ABŞ kəşfiyyatının rəhbəri qorxulu xəbərdarlıqla çıxış etdi: “Xarici ölkələrdən olan muzdlulara öz ölkələrinə qayıdıb müharibəyə başlamaq üçün təlim keçilir”
ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Ceyms Klepper Senatın kəşfiyyat komitəsindəki dinləmələr zamanı Azərbaycan üçün də ciddi narahatlıq doğuran xəbərdarlıqla çıxış edib.
Virtualaz.org saytı xəbər verir ki, Ceyms Klepper Suriyanın getdikcə yeni Əfqanıstana çevrildiyini, radikalizm və terrorçuluq yayan mərkəz halına gəldiyini deyib. Amerika kəşfiyyatının direktoru bildirib ki, “əl-Qaidə”nin Suriyadakı rəsmi qanadı hesab edilən “əl-Nusra Cəbhəsi” xarici ölkələrdən olan minlərlə muzdluya öz ölkələrinə qayıdıb müharibəyə başlamaq üçün təlim keçir.
C.Klepper “əl-Nusra Cəbhəsi”nin ABŞ-a və Avropa ölkələrinə qarşı terror hücumlarına hazırlaşdığını bildirib: “Əl-Nusra Cəbhəsi” və ona bənzər qruplaşmalar xarici ölkələrdən olan muzdlulara döyüş hazırlığı keçmək üçün təlim düşərgələri yaradıblar. Bu düşərgələrdə təlim keçənlər geri qayıdıb öz ölkələrində terror müharibəsi aparacaqlar”.
ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru xəbərdarlıq edərək deyib ki, kəşfiyyatın məlumatlarına görə, hazırda Suriyada 26 min radikal ekstremist vuruşur və onlardan azı 7 mini xaricilərdir.
Xatırladaq ki, Suriyada “əl-Nusra Cəbhəsi”nin və digər bu kimi radikal qruplaşmaların tərkibində döyüşənlər arasında yüzlərlə Azərbaycan vətəndaşı da var. Yanvarın əvvəllərindən bu yana onlardan azı 15-nin döyüşlərdə öldürüldüyü xəbər verilib.
Əvvəllər Azərbaycan vətəndaşlarının məscidlərdə “verbovka” edilərək Suriyaya göndərilməsinə “dözümlü” yanaşan Azərbaycan hakimiyyəti son günlər bu məsələ ilə bağlı ciddi narahatlığını ortaya qoyub. Qafqaz Müsəlmanları İdarəsi xüsusi toplantı keçirərək bir sıra radikal təriqətlərin Azərbaycanda qarşıdurma yaratmağa çalışdığını bildirib.
İdarə Suriyadakı döyüşlərdə ölən azərbaycanlıların şəhid hesab edilmədiyini bildirib və ölkə vətəndaşlarının bu döyüşlərə qatılmasını qınayan fitva verib.
Daha sonra Azərbaycan Prezident Administrasiyasının rəsmisi Əli Həsənov da Suriyada döyüşən azərbaycanlılarla bağlı narahatlıqlarını ifadə edib.
Azərbaycanlıların radikal təriqətlər tərəfindən “verbobka” olunaraq Suriyaya “ezam edilməsi” prosesi əslində yeni başlamayıb. Hələ Suriyada qanlı toqquşmaların başlamasından bir neçə ay sonra Bəşər Əsəd rejiminə qarşı çıxan üsyançıların sıralarında “əl-Qaidə”çilər görünməyə başlamışdı və çox keçmədən Əsədin diktator rejiminə qarşı mübarizə təriqətlərarası müharibəyə qədər inkişaf etdi. “əl-Qaidə” dünyanın müxtəlif ölkələrindən müsəlmanları cihad adı altında Suriyaya göndərilməsini təşkil etdi. Çox keçmədən Suriyadakı radikal qruplaşmaların tərkibində azərbaycanlılar da görünməyə başladı.
Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları ölkədəki radikal dini qruplaşmaların ən fəal üzvlərinin Suriyaya getməsinin qarşısını almaqda deyəsən maraqlı görünmürdü. Çünki ölkədə sabitlik üçün potensial təhlükə mənbəyi olan belələrinin Suriyaya getməsi, yaxşı olardı ki, bir daha geri qayıtmaması əməliyyat şəraitinin nəzarətdə saxlanılması baxımından maraqlara cavab verirdi.
Ancaq indi vəziyyət dəyişib. ABŞ kəşfiyyatının direktoru xəbərdarlıq edib ki, xarici ölkələrdən Suriyaya “qastrola” gedənlər “cihad”ı öz ölkələrində davam etdirmək üçün xüsusi düşərgələrdə hazırlıq keçirlər.
Böyük ehtimalla Azərbaycan xüsusi xidmət orqanlarının da Suriyada gedən hazırlıqlardan məlumatı var. Deməli, bu vəziyyət Azərbaycan üçün də ciddi narahatlıq mənbəyidir. Onu xatırlatmaq yerinə düşər ki, artıq iki radikal dini qruplaşmanın - “Meşə qardaşları” və “Ceyşullah”ın Azərbaycana qarşı müharibə elan etməsinə dair xəbərlər yayılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?