“Yuxuda gördüm ki, bir arvad məni qatardan səsləyir. Sonra 4 nəfər məni oğurlayıb aparır”
Bu, Xaçmazın Susayqışlaq kəndində yaşayan, kənd orta məktəbinin 9-cu sinifində oxuyan Qalib Ağamalıyevin yuxusudur. Bir neçə gün əvvəl gördüyü yuxunu həmyaşıdlarına danışan Qalib ağlına da gətirmir ki, uşaqlar onun yuxusunu evdə böyüklərinə danışacaq, böyüklər də gerçək hadisə kimi mətbuata ötürəcək. Xəbər başlıqları da belə olacaq:
“Silahlı vəhhabilər məktəbdən qayıdan 5-ci sinif şagirdini oğurladı”.
“Sensasiya” iki gün xəbər saytlarından və qəzet manşetlərindən beləcə asılı qalacaq:
“Yanvarın 23-də Xaçmazın Susayqışlaq kəndində dərsdən evə qayıdan məktəbli yolda silahlı birləşmənin üzvləri ilə qarşılaşır. Dəstə üzvləri ona deyirlər ki, bizi gördüyünü kimsəyə desən gəlib səni də, ailəni də qırarıq. Uşaq evə gəlib gördüklərini valideynlərinə danışır. Atası da “102”-yə zəng vurub polisi məlumatlandırır. Polis tədbirlərə başlayır. Dəstə üzvləri bundan xəbər tutub qəzəblənir, uşağın yaşadığı ünvana gəlib ata-anasını döyürlər, özünü isə girov götürüb naməlum istiqamətə aparırlar”.
HAMI QALİBDƏN DANIŞIR...
Xaçmaz rayon polis şöbəsi mətbuatdan bu xəbəri alan kimi araşdırmalara başlayır. Xəbərin ucundan tutub gəlib çıxır Qalibin yaşadığı ünvana. Görür ki, Qalib evində-eşiyində. Valideynləri Qalib haqqında yayılan xəbərləri də ilk olaraq polisdən alır. Qalibin anası:
“Qəzetlər yazıb ki, guya atası “102”-yə zəng edib, məlumat verib. Həyat yoldaşım lal-kardır. Heç danışa bilmir, o ki qala “102-yə zəng vurub məlumat verə. Eşitdik ki, belə xəbərlər yayılıb, şoka düşdük. Vallah, kənd içinə çıxa bilmirəm, hamı Qalibdən danışır”.
Ana deyir, Qaliblə bağlı yazılanlar ağrımayan başlarına dəsmal bağlayıb. Qalibin hansısa silahlı dəstənin əlində olduğunu oxuyan qohumların, həmkəndlilərin biri gedib biri gəlir.
Məktəbli Qalib isə deyir, yuxusunun az qala sənədli bir filmin ssenarisinə çevriləcəyini, adının qəzetlərə, xəbər saytlarına düşəcəyini bilsəydi heç yatıb bu yuxunu görməzdi:
“Bu, yuxu idi. Dostuma danışmışam, hətta ondan əvvəl anama da danışmışdım. Sonra da eşitdim ki, qəzetlər yazıb. Mən məktəbdən tək gəlmirəm. Sinif yoldaşlarımla gəlirəm. Məni necə oğurlaya bilərlər?”
Xaçmaz rayon polis şöbəsindən də bildiriblər ki, mətbuatda Qalib Ağamalıyevin silahlı qrup tərəfindən girov götürülməsi barədə yayılmış məlumatı yoxlayarkən təsdiqini tapmayıb.
Sorğu
Yeni dizaynımız necədir?