Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb. Bu barədə Putin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə bildirib. Onun sözlərinə görə, Kiyevlə danışıqların şərtləri bunlardır: Ukrayna qoşunları Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin inzibati sərhədləri daxilindən tamamilə çıxarılmalıdır. Ukrayna qoşunlarının real çıxarılması başlayan kimi və Kiyev NATO üzvlüyündən imtina etmək planlarını bildirən kimi, Moskva atəşkəs və danışıqların başlanması barədə göstəriş verəcək. "Rusiya ordusu Xerson və Zaporojye vilayətlərinin bir hissəsini ələ keçirdikdən sonra bir sıra ölkələr vasitəçiliyə hazır olduqlarını bəyan ediblər", o deyib. Putinin sözlərinə görə, Rusiya 2022-ci il martın 5-də Moskvaya səfər edən xarici liderin vasitəçiliyini qəbul edib. Putin qeyd edib ki, 2022-ci ilin martında Moskva Rusiyanın Krıma quru çıxış şərti ilə Ukraynanın Xerson və Zaporojye vilayətləri üzərində suverenliyini qoruyub saxlamağı istisna etməyib. Rusiya Prezidenti həmin vaxt vasitəçilik edən xarici ölkə liderinin daha sonra Kiyevə səfər etdiyini, bu təklifi orada səsləndirdiyini, lakin Ukraynanın həmin təklifi rədd etdiyini və həmin xarici ölkə liderini Rusiyanın maraqlarını müdafiə etməkdə günahlandırdığını söyləyib. Mövzunu “Sherg.az”a dəyərləndirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli söyləyib ki, Putin üstün vəziyyətdə olduğunu görür və bundan istifadə etmək istəyir: “Ukrayna müharibəsi uzandıqca Qərb dairələrində narahatlıqlar yaranır. Digər tərəfdən Qərbin Ukraynaya silah təchizatı gecikir və yaxud verilmir. Putin də bütün bunlardan istifadə edərək belə şərtlər irəli sürür. Eyni zamanda Rusiya Lideri müharibənin belə bitməsini uğurlu son kimi görür. Çünki Putinin özü də bezib və savaşa davam edə bilmir. Ümumiyyətlə hər iki tərəf də yorulub. Amma Ukraynanın Xersonu yenidən ruslara təhvil verəcəyinə inanmıram. İndiki məqamda Putinin bu tələbi yerinə yetirilməyəcək”.
Sorğu
Yeni dizaynımız necədir?