Naxçıvanda siyasi fəallara qarşı rəzyiq davam edir
“Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzi” Naxçıvanda siyasi fəallara qarşı təzyiqlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Son vaxtlar Naxçıvan Muxtar Respublikasında yerli hakimiyyətin ictimai-siyasi fəallara təzyiqləri artmağa başlayıb. Onların özləri və ailə üzvləri izlənir. Mobil telefonlarına təhdidedici mesajlar göndərilir, sosial şəbəkələrdə təhqir olunaraq, qara PR kampaniyası aparılır. Mütəmadi olaraq jurnalistlərin və hüquq müdafiəçilərinin kompüterlərinə başqa İP adreslərindən müdaxilələr edilir, kompüterləri və elektron poçtları izlənir. “Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzi”ndə fəaliyyət gostərən hüquq müdafiəçiləri Məlahət Nəsibova, Elman Abbasov, İlqar Nəsibov və onların ailə üzvləri naməlum şəxslər tərəfindən təqib və təhdidlərə məruz qalırlar. Resurs Mərkəzinin texniki imkanlarından və hüquq müdafiəçilərinin təmənnasız xidmətlərindən istifadə edən şəxslər əsasən Naxçıvan Milli Təhlükəsizlik orqanı əməkdaşları tərəfindən hədələnərək təzyiqlərlə üzləşirlər. Resurs Mərkəzi yeni ofisində fəaliyyətə başlayandan sonra ofisin ətrafında naməlum adamların görünməsi, Mərkəzə nəzarətin güclənməsi gələcəkdə hər-hansı bir təxribatın planlaşdırılmasından və xoşagəlməz hadisələrin baş verə biləcəyindən xəbər verir. Belə ki, Resurs Mərkəzi ilə əməkdaşlıq etmək istəyən ictimaiyyət nümayəndələrinə Naxçıvan MTN əməkdaşları tərəfindən təzyiqlər olunaraq “... ora təhlükəli yerdir, onlarla əlaqə yaratmayın, başınız ağrıyar” kimi fikirlər aşılanır. Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzi qeyd olunanları nəzərə alaraq bəyan edir ki, ölkə vətəndaşlarının təhlükəsiz yaşamaq hüququnu təmin etməyə borclu olan hüquq-mühafizə orqanları bu hərəkətlərə təcili son qoymalı, vətəndaşların təhlükəsizliyini təmin etməli və günahkarları aşkar edib cəzalandırmalıdır. Əks təqdirdə baş verə biləcək xoşagəlməz hadisələrin məsuliyyəti hüquq mühafizə orqanlarının üzərində qalacaq”.
Sorğu
Yeni dizaynımız necədir?