Sabiq deputat Nizami Xudiyev keçmiş kürəkəni Alçin Abdinovu həbs etdirmək istəyir Bu barədə Elçin Abdinovun vəkili Adəm Məmmədov məlumat verib. Adəm Məmmədov bildirib ki, müvəkkili Nizami Xudiyevin qızı Aytən Xudiyevadan bir müddətdir ayrılıb. Sabiq deputat bu ayrılığı həzm edə bilmədiyinə görə keçmiş kürəkəninə savaş açıb.
Professor elmlər namizədinə qarşı
Adəm Məmmədovun sözlərinə görə, Elçin Abdinov tibb elmləri namizədidir: “1977-ci ildə Bakıda anadan olan Elçin Abdinov orta məktəbi fərqlənmə ilə bitirərək yüksək balla Azərbaycan Tibb Universitinin müalicə və profilaktika fakültəsinə daxil olub. Cərrah ixtisasına yiyələnən müvəkkilim universiteti də fərqlənmə diplomu ilə bitirib. Elçin Abdinov tibb elmləri namizədidir. Hazırda Azərbaycan Tibb Universitetində müəllim işləyir. Yüzlərlə uğurlu cərrahiyə əməliyyatı edən Elçin Abdinov Azərbaycanda ən yaxşı cərrahlardan biri kimi tanınır. Beynəlxalq elmi konfranslarda mühazirəçi kimi iştirak edən Elçin Abdinov çoxsaylı elmi monoqrafiyaların müəllifidir. Onun 30-a qədər elmi məqaləsi yerli və beynəlxalq mətbuatda dərc olunub. Qısası, Elçin Abdinov ziyalı şəxsdir. Amma Nizami Xudiyev bu ziyalı insanın başına oyunlar açıb və açmaqdadır”.
Saxta ekspert rəyi
Adəm Məmmədov deyib ki, Elçin Abdinovla keçmiş həyat yoldaşı aralarında yaranmış fikir ayrılıqlarına görə boşanmaq qərarına gəliblər. Amma Nizami Xudiyev hansısa səbəbdən məsələni dramatikləşdirib. O, ilk növbədə qızını məcbur edib ki, Elçin Abdinov tərəfindən dəfələrlə döyülməsi və xəsarətlər alması barədə polisə müraciət etsin: “Aytən Xudiyeva da atasının sözünə əməl edərək, 2011-ci il 29 may tarixində ərazi üzrə Nərimanov rayon Polis Idarəsinin 18-ci polis bölməsinə müraciət edir. Bir məqamı qeyd edim ki, Aytən Xudiyeva hələ 2009-cu ildə nikahın pozulması üçün iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Amma nədənsə həyat yoldaşı tərəfindən döyülməsi 2 il sonra yadına düşüb. Polisə müraciətlə yanaşı Nizami Xudiyev qızının 2005 və 2006-cı illərdə ”döyülməsilə" bağlı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən rəy alır. Rəy köhnə tarixlə verilir. Yəni, Nizami Xudiyevə 2011-ci ildə 2009-cu il tarixilə rəy verilir. Burada başqa maraqlı məqam da var. Həmin sənəddə yazılır: “Sağlamlığa zərər vurmanın təyininə dair Milli Məclisin deputatı, millət vəkili Xudiyev Nizami Manaf oğlunun 04.11.2009-cu il tarixli ərizəsi əsasında və gəlinən ekspert rəyi barədə qeydlər”.
Sual olunur: Deputatın ərizəsi nə vaxtdan məhkəmə-tibb eksperti üçün qanuni əsas olub? Qanunvericilikdə aydın şəkildə yazılır: “Ekspert rəyi təhqiqatçının, müstəntiqin, prokurorun, hakimin və qanunvericilikdə müəyyən edilmiş digər şəxslərin qərarı və məhkəmənin qərardadı əsasında məhkəmə-tibbi ekspertiza aparılarkən tərtib edilir”.
Nizami Xudiyev Türkiyəyə niyə gedib?
Adəm Məmmədovun sözlərinə görə, bütün bu qanunsuzluqlara rəğmən Nərimanov Rayon Polis Idarəsi Aytən Xudiyevanın şikayətini araşdırmağa başlayıb. Lakin müstəntiq obyektiv araşdırma apardığına görə Nizami Xudiyev Ədliyyə Nazirliyi və Konstitusiya Məhkəməsində çalışan yüksək vəzifəli qohumlarının (Adəm Məmmədov onların adlarının hələlik açıqlanmasına ehtiyac olmadığını bildirib), eyni zamanda Sabunçu prokurorunun müavini olan Nazim Xudiyevin təzyiqi ilə işin başqa müstəntiqə verilməsinə nail olub: “Bu işə görə 3 müstəntiq dəyişib. Lakin sonradan qəfil heç bir qanuni əsası olmadan iş Bakı Şəhər Prokurorluğuna göndərilib. Buna qədər isə Elçin Abdinov Nizami Xudiyevin bu qanunsuz əməllərinin qarşısını almaq üçün hüquqi çərçivədə mübarizə aparıb. O, əvvəlcə istintaq prosesində Məhkəmə-Tibbi Ekspertizasının komission-ekspertizalar şöbəsinə müraciət edərək həyat yoldaşı olmuş Aytən Xudiyevanın guya döyülərək az ağır xəsarət yetirilməsi haqqında alınmış ekspert rəyini ləğv elətdirə bilir. 23 avqust 2011-ci il tarixdə başlamış və həmin ilin oktyabrın 14-də başa çatmış təkrar ekspertiza nəticəsində alınmış 1542011 nömrəli rəydə az ağır xəsarətin olmadığı faktı sübut olunur. Bundan əlavə qeyd olunur ki, Aytən Xudiyevanın bədənində və üz nahiyələrində mütəmadi döyülmənin əlamətləri yoxdur. Bundan sonra Nizami Xudiyev qızı ilə bərabər Türkiyəyə gedir. Məqsəd təkrar-komission ekspertizadan yayınmaq olur. 2 ay Türkiyədə qaldıqdan sonra Nizami Xudiyev geri qayıdır və qızı döyüldüyünü, lakin bununla bağlı hər hansı tədbir görülmədiyini iddia edir.
2011-ci il 16 noyabr tarixində bu başabəla cinayət işi naməlum səbəbdən istintaqın davam etdirilməsi üçün Bakı Şəhər Prokurorluğu tərəfindən Bakı Şəhər Baş Polis Idarəsinin Istintaq və Təhqiqat Şöbəsinə göndərilir. Burada isə istintaq tarixinə “qızıl hərflərlə” yazıla biləcək qərar verirlər. Belə ki, 26 dekabr 2011-ci il tarixində cinayət təqibi iştirakçılarının heç birinin şikayəti olmadığı halda sübutların qiymətləndirilməsi haqqında Nərimanov Rayon Polis Idarəsinin 20 oktyabr 2011-ci il tarixli qərarı ləğv edilir və Elçin Abdinova sifarişlə Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə ittiham verilir. Bu maddə şəxsə mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməni nəzərdə tutur. Bundan sonra Bakı Şəhər Prokurorluğu işə baxılması üçün bütün materialları Nərimanov Rayon Məhkəməsinə göndərir".
Nizami Xudiyev barəsində şok faktlar açıqlanacaq
Vəkilin sözlərinə görə, Aytən Xudiyevanın şikayəti əsasında Nərimanov Rayon Məhkəməsində hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən 28 fevral 2012-ci il tarixli iclasında belə bir qərar çıxarılır: “Abdinov Elçin Əhməd oğlu 28.06.2011-ci il tarixdə törətdiyi cinayət əməlinə görə A.R C.M 128-ci maddəsi ilə təqsirli bilinmiş və aylıq qazancından dövlət nəfinə hər ay 15 faiz məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir;
17.09.2005-ci il və 22.01.2006-cı il tarixlərdə törətdiyi cinayət əməlinə görə AR CM-in 132-ci maddəsi ilə, 30.10.2009-cu il tarixdə törətdiyi cinayət əməlinə görə AR CM-in 128-ci maddəsi ilə təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona cəza təyin edilməmişdir".
Adəm Məmmədov əlavə edib ki, müvəkkili baş verənlər barədə bütün KIV-lərə və aidiyyatı təşkilatlara geniş açıqlama vermək niyyətindədir. Məsələ ilə bağlı mətbuat konfransı keçirilməsi də planlaşdırılır: “Mətbuat konfransında Nizami Xudiyevin o dövrdə Nərimanov Rayon Məhkəməsinin sədri vəzifəsində çalışan Nazim Tağıyevlə hansı əlaqələrinin olması və qanunsuz qərarların qəbul olunmasında bu əlaqələrin hansı dərəcədə rol oynaması, Nizami Xudiyevin Konstitusiya Məhkəməsində və Ədliyyə Nazirliyində havadarlarınin kimliyi, bu məsələdə Nizami Xudiyevin Ali Məhkəmənin sədrindən necə istifadə etməsi, Bakı Şəhər Prokurorluğunda Nizami Xudiyevin xeyrinə olan, istintaq tarixinə qara bir ləkə olan məlum qərarın qəbulunda kimlərin canfəşanlıq etməsi, Bakı Apellyasiya Məhkəməsində məhkəmə adına və nüfuzuna zərbə vuran hökmün qəbul edilməsində kimlərin maraqlı olması, Nizami Xudiyevin radikal dini təriqətə qulluq edən prokuror müavini olan oğlunun bu məsələlərdə oynadığı rol və nəhayət Nizami Xudiyevi 2005-ci ildə dövlət çevrilişinə cəhddə təqsirləndirilənlərin sırasından çıxarılması barədə keçmiş MTN generalı hansı açıqlamalar verməsi barədə ilginc faktlar media mənsublarının diqqətinə çatdırılacaq".
Məsələ ilə bağlı Nizami Xudiyevin də mövqeyini öyrənməyə cəhd etdik. Professor “Azadlıq”a açıqlamasında bildirdi ki, keçmiş kürəkəni ilə heç bir işi yoxdur: “Mənim onunla nə işim var ki? Ayrılıblar məsələ bitib. Məhkəmə qərarı var”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?