Mingəçevir şəhərinin Mingəçevir kəndi adlanan ərazisində yerləşən qəbiristanlıq xeyli vaxtdır ki, mübahisə predmetinə çevrilib. Kəndin bir qrup sakini Mingəçevir şəhərində dünyasını dəyişənlərin burada dəfn edilməsinə icazə vermirlər. Onlar bunu qəbiristanlıqda yerin çox az olması ilə izah edirlər. Qeyd edək ki, hətta 2002-ci ildə şəhər rəhbərliyi tərəfindən bu qəbiristanlıqda dəfnlərin məhdudlaşdırılması barədə sərəncam imzalanıb. Sərəncamda göstərilib ki, yalnız yaxın qohumları bu qəbiristanlıqda dəfn olunmuş şəhər sakinlərinə ölülərini orada dəfn etməyə icazə verilsin. Hazırda da qəbiristanlığın girişində bu sərəncamı görmək mümükündür. Lakin ilk vaxtlar bu sərəncama əməl olunsa da, sonradan məhəl qoyulmayıb. Mingəçevir şəhərinin sağ sahilində yerləşən Əli qəbiristanlığında da vəziyyət ürəkaçan deyil. Sahəsi 15 hektar olan qəbiristanlıqda da yer məhdudiyyəti var. Bundan başqa, dağın ətəyində yerləşən qəbiristanlığın sürüşmə təhlükəsi var. Bunu qəbirlərin uçmasının qarşısını almaq üçün onların aşağı hissələrinə döşənmiş kərpiclərdən də görmək mümükündür. Burada, həmçinin yüksək gərginlikli elektrik xətləri qəbiristanlığın üzərindən keçir. Mingəçevir Şəhər Bələdiyyəsinin Yerli Sosial Məsələlər Daimi Komissiyasının sədri Zahid Qasımlı isə vəziyyətdən çıxış yolunu kənd qəbiristanlığının genişləndirilməsində və yeni qəbiristanlığın yaradılmasında görür. Mingəçevir kəndinin ağsaqqalı Allahverdi Əliyev deyir ki, əgər vaxtında tədbirlər görülməsə, bu problem şəhər sakinlərini qarşı-qarşıya qoyacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?