Aİ nümayəndəliyində Naxçıvanlı fəalları qəbul ediblər gundemxeber.az Dünən Bakıda vətəndaş cəmiyyəti fəallarının və regional KİV nümayəndələrinin Aİ Müvəqqəti işlər müvəkkili Toralf Piltslə görüşündə Naxçıvan Muxtar Respublikasında son zamanlar insan hüquqlarının hədsiz dərəcədə pozulması faktları müzakirə olunub. Görüşdə İnsan hüquqları üzrə Regional Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibova, jurnalist və hüquq müdafiəçisi İlqar Nəsibov və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) müxbiri Elman Abbasov iştirak ediblər. Söhbət zamanı Sədərək gömrük məntəqəsində biznesmenlər Məmməd Qurbanov və Nadir Məmmədovun döyülməsi və həbsi faktlarına xüsusi diqqət yetirilib. Elə həmin vaxt Nəsibova və Abbasova təzyiq göstərilib, onların videokameraları və diktofonları əllərindən alınıb. Daha sonra Məmmədovdan işgəncə altında gömrük işçilərinə qarşı “hüquqazidd əməllərə” Abbasov və Nəsibov tərəfindən “təşviq edildiyi” haqqında ifadə alınıb. Bu ifadələr əsasında iki gün əvvəl hər iki jurnalist Sədərək rayon prokurorluğunda bir neçə saat dindirilib və psixoloji təzyiqə məruz qalıb. Görüş iştirakçılarının sözlərinə görə, Aİ-nin Azərbaycandakı nümayəndəsi Pilts deyib ki, Naxçıvanda insan hüquqları sahəsində vəziyyət daim Aİ-nin diqqət mərkəzindədir. O qeyd edib ki, Aİ missiyası həmçinin yuxarıda qeyd edilən faktlarla bağlı məlumatları izləyib. Aİ nümayəndəliyi və Qərb dövlətlərinin səfirlikləri bundan sonra da sözügedən məsələləri nəzarət altında saxlayacaqlar, deyə diplomat qeyd edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?