“Azəriqaz” İstehsalat Birliyinin Nəsimi Rayon Qaz İstismar İdarəsində çalışan Qarabağ əlilləri Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirəcək.
Bu barədə virtualaz.org saytına idarədə çalışan Qarabağ əlilləri məlumat veriblər.
“Artıq işdən çıxarılmağımızla bağlı bildiriş almışıq. İdarə rəhbərliyi öz ərizəmizlə işdən getməyimiz üçün müxtəlif təzyiqlər göstərdi. Bir ildə 3-4 dəfə tibbi komissiyadan keçirildik, müxtəlif sənədlər istədilər. Bizim işdən çıxarılmağımıza səbəb tapa bilmədilər, indi isə ixtisarlar bəhanə gətirilir” - deyə şikayətçilər söyləyiblər.
Onların sözlərinə görə, aksiyanın keçirilməsinə maneçilik törədiləcəyi nəzərə alınaraq vaxt açıqlanmır: “Prezident Administrasiyasından sonra Ukrayna səfirliynə müraciət edərək bu ölkədən sığınacaq və vətəndaşlıq istəyəcəyik. Biz artıq rəsmi müraciət edərək vətəndaşlıqdan çıxarılmağımızı xahiş etmişik. Aksiyadan sonra Ukrayna səfirliyinə gedəcəyik”.
Qeyd edək ki, “Azəriqaz”da ixtisarlar başlanılıb. Ötən həftə şöbə rəislərinin sürücüləri də işdən çıxarılıb. Mühəndislərin isə attestasiyasına başlanılıb.
Virtualaz.org saytına daxil olan məlumata görə, attestasiyada salınan sualların əksəriyyəti narazılıqla qarşılanıb. Belə ki, mühəndislərə verilən suallar arasında “ilanla qarşılaşacağınız halda nə edərsiniz” kimi suallar da var. Şifahi suallarda biri isə “niyə rəislərinizə şikayət edirsiniz” olub.
“Azəriqaz” İstehsalat Birliyi mətbuat xidmətinin rəhbəri Araz Ağayev virtualaz.org saytına bildirdi ki, Nəsimi Qİİ-də çalışan əlillər işdən çıxarılmayıb: “Qarabağ əlilləri işdən uzaqlaşdırılmayıb. Onlara bu barədə bildiriş də verilməyib”.
Sorğu
Yeni dizaynımız necədir?