“Əgər o, bu kitabları axıra qədər oxuyub çatdıra bilsə, ona hədiyyə verəcəm”
Milli Məclisin son iclasında Milli Elmlər Akadamiyasının ünvanına sərt ittihamlar səsləndirən YAP-çı deputat Siyavuş Novruza eyni tərzdə cavab gəlib. Qeyd edək ki, millət vəkili çıxışı zamanı ölkədəki elmin səviyyəsini tənqid eədərək alimlərin hələ də millətin kökünü dəqiq müəyyənləşdirə bilmədiklərini suçlamışdı: “...onlar hansı nailiyyətlər əldə ediblər? Son dövrdə dünyaya çıxacaq hansı nailiyyətləri var? Hesabat olmalıdır, biz bilməliyik ki, bu pullar hara xərclənir. Ortada nə var? Bununla bağlı dövlət pul ayırır. Elmin bu səviyyədə olması ciddi problemlər yaradır. Bu adamlar millətin kökünü belə, tapa bilmirlər. Biri deyir türkdü, biri deyir farsdır...”
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov deputatın çıxışı ilə bağlı yaydığı açıqlamasında bildirib ki, Azərbaycan alimlərinin göstərdiyi fəaliyyət hər kəsə məlumdur. Bəzi şəxslər bu məsələlərdə yanlış, heç bir əsası olmayan çıxış edirlər”.
C.Bəhramov sonra tarixçilərimizin gördüyü işə ən yüksək qiyməti prezidentin verdiyini qeyd edib. Onun sözlərinə görə, heç də təsadüfi deyil ki, Tarix İnstitutunun 13 əməkdaşına dövlət mükafatı verilib: “Əgər hakim partiyanın nümayəndəsi bu məsələləri bilmirsə, onun savadsızlığından xəbər verir. Tarixçilərimizin keçmiş SSRİ-nin rəhbərlərinə verilən sənədlər siyasi nöqteyi nəzərdən Azərbaycan torpaqlarının qorunması üçün əsas olub. Siyavuş Novruzov həqiqətən bu məsələləri bilmək istəyirsə, Tarix İnstitutuna gəlsin, bu vaxta qədər institunun nəşr etdiyi əsərləri ona təqdim edək. Əgər o, bütün kitabları axıra qədər oxuyub çatdıra bilsə, ona özüm də əlavə hədiyyə verəcəm. Elm haqqında danışmaq hər adamın işi deyil. Bunun üçün elmin içində olmaq lazımdır”. Azərbaycan tarixçilərini prezidentin ideoloji sahədə əsgərləri hesab edən direktor müavini iranlı məsələsinə də aydınlıq gətirib: “Millət vəkili millətin kökünü müəyyən etmək istəyirsə, çoxcildli Azərbaycan tarix kitabının ikinci cildinə baxsın. Çox təəssüf ki, hələ də bizdə iranlı, irandilli məsələsini səhv salırlar. İrandilli farsəsilli demək deyil. Farslar İran ərazisinə gəlmədir, İran yalnız coğrafi ad daşıyır, bu ad onlara 1935-ci ildən sonra verilib. Bizim əcdadlarımız hər zaman həmin ərazidə yaşayıblar. Elmdən uzaq olan adamların populist çıxışları bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Bizim üçün önəmli olan gördüyümüz işlərə yüksək qiymət verən prezidentin fikirləridir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?