin namizədliyi, xüsusən seçki debatlarındakı çıxışları çox yüksək qarşılansa da müxalifət xalqdan gərəkli dəstəyi ala bilmədi. Səbəb nədi sizcə?
- Fakt odur ki, seçkiyə gələnlərin 60 faizi Cəmil Həsənliyə səs verib. Ancaq bu qələbə üçün yetərli deyil. Biz kütləviliyi təmin etməliydik. Bu gün müxalifətin qarşısındakı bir nömrəli məsələ seçkilərdə xalqın fəallığını artırmaqdır. Bunun da yolu seçicini verdiyi səsi qorumasının vacibliyinə inandırmaqdır. Azərbaycanda hakimiyyətin azad seçki ilə dəyişəcəyini düşünmək dəlilikdir. Xalq seçkiyə gəlməklə yanaşı səsinin müdafiəsinə qalxmasa, hakimiyyət dəyişikliyi mümkün olmayacaq.
- İki il sonra yeni parlament seçkiləri gəlir? Sizcə, müxalifətin ən yaxın planları nə olmalıdır?
- Gündəlik sosial tələbləri qabardaraq aktivliyi saxlamaq vacibdir. Ancaq indidən kim hansı dairədən seçilmək istəyirsə, orada işə başlamalıdır. Seçki kampaniyasına 6 ay qalmış seçkiyə hazırlaşmağa başlayanda nəticə son seçkilərdəki kimi olur. Bunu qətiyyən unutmaq olmaz. Kim özünü hansısa dairədən tərəfdar toplamağa hazır bilirsə, bugündən vətəndaşlarla işə başlamalıdır. Seçkiyə təxminən 700 gün var. 700 günün 500-ündə vətəndaşı bir çay süfrəsində söhbətə dəvət edib nə qədər tərəfdar toplamaq olar. Bu artıq indidən nəticə üçün çalışmaq deməkdir.
- Yenə Ukraynaya qayıdaq. Vətəndaşlar hakimiyyətlərinin antidemokratik mahiyyətindən, bürokratiyadan çox gileylənirlər. Məmur-vətəndaş münasibətləri Azərbaycandakı ilə çoxmu oxşardır?
“Rüstəm İbrahimbəyov özü dedi ki, Azərbaycanda xalqın bu hakimiyyətin getməyini istəməsi gözəldir, ancaq bu hakimiyyət məni namizəd olmağa qoymayacaq, gəlin Cəmil Həsənlini qabağa verək”
- Əksinə xeyli fərqlidir. Aşağı rütbəli məmurlarla xalq arasında ciddi problem yoxdur. Çünki qanunların çoxu işləyir. Bir müddət öncə iki polis bir qadına təcavüz etmişdi, qadının yaşadığı kəndin sakinləri polisin yerli bölməsinin binasını yandırdı, Kiyevdə iki polis bölməsi dağıdıldı. Bu prosesin heç birində müxalifət yox idi. Xalq özü müstəqil qaydada etirazını ifadə edirdi. Sonda bir neçə general vəzifədən getdi, 3 polis zabiti 10-11 il azadlıqdan məhrum edildi, polis rəisi, həmin işə baxaraq polisin xeyrinə qərar çıxaran hakim sistemdən qovuldu. Azərbaycanda 10 il həbsdə qaldım. Adamı döyüb - öldürürlər cəmiyyət heç reaksiya vermir. Kəndə türmədən cənazə gəlir camaat deyir ki, görəsən bu uşaq türmədə nə qələt eləyib ki, vurub öldürüblər... Bu xalq başa düşmür ki, lap onun dediyi kimi, ortada bir qələt varsa, şəxsi öldürmək yox, qanunla cəzalandırmaq lazımdır. Yəni bizdə təfəkkür çağdaş, sivil dünyanın düşüncə tərzindən çox uzaqdır. Bu düşüncəni dəyişmək üçün isə müxalifətin ciddi təbliğat aparmasına ehtiyac var.
Ukraynada bütün dinlərin təmsilçiləri - müsəlmanı da xristianı da haqqın-xalqın yanındadır. Yəni Allaha və onun ədalətinə təmənnasız inanırlar. Daha bizdəki kimi deyillər. Meydanlarımızda minlərlə insanımız döyülür, şikəst edilir, həbsxanaya salınır. Allahşükür Paşazadə isə haqqı tapdalayan, ölkəni talayan rejimə mədhiyyələr deyir. Əksər dindarlar nəfisləri uçbatından rejimin alətinə çevrildiklərindən haqqın, ədalətin yanında deyillər. Soruşmaq istəyirəm onlardan əlinizdə bayraq etdiyiniz Müqəddəs Qurani-Kərimdə Allah beləmi buyurub?
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?