Piketin yanvarın 31-də saat 15.00-da Sabir bağında keçirilməsi nəzərdə tutulub Yanvarın 31-də bir neçə media orqanı qəzet yayımına qoyulan qadağaya etiraz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirməyi qərarlaşdırıb. Artıq bununla bağlı yanvarın 27-də meriyaya rəsmi müraciət də edilib. Bu barədə musavat.com-a “Yeni Müsavat”ın hüquqşünası Vaqif Hüseyn məlumat verib. Müraciətdə bildirilir: “Bildirmək istəyirik ki, Bakı şəhərinin küçələrində küçə ticarətinə, qəzet və jurnalların səyyar satış nöqtələrinə Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən verilmiş icazələr 1 yanvar 2014-cü ildən ləğv edilib. Hesab ediirk ki, Bakı Şəhər Ticarət və Xidmət Departamentinin bu qərarı qanunsuz, əsassız olmaqla yanaşı, kütləvi informasiya vasitələrinin fəaliyyətinə ağır zərbə vurur və onları bağlanmaq təhlükəsi ilə üz üzə qoyur. Belə ki, qəzetlərin daha çox və rahat satıldığı məkanlardan biri də səyyar satış nöqtələridir, köşklərdir. İndi burada qəzet satışına qadağa qoyulması həmin qəzetlərə külli miqdarda ziyan vurur və onların fəaliyyətinin davamlılığımı ciddi şəkildə pozur. Bununla əlaqədar “Yeni Müsavat” qəzeti Konstitusiyanın 49-cu maddəsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna əsasən, 31 yanvarda saat 15.00-dan 16.00-dək Sabir bağının ərazisində- Azərbaycan prospekti və İstiqlaliyyət küçələrinin tinində piket keçicərəklər. Piketin şüarları “Mətbuata təzyiqlərə son qoyulsun!”, “Səyyar satış nöqtələrinə verilmiş icazələr bərpa olunsun!”, “Qanunsuz və özbaşına qərarlara son verilsin!”,- olacaq. Piketdə 50 nəfərin iştirakı nəzərdə tutulur”. V.Hüseyn bildirib ki, məktubda təşkilatçılar təkcə “Yeni Müsavat” qəzetinin rəhbərliyi göstərilib: “Bu, vaxt azlığı ilə bağlı idi. Çünki üç nəfərin imzası lazım idi, biz bu səbəbdən başqa redaksiyaların adını qeyd etmədik. Ancaq bu, piketin təkcə “Yeni Müsavat” tərəfindən keçiriləcəyi anlamına gəlmir. Piketə digər, bunu razılaşdırmış mətbuat vasitələri də qoşulacaq”. Qeyd edək ki, son günlər müstəqil qəzetlərə yaradılan əngəllər, qəzet köşklərinin bağlanması, yayım firmalarına olunan təzyiqlər, xüsusilə, səyyar qəzet satışının qadağan olunması ilə bağlı bir neçə gün əvvəl redaktorların və yayımçıların toplantısı keçirilib, burada piket qərarı verilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?