“Həyat yoldaşım “AccessBank”ın mərkəzi filialında kredit mütəxəssisi işləyirdi. Bir dostu ilə 3-5 dəfəyə sələmçidən pul götürüb “Topaz”da (futbol qumarı-red.) oynayıblar, hər dəfə də uduzublar. Bankdan kreditlər götürməklə 13 min manatın qarşılığında 19 min manat ödəsələr də yığılıb qalmış təqribən 40-41 min manat faizi ödəyə bilməmişdilər. Sələmçinin prokurorluğa şikayətindən sonra həyat yoldaşım və dostu həbs olundu”.
Bunları “Azadlıq” radiosunun “Qaynar xətt”inə Ağstafadan olan Tamara Seyidova danışıb. O, həyat yoldaşı, 28 yaşlı Anar Seyidovun həbsini qanunsuz sayır: “Əgər yoldaşım pulu sələmə götürüb faizlərini ödəməmişdisə, bu, mülki iş idi. Sələmçi məhkəməyə şikayət edə bilərdi. Yoldaşımın kredit mütəxəssisi kimi aylıq maaşı 1700 manat idi. 1 ilə 20 min manata yaxın pul edirdi. Məhkəmə borcunu aylara böləydi, yoldaşımın maaşından tutaydı. Sələmə görə adam tutmurlar. Ancaq yoldaşımı aldadıb, 62800 manata qol çəkdirib həbs etdilər”.
Tamara Seyidova deyir ki, həyat yoldaşına sələmə pul vermiş Zamiq Hüseynov əvvəllər də Xətai Rayon Polis İdarəsinə şükayət edib. Ancaq polis idarəsi işin cinayət yox, mülki xarakterli olduğunu əsas gətirərək cinayət işi başlanmasını rədd edib və şikayətçiyə tövsiyə edib ki, məhkəməyə müraciət etsin. Xətait rayon prokuroru Yusif İldırımzadə həmin qərarı ləğv edib və işin polisdə araşdırılması ilə bağlı yeni qərar verib.
Tamara Seyidovanın dediklərindən: “Həyat yoldaşımın ifadələrini kompüterdə yazıblar. Sonradan hər yerdən “sələm” sözünü çıxarıblar”.
Xətai Rayon Polis İdarəsindən bildiriblər ki, Anar Seyidov və Samir İsmayılov Zamiq Hüseynov adlı şəxsin idarəyə şikayəti əsasında həbs olunub. Şikayətçi bildirib ki, hər iki şəxs onun etibarından sui-istifadə edərək 68 min manat pulunu əlindən alıblar. Polisdə araşdırma aparıldıqdan sonra fakt üzrə Cinayət Məcəlləsinin qrup şəklində dələduzluq maddəsi ilə cinayət işi başlanıb, ilkin dindirmələrdən sonra hər ikisi həbs edilib. Polis idarəsindən yaxın günlərdə iş materiallarının məhkəmə baxışına göndəriləcəyini də deyiblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?