gundemxeber.az Hərəsi bir dünyadı bu insanlar. Dərdlərini,niskillərini gecələr yatmaq komandasından sonra özləri kimi zindan həyatı yaşaya-yaşaya, saralmış işıqlar sönəndən sonra üz söykədikləri yastıqlara naxışlayan, ətraf aləmdən quşların pırıltı ilə şıltaq-şıltaq mayallaq aşdıqları mas-mavi səmadan əlləri çatmayan, ünləri yetməyən azadlığın dadını-qoxusunu alan bu talesizlər ilə məndə 6 ay dustaq həyatı yaşadım təzə barakda. Bir tikə çörəyin,xırdaca bir şirninin bölündüyü zindanda insana olan sevgi əgər bu divarların çölündə də, yəni, indi mənim olduğum qaralı-ağlı azadlıqda da olsaydı onda inanın ki, zindana ehtiyac olmazdı. Nə bilim, bəlkə də mənə belə gəlir. Mənim Bakı İstintaq Təcridxanasında 2 aprel məhbusu Babək Həsənovla başlayıb, Əvəz Zeynallı ilə bitən zindan yolçuluğum, Pentensiar Xidmətin 10 Saylı Cəza evinin, zonun necə deyəllər qaymaqlarının seçilib bir yerdə, hərənin öz balaca kupesində öz acılı-şirinli həyatını yaşamağa məhkum olduğu Təzə Barakında sona yetdi. Voronoklar gördük, namaz qılmağı imtiyaza çevirənlər, sürtülmüş bozarmış üzlər,4 künc qara tabuta oxşayan, ətri-qoxusu bir ömür içinə hopmuş, qara çörəklərə üz söykədik. Hər gün görüş otağına dikilən ümidli-ümidsiz, niskilli-niskilsiz, dərdi içinə axıdan baxışlar.Təzə Barakın Elişləri, biri uzun illərin dustağı, Gəncəli Nəbi müəllimin tək ümidi, poqanyalası Vosmi Eliş, o biri Şərq Əlbəyaxa Döyüşü üzrə 3 qat Dünya Çempionu, türmədə ikən onun zindan dərdinə dözə bilməyib dünyasını dəyişən, yoxluğuna hələ də inanmadığı, hər gün namaz üstündə dua etdiyi anasının qəbrinin, bir də evdəki iki oğlunun həsrətlisi,’’QAFQAZ PƏLƏNGİ’’ ləqəbli Elşən Əhmədov. Azərbaycanın üçrəngli Bayrağını dəfələrlə dünya arenalarında göylərə qaldırmış belə güclü idmançını gülünc bir maddə ilə dörd il həbsə atmağı hələ də başa düşə bilmirəm.Türkiyədə futbolçu Əmrə Bellezoğlu iki nəfəri avtomobil qəzasında həlak etsə də dövlət də, can sahibləri də onu ölkə naminə bagışladılar. Budur dövlətin böyüklüyü. Elşən Əhmədovu absurd maddə ilə həbsdə saxlamaq Azərbaycan idmanına ən böyük zərbədir. Naxçıvanlı Mirzə Hacıəli adlı bəlanın qüdazına gedib, 11 illik zindan həyatı yaşamağa məhkum olan bu dadlı-duzlu kişi hələ də günahının nə olduğunu dərk edə bilmir. Dərdini-qubarını barakı bələdiyi güllərə çiçəklərə hopdurmuş Mirzə bu soluxmuş çiçəkləri də dustaqlığa öyrədib.Və yaxud Qusarın Salehoba kəndindən 13 yaşında çıxmış Ağakərimov Spartak. Uşaqlığını dustaqlığa dəyişmiş,13 yaşından zindan həyatı yaşayan bu oğlanın gözlərində bir ömür çəpərlənmiş qəmə-kədərə sakit baxmaq hər oğulun işi deyil. Spartakı zindanda saxlayıb cəmiyyətdən təcrid edənlər, onu islah etdiklərini düşünməklə çox böyük səhvə yol vermiş olurlar. Spartakın ən böyük islahı doğma od-ocağında, valideyinlərinin yanında idi, başbilənlər. Həmişə bu oğlana baxanda ürəyim qana dönər, ona hökm oxumuş hakimin övladı olub -olmadığını fikirləşər, bəzilərinin ürək yerinə sinələrində daş-kəsək gəzdirdiklərinə inanmağa başlamışdım. Anar Abbasov13-il müddətinə Azadlığına qıyılıb, əlindən alınmış bu şəxsin də dərdi özündən ağırdır, desəm yanılmaram. Dadlı-duzlu, başı toy havalı, evin tək oğlu Surxay, Xəlil, ürəyi gül ləçəyi kimi zərif Engibar, Ağsulu Elşad müəllim.1600 manatın qüdazına gedib, 6-il balalarına həsrət qalacaq Bərşad. “ROŞEN’’ firmasının konfetlərindən doyunca yeməsə də, havayı bədəlini əlindən alınmış azadlığı ilə ödəyən, evin tək oğlu Mahir, Lənkəranlı İsmayıl, 60-yaşından sonra özü demişkən kiminsə qəzəbinə gəlib, 14-illik srokla “mükafatlandırılmış’’, nəvələrinin şəklini ürəyinin başında gəzdirən, Gəncəli Gəray kişi “srokda” iki-iki yandırdığı papiroslar kimi sümürən, özü Tərtərdə doğulsa da, İrəvanlı Hidayət kimi danışan cənab Əliyev Hidayət. Sözü-söhbəti Şəki halvası kimi şirin,’’KRADUN” Vüsal, Sumqayıtlılar Şahin, Rüfət, Rəvan, Novruz kişi, Memar Muxtarla, Müəllim Muxtar, Salyanlı Toğrul və başqa tanıdığım talesiz insanlar haqqında, onların və özümün zindan yolçuluğum, təzə barakda baş verənlər, zon həyatı ,’’Cinayət Aləmi’’,’’Bratva’’ barədə və tanıdığım hər kəsin ayrıca hekayəsi yazılır. Bütün bunlardan tezliklə çapdan çıxacaq “Zindan məktubları və ya Orxanın məmləkəti’’ kitabımda geniş bəhs edilir. Bu mənim vəfa borcumdur. Azından ona görə ki, orda, dörd divar arasında azadlığın qoxusunu, mas-mavi göylərdə süzən qayğısız ağlı-qaralı quşların pırıltılarından alanları, dərd sirdaşlarımı, qardaşları unutmaq, insanın özünü də unutması deməkdir. Son əvvəldən başlayır. Əvvəldən başladıqsa, sona qədər gedəcəyik. Bu da bizim qədərimiz, alın yazımızdır. “Zindan məktubları və ya Orxanın məmləkəti’’ kitabıma seçilmiş adın açması belədir: -Mən bu məmləkətdə yox, Sovet Azərbaycanında doğulub boya- başa çatdım. Bu Azərbaycanda isə oğlum Orxan doğuldu, boya -başa çatdı. Yeni iliniz mübarək, Təzə Barakın sakinləri!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?