Fatimə Xocaxanova: “Rütubətli daxmada yaşayırıq, oğlumun vəziyyəti günü-gündən ağırlaşır”
Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki “Lalə” düşərgəsində yaşayan 1985-ci il təvəllüdlü, 1-ci qrup əlil Seyfulla Xocaxanov redaksiyamıza zəng vuraraq, neçə illərdi başına gətirilən müsibətlərdən danışıb: “Əslən Salyan rayonundan olduğuma görə oranın qeydiyyatındayam. Amma neçə illərdi Bakıda yaşayırıq. Şikəst doğulmuşam və 1-ci qrup əliləm. Çox acınacaqlı vəziyyətdə yaşayırıq. Mənim müalicəmə görə Bakıdakı bir otaqlı evimizi satdıq. Aldığımız pensiya yaşamağımız üçün yetərli deyil. İndi küçələrdə qalmışıq. Anam da iş başında aldığı xəsarətə görə neçə ildi xəstədi və iş qabiliyyətini itirib”.
Daha sonra anası Fatimə Xocaxanova da yaşadıqları acınacaqlı həyat tərzi ilə bağlı danışdı: “1952-ci ildə doğulmuşam. Oğlumun müalicə xərclərinə görə evimizi satdım. 1999-cu ildən Nizami rayonunda ev növbəsinə yazılmışam. Mənimlə eyni vaxtda ev növbəsinə yazılanlar çoxdan ev alıblar. Amma mən hələ də almamışam. Bununla bağlı bütün dövlət orqanlarına şikayət etmişəm. Şikayətimizə baxan yoxdur. Məsələ ilə bağlı məhkəmə iddiası qaldırmışdım. Xətai Rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən ilk məhkəmədən sonra heç bir məhkəməyə çağırılmamışam. Sonra şikayətimlə bağlı maraqlananda məhkəmədən mənə dedilər ki, sizin şikayətiniz təmin olunmayıb. Hazırda Sabunçu rayonunda məcburi köçkünlər yaşayan yerdə kiçik bir daxmaya bənzər rütubətli yerdə yaşayırıq. Soyuq olduğuna görə oğlumun vəziyyəti günü-gündən pisləşir. Müalicə etdirməyə də imkanım yoxdur. Mətbuat orqanlarının çoxuna bu işdə bizə kömək etmək üçün müraciət etmişik. Amma nəticəsini görməmişik. Son ümid yerimiz ”Yeni Müsavat “ qəzetinə qalıb. Bizim acınacaqlı durumda olduğumuz barədə yazın ki, bəlkə problemimizin həllinə bir köməyi dəyə”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?