Son günlərdə yağan şiddətli qar və şaxtanın təsiri hələ də davam edir. Belə ki, şiddətli qarın ən çox iflic etdiyi şəhər Sumqayıtdır. Şaxtalı havalarda dörd gündür ki, 450 mindən çox əhalisi olan şəhər işıqsız, qazsız, həm də susuz qalıb.
Musavat.com-a Sumqayıt şəhəri sakinindən daxil olan məlumata görə, 4 gündür ki, yağan şiddətli qar ucbatından əhali əziyyət çəkir: “Qar yağan gündən etibarən zülüm çəkirik. Öncə işıqlarımız kəsilməyə başladı. Sonra su boruları donduğu üçün susuz qaldıq. İki gündür ki, qaz da gəlmir. Yalandan mətbuata açıqlama verdilər ki, bütün problemləri həll edəcəyik. Amma hələ də heç bir problem həll edilməyib. Bir ədəd qar təmizləyici qurğu belə, çalışdırılmır. Səbəbi isə məlum deyil. Küçələrdəki qarı təmizləmədikləri üçün günün təsirindən əriyən qar suyu gölməçələr yaradıb. İnşaatçıar qəsəbəsində “Azərsu” ASC-nin quraşdırdığı smart-kart tipli su sayğacları şaxtadan donduğu üçün 4 gündür ki, susuz qalmışıq. Əlimizdə vedrələrlə neçə yüz metr yol gedib, su daşıyırıq. Heç kəs köməklik etmir. Allahın ümüdünə qalmışıq”.
Digər şəhər sakinlərinin dediklərinə görə, yolların təmizlənməsində yuxarı sinif şagirdlərindən və müəllimlərdən istifadə edilir: “Yollar vaxtı-vaxtında təmizlənmir, həm nəqliyyatın, həm də piyadaların hərəkətində problemlər yaranır. Ya heç təmizləmirlər ya da sülh küçəsini, mərkəzi küçələri təmizləyirlər. Bu tərəflərdə də insan yaşayır. Bunu da başa düşsünlər. Qarın təmizlənməsində yuxarı sinif şagirdlərindən və müəllimlərdən istifadə edirlər. Ölkəmizin üçüncü böyük şəhərinin yollarının təmizlənməsində lazım olacaq qədər işçi yoxdur ki, tələbələr yol təmizləyir? İşıq problemi də öz yerində... Uzun müddət bir çox yerlərdə elektrik enerjisi olmayıb. Nəzərə almaq lazımdır ki, elektrik enerjisi həyat üçün nə qədər vacibdir. Bir çox evlərin isinməsində elektrikdən istifadə edirlər. Heç olmasa qazı kəsməsinlər. Qazsız, işıqsız, susuz nə qədər yaşamaq olar, axı biz də insanıq”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?