"KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi, çünki Ermənistana qarşı heç bir xarici təcavüz olmamışdı. Hər bir ölkənin təhlükəsizlik sahəsində nə edəcəyini özü seçmək hüququ var". Bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstanda keçirilən sammitində iştirak etməməsinə münasibət bildirərkən deyib. Rusiya Prezidenti qeyd edib ki, Ermənistan təşkilatdan çıxdığını elan etməyib. Putin əlavə edib ki, İrəvanın KTMT-də tamhüquqlu işə qayıtması ehtimalı qalır və Ermənistan təşkilatın sammitinin bütün sənədlərini dəstəkləyir. Rusiya lideri hesab edir ki, Ermənistanın KTMT-yə hazırkı münasibətini daxili siyasi problemlər və Qarabağ mövzusu diktə edir. Prezident vurğulayıb ki, KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi, çünki bu halda Ermənistana qarşı heç bir xarici təcavüz olmamışdı. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib ki, Rusiyanın nüvə çətiri yenilənmiş doktrinaya əsasən ilk növbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərinə aiddir. O, yeni doktrinada həmçinin Belarusla bağlı əlavənin olduğunu söyləyib. Bildirib ki, Belarusa adi silahlarla hücum halında belə nüvə silahından istifadə ediləcək. KTMT-yə Rusiya, Belarusa, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir. Xatırladaq ki, Ermənistan KTMT-nin 28 noyabrda Astanada keçirilən növbəti zirvə toplantısında iştirakdan da imtina edib.
Gundemxeber.az bildirir ki, politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Ermənistan KTMT de-fakto çıxıb. Analitik bildirib ki, 30 il ərzində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) nəinki beynəlxalq müstəvidə, heç regional təşkilat kimi özünü doğrultmayıb: "Rusiya bu təşkilata üzv ölkələrlə bərabərhüquqlu deyil, Moskvaya tabe etdirmək siyasəti apardı. Ona görə də üzv ölkələr təşkilatın inkişafında maraqlı olmadılar. Görüntü xatirinə bu təşkilatda qaldılar. Ümumiyyətlə, yeni dünya siyasi nizamında bu təşkilata ehtiyac olmayacaq. KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir. Bu iki üzv Rusiya-Ukrayna müharibəsində neytrallıq nümayiş etdirir. Ermənistana gəldikdə isə KTMT de-fakto fəaliyyətini dayandırıb. Gələn ildən de-yure bu təşkilatı tərk edə bilər. Artıq Ermənistan üçün KTMT öz aktuallığını itirib. Rusiya rəhbərliyi KTMT müasir siyasi və hərbi çağırışlara cavab vermədiyinin fərqindədir. Qazaxıstan və Qırğızıstan daha çox Türk Birliyi çərçivəsində hərbi təşkilatda maraqlıdır və Ankara ilə təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirir. Çünki Rusiya KTMT çərçivəsində bu iki ölkəni öz təsir dairəsində saxlamaq istəyir".
Analitikə görə, Rusiya nüvə çətirinin müttəfiq ölkələrə şamil edildiyini vurğulamaqla KTMT-nin nüvə çətiri olduğunu Qərbə mesaj verir: "Amma belə bir proses KTMT-ni inkişaf etdirməyəcək. Rusiya Ukraynada qalib gələrsə, yeni üzvlər cəlb etməklə, KTMT-ni NATO-ya alternativ edə bilər. Hazırda isə KTMT parçalanır və zəifləyir. KTMT-nin Ukrayna müharibəsində olmaması bu təşkilatın kağız üzərində fəaliyyət göstərdiyini nümayiş etdirdi. Rusiya Kursk uğrunda döyüşlərdə KTMT üzvlərindən yox, Şimali Koreyadan yardım aldı".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?