Bu məsələ rayon əhalisini dərdə salıb. Onsuz da infeksion xəstəliklər mənbəyi hesab edilən “Nazim” MMC (Qazax mərkəzi bazarı belə adlanır) haqqında məsələ qaldırmağın vaxtı çoxdan keçib. Yağışda palçıqdan, günəşli havada tozdan əziyyət çəkən alıcılar dərdini deməyə adam tapmırlar. Ona görə satıcıları bu məsələdə vurğulamırıq ki, onlara belə çirkli yerlər xoş gəlir. Çünki bazara gətirdikləri yüngül sənaye və kənd təsərrüfatı mallarını quru yerlərə tökərək alıcını aldatmağa öyrəşiblər. Alıcı da ağına-bozuna baxmadan toz-torpağın içindən malını alıb qaçmağa çalışır. Bazarda natəmizlik də baş alıb getməkdədir. İstirahət və bayram günlərində isə millətin əlindən hərəkət etmək olduqca çətindir. Bu vəziyyətlə rayon icra hakimiyyətindən tutmuş heç bir aidiyyəti orqan maraqlanmır. Bəs “Nazim” MMC-nin bu şəkildə olmsı kimlərə sərf edir? Qazağa hər bir icra başçısı yeni təyin olunan kimi birinci bazarın vəziyyətinin yaxşılaşdırılması haqqında göstəriş verir. Rayon camaatı belə göstərişləri çox eşitsə və əməl olunmayacağını bilsə də yenə ümidini itirmir. Çox keçmir ki, əvvəlki qayda üzrə hər şey yerindəcə sayır. İcra başçılarına işbazlar nə vəd edirlərsə, nə verirlərsə o da sakitcə yerində dayanır. Vəziyyət olur “köhnə hamam, köhnə tas”. Əziyyət çəkən yenə alıcılardır. Maraqlıdır, bazarda polisdən savayı heç kəs öz işini bilmir. Polis “öz vergisini” necə lazımdır elə də yığır. Bu ifadələrin gözünə həmişə gendən seyr edilən bazar müdiri Nazim Hadıyevi də qatmaq mümkündür. İnsafən sakit, özündə olanı heç kimə verməyən, satıcı malını yerə səpələyib satsa da dinməz adamdır. Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin müdiri isə gözəgörünməz olub. Rayonu bütün epidemiya öz ağuşuna alsa belə oturub gözləyəcək ki, görsün icra başçısı nə deyir... Eləcə də əlaqədar təşkilatlar. Hazırda Qazax sakinləri bir məsələnin marağındadır. Bazrın arxasındakı küçə bazarı nə vaxta kimi davam edəcəkdir? Buradakı şəraiti qıraqdan gələnlər görən kimi birinci rayon icra hakimiyyətinin işləməməsini düşünür. Kim necə gəldi elə də alıb-satır. Küçədəki bu bazar “qaraçı köçünü” xatırladır. Eybəcər şəkildə, plansız qoyulmuş dəmir köşklər onsuz da standartlara cavab verməyən bazarı daha da gözdən salır. Xətirlərinə dəysə də deməliyik. Çox insanlar uşaq kimi çirkli yeri təmizdən çox istəyir. Necə ki, mövzuda toxunduğumuz məsələlər kimi. Haqqında danışdığımız Qazax mərkəzi bazarının arxasında fıəaliyyət göstərən küçə bazarının düz 1 metrliyində qazaxlı iş adamı Elçin Carçıyev tərəfindən müasir standartlara cavab verən üstüörtülü böyük bazar binası tikilmişdir. İşə bax ki, həmin küçə bazrında məskunlaşmış möhtəkirləri çirkli yerdən təmiz yerə köçürmək müşkülə dönüb. Bu vəziyyət rayon rəhbərliyini də maraqlandırmır, necə deyərlər, heç yada da düşmür. Belə olanda bir anlıq müsəlmanın yazılmamış qanunlarını düşünürsən: “ yəqin möhtəkirləri ora köçürmək üçün hesabı çox istəyirlər”. Belə deyilsə rəhbərliyin nə marağı var ki, camaatın arzusunu yerinə yetirmir? Bəlkə küçə ticarətinin ləğv edilməsi haqqında deyilənlər onların yadlarından çıxıb? Tərslik kimi bu barədə yerlərdəki televiziya nümayəndələri də sanki ağızlarına su alıb dinmir, Qazax əhlisinin dərdini efirə verməkdən çəkinirlər. P.S. Mətbuat olaraq Qazax əhalisinin haqlı şikayətlərini ictimailəşdirməklə az da olsa vəzifə borcumuzu yerinə yetirə bildik. Mövzuda özünü günühkar sayanlar ziyanlığın yarsından geri qayıtmağın faydasını başa düşüb, vəzifə borclarını yerinə yetirməklə Tanrı qarşısında savab iş gördüklərini düşünməlidirlər. İlham Hacalı
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?