Leyla Yunus: “NKVD professoru Marsa agentlik etdiyinə görə qətlə yetirmişdi” “Gündəm xəbər” qəzetinin suallarına Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus cavab verib. - Leyla xanım, bir neçə gün əvvəl sizin ad gününüz olub. Maraqlıdır, ad günlərinizi necə qeyd etmisiniz? - Mən ad günümü qeyd etmirəm. Sizə deyim ki, haradasa iyirmi ildən çoxdur ki, mən doğum günlərimi ümumiyyətlə qeyd etmirəm. - Bunun səbəbi nədir? - Əhvalım olmur. - Azərbaycan kimi qanunların heç də ali olmadığı cəmiyyətdə doğum günü qeyd etmək çətindirmi? - Mən dekabrın 10-da xüsusi açıqlama yaymışam. Qeyd etmişəm ki, 10 Dekabr İnsan Hüquqları Günü Azərbaycanda bayram deyil. Öz ad günümlə bağlı gəldikdə deyim ki, yüksək əhvalım yoxdur və mən adəti üzrə işimlə məşğulam. - Siz konkret olaraq hansı istiqamətdə çalışırsınız? - Konkret olaraq sizə deyim. Dekabrın 16-də xəbər yayıldı ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli həbs edilib. Mən həmin dəqiqədən kompüterin arxasında oturmuşam və Avropa Şurasına üzv dövlətlərdə çalışan insan hüquq müdafiəçiləri ilə yazışıram, onlara müəyyən informasiyalar göndərir, xahişlər edirəm ki, öz dövlətlərinin xarici işlər nazirlərinə, Avropa Şurasının deputatlarına məlumatlar çatdırsınlar. Mən əlbəttə Azərbaycanda aparılan həbslər və repressiyalar haqda onlara informasiya verirəm. Hesab edirəm ki, belə bir ölkə Avropa Şurasının Nazirlər Komitəsinin sədri olmağa layiq deyil. Bu həmin qurumlar qarşısında bu məsələləri qaldırmağı xahiş etmişəm. Həftə ərzində demək olar ki, bu istiqamətdə işləmişəm. Hazırda məqalə yazıram və gələn həftə mətbuatda çap ediləcək. Məqalə “Azərbaycanda prezident seçkilərindən sonra vicdan məhbuslarına qarşı məhkəmələr” adlanır. Bir sözlə, mən yerimdə oturub saymır və ciddi şəkildə işləyirəm. - Sizcə, Anar Məmmədli nəyə görə həbs edildi? - Fikrimcə, Azərbaycandakı rejim Anar Məmmədlidən qisas alır. Çünki Anar Məmmədli öz işini yaxşı aparıb, yaxşı informasiya və sübutlar toplayıb, eləcə də seçkinin saxta keçirildiyi haqda müfəssəl məlumatı dünyaya yaydı. Onun bu informasiyasından beynəlxalq təşkilatlar da istifadə edib. Hazırda ondan qisas alır, habelə vətəndaş cəmiyyətinə mesaj verirlər ki, açıq şəkildə danışsanız sizi də bu vəziyyətə salarıq. Bi sözlə, Anar Məmmədlidən qisas alır, digərlərini isə onun həsilə bir növ qorxdurlar. Konkret olaraq Anar Məmmədlinin həbsinə səbəb prezident seçkiləri dövründə apardığı işdir. Əlbəttə, aydın məsələdir ki, bəhanə başqadır. - Anar Məmmədli QHT rəhbəridir, ancaq onu qanunsuz sahibkarlıq fəaliyyətinə görə ittiham edirlər. Sizcə, bu qəribə deyilmi? - Ola bilsin ki, bu sizin üçün qəribədir, amma mənim üçün qəribə deyil. Mən sizə bir misal gətirim. Mən aspirant olduğum zaman əsasən arxivlərdə işləyirdim. Sovet vaxtında isə arxivlər KQB-nin nəzarətində idi. Mənim mövzum XV-XVI əsrlərə aid idi. Mənimlə arxivdə bir qız işləyirdi və əsasən XX əsrin tarixini araşdırırdı. Bir dəfə bu qız mənə qəribə bir sənəd göstərdi. Təsəvvür edin ki, 1933-cü ildə NKVD professor olan astronomu idarəyə gətirib istintaq aparıb. Protokolda istintaqı aparan müstəntiq deyir ki, bu gün çox yorulub, haradasa gün ərzində 22-23-cü adam danışdırıb. Daha son müstəntiq professora deyir ki, özünün halı yoxdur ki, səni hansı ölkənin agenti olduğunu yazım. Yaxşısı budur özün bunu yaz, məndə çay içim. Səni də döyməyəcəyimə söz verirəm. Professor da izahatında yazır ki, o, Marsdan və Yupiterdən bura göndərilib və sovet ölkəsində işləyir. Müstəntiq çay içəndən sonra qayıdıb ərizəyə imza atır və professoru güllələyirlər. Daha cinayət məcəlləsi, konkret cinayət törədib-tərətmədiyin elə də maraqlı deyil. İstəyirsən yaz ki, Marsdan bura kəşfiyyata göndəriblər. Bizdə də, vəziyyət bu cürdür. Əgər yuxarıdan göstəriş gəliblsə ki, sənə 3 il cəza verilsin, bunu hökmən verəcəklər. Daha sənin buna layiq olub-olmadığın, ümumiyyətlə cinayət törədib-törətmədiyin maraqlı deyil. Heç sənin cinayət işinin materialını da oxuyan yoxdur. Vəziyyət bundan ibarətdir. Mən artıq 30 ilə yaxındır ki, bu işlə məşğulam və görürəm ki, 1930-cu illərin vəziyyəti geri qayıdır. Əlbəttə, mən məqaləmdə və ya müraciətlərimdə hansı maddələrlə həbs olunduğunu yazıram. Ancaq realda bəllidir ki, irəli sürülən ittihamlar sadəcə bəhanə xarakterindədir. - Hazırda bizdə həbs edilən siyasi məhbusların konkret sayı bəllidirmi? - Hazırda Azərbaycanda hər gün həbslər aparılır. Anar Məmmədli dekabrın 16-də həbs edilib. Ondan qabaq haradasa on nəfər dindar saxlanılıb. Hazırda mənim siyahımda həbsdə olan siyasi məhbusların sayı 150 nəfərdən çoxdur. Ancaq siyahı hər gün işlənməlidir. Odur ki, bu hər gün vaxt aparır. Həm də biz siyahını hazırlamaqla yanaşı sübutları da toplayırıq. Onu da qeyd edim ki, siz jurnalist kimi Anar Məmmədlini, Qurban Məmmədovu, NİDA-çıları və digər şəxsləri tanıyırsınız. Ancaq elə şəxslər var ki, siz onları ümumiyyətlə tanımırsınız. Lakin məndə sübutlar var ki, bu şəxslər də siyasi məhbuslardır. Onları seçkiqabağı dövrdə tutublar. Babək Ədalətli adlı bir həkim var. Onun 61 yaşı var və hazırda məhkəməsi gedir. Bu işi də hakim Azər Orucov aparır. Məndə onun istintaq materiallı var. Lakin onu təhlil etmək lazımdır. Həkimin üzərinə 15 qram hereoin qoyublar. Belə adamları siz tanımırsınız. Ancaq bizə bu cür informasiyalar daxil olur. Odur ki, bizdə olan xəbərlər və faktlar əsasında hazırlanan siyahıda azı 150 siyasi və vicdan məhbusu var. - Bu siyahını beynəlxalq insan hüquqlarının müdafiə təşkilatları və nüfuzlu beynəlxalq qurumlar qəbul edirmi? - Siyasi məhbuslar üzrə Avropa Şurasının sonuncu məruzəçisi Kristofer Ştrasser kimin siyahısını əsas götürmüşdü? Sülh və Demokratiya İnstitutunun siyahısında olan məhbusların hamısının adı onun hesabatında var idi. Məruzəçi bizim siyahımızda olan bir nəfər məhbusu belə kənarda saxlamadı. Ştrassrerin siyahısında bizim siyasi məhbus hesab etdiyimiz 84 nəfərin adı var idi. Bu ilin yanvarından bu yana isə məhbusların sayı 150-ni keçib. - Siz də yuxarıda qeyd etdiniz ki, Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edəcək. Sizcə, 150 nəfər siyasi məhbusu olan ölkə doğurdanmı AŞ-nın Nazirlər Komitəsinə sədrlik edəcək? - Edəcək. Onu da deyim ki, artıq insan hüquqlarının müdafiəsi təşkilatları bu məsələləri qaldırır, məktublar yazırlar. Ancaq Avropa Şurasının Nazirlər Komitəsinin və xarici siyasətinə məsul şəxslərin sonda hansı fikrə gələcəklərini mən deyə bilmərəm. Bunu heç kəs də deyə bilməz. Ancaq onu deyə bilərəm ki, Avropa Şurasına üzv ölkələrdə işləyən mənim həmkarlarım bu məsələləri qaldırırlar. Mənim də onlara göndərdiyim informasiyalardan istifadə edirlər. - Bundan sonra yeni həbsləri gözləyirsinizmi? - Bəli, çox təəssüflər olsun ki, mən həbsləri gözləyirəm. - Bizdə indiyə qədər 150-dən çox siyasi məhbus olubmu? - Bəli, olub. 2001-ci ildə 714 məhbus olub. 2004-cü ildə siyasi məhbusların sayı 200-ə yaxın idi. - Ölkədə bütün sahələrdə vəziyyət qənaətbəxş deyil. Qanunun aliliyi məsələsində problem var, cəmiyyət korrupsiyadan əziyyət çəkir, monopoliya, qara iqtisadiyyat göz önündədir, insan haqlarının vəziyyətini siz daha dərindən bilirsiniz. Bəs bu durumdan çıxış yolu varmı? - Azərbaycan vətəndaşları özlərini vətəndaş kimi hiss etməlidir. Öz ölkəsinin sahibi olmalıdırlar. Əfsuslar olsun ki, bizdə böyük çoxluq özünü qul hesab edir. Onların vətəndaşlıq məsuliyyəti və hissi zəifdir. - Azərbaycan hökumətinin Avropanın nəhəng dövlətləri ilə imzaladığı bir sıra iri müqavilələr, o cümlədən “Şahdəniz-2” ölkəmizdə demokratiyanın inkişafına maneə yaradacaqmı? - Kontraktın özü maneə yaratmır. Ancaq Azərbaycan hökumətinə Avropa Şurasında və digər qurumlarda deyirlər ki, siz demokrtiya və neft-qaz məsələsini seçin. - Siz tarixçisiniz, ölkənin gələcəyi haqda nikbin danışmaq olarmı? - İki cür ola bilər. Biz İranın və SSRİ-nin, Misirin tarixinə baxa bilərik. İran şah zamanında ABŞ-la dost idi, neftini Avropaya verirdi. Misiri bizə misal kimi gətirirdilər, deyirdilər ki, ölkə tədricən inkişaf edir. Amma 1979-cu ildə İranda millət şaha qarşı durdu, heç kim gözləmirdi ki, islamçılar hakimiyyətə gələ bilər. Çünki həmin dövrdə Avropada təhsil alan minlərlə iranlı var idi. Kommunist Partiyası da güclü idi. Lakin İranda əldə olunan nəticə göz önündədir. Misirdə də deyirdilər ki, Mübarək hələ hakimiyyətdə qalacaq, ölkə təkamül yolu ilə inkişaf edəcək, demokratiya gələcək və s. Amma orada da sosial partlayış baş verdi, hakimiyyətə də islamçılar gəldi. Sosial partlayış olmayan Gürcüstan kimi ölkələrdə isə millətin tələbi ilə hökumətlər dəyişə bilər. Biz də əslində Gürcüstan yolu ilə getməliyik və belə imkanlardan istifadə olunmalıdır. - Sizi həm öz həmkarlarınız, həm də hökumətə yaxın şəxslər tənqid edir... - Mən bu məsələyə diqqət ayırmaq istəmirəm. - Milli Məclisin son sessiyasında sizi tənqid ediblər. Bundan xəbəriniz varmı? - Bu haqda haradasa məqalə oxumuşdum. - Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova sizi tənqid edərək deyib ki, Leyla Yunusun hansı prinsiplərlə özünü Azərbaycan vətəndaşı hesab etməsi ona çatmır.... - Mən yuxarıda sizə professorun Marsdan gələn agent kimi güllələnməsi haqda danışdım. Mən tarixçiyəm. Qeyd edim ki, dissertasiyanı 25 yaşında müdafiə etmişəm. AMEA-nın Tarix İnstitutunda hamı deyirdi ki, ilk dəfədir ki, cavan şəxs namizəd olub. Sonra məni Böyük Birtaniyaya dəvət etmişdilər və mən orada mühazirə oxuyurdum. O zaman Dilarə Seyidzadə çıxış edib deyirdi ki, nəyə görə Leyla Yunusu ora dəvət ediblər. Bu haradasa 1989-cu il idi. Hazırda Dilarə Seyidzadə Prezident Adminstrasiyasında çalışır. Mən o vaxtdan yaxşı anlayırdım ki, hansı ölkədə yaşayıram və indi də bilirəm ki, necə ölkədə yaşayıram. Stalin zamanında bilirdilər ki, qapı döyülə və səni qazamata apara bilərlər. Bunu uşaqlıqdan biləndə və mən yaşa çatanda isə bu adi olur. - Siz həbs olunmanızı gözləyirsinizmi? - Mən bunu 18 yaşımdan gözləyirəm. Mən SSRİ zamanı milli azadlıq hərəkatında olmuşam. Mən iclaslarda iştirak edirdim və orada iştirak etmək SSRİ hüquq qanunvericiliyinə görə cinayət idi. Qeyd edim ki, bu toplantılarda yəhudilər, ukraynalılar və digər xalqların nümayəndələri də təmsil olunurdu. Biz bilirdik ki, həbs olunsaq çox ağır formada cəzalandırılacağıq. Əgər bilməsəydik bu işlə məşğul olmazdıq. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?