Bakının əksər mərkəzi rayonları və əsas prospektləri neçə gündür susuz qalıb.
Konkret olaraq Yasamal rayonuna artıq üç gündür ki, su verilmir. Paytaxtın mərkəzində yaranmış su probleminin səbəblərini öyrənmək üçün “Azərsu” ASC mətbuat xidmətinə müraciət edən virtualaz.org saytının əməkdaşı bu gün günorta saatlarında oradan standart cavab alıb. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib ki, şəhərin mərkəzinin susuz qalması su xətlərində baş vermiş böyük qəza ilə bağlıdır: “Hazırda təmir işləri gedir, yaxın saatlarda mənzillərə su veriləcək”. Amma “Azərsu” rəsmisi suyun konkret nə vaxt veriləcəyini demədi. A.Cəbrayıllının cavabı suallar doğurur.
Doğrudanmı Bakıda çox böyük miqyasda texnogen qəza törəyib ki, 200 mindən çox paytaxt sakini susuz qalıb? Niyə yerə bir damcı yağış-qar düşən kimi Bakının digər infrastrukturu, yolları, işığı, qazı kimi su təchizatı da böyrü üstə qalır? Bu rəzalət nə vaxta qədər davam edəcək? Prezident Dövlət Neft Fondundan daha nə qədər pul ayırmalıdır ki, Bakı sakinləri şəhərə yüngülvari sulu qar yağandan sonra susuz qalmasınlar? “Azərsu” ASC-nin “bu gün su olacaq” cavabının üstündən 8 saat keçsə də şəhərin mərkəzi kvartallarında su hələ də yoxdur. Su problemi ilə üzləşən sakinlər virtualaz.org saytına bildiriblər ki, onların müvafiq qurumlara müraciətləri cavabsız qalır: “Hər dəfə zəng vuranda deyirlər qəza olub, düzəldirik. Artıq üç gün keçib, amma qəzanın nəticələrini hələ də aradan qaldıra bilməyiblər”.
Hüseyn Cavid və Mətbuat prospektlərinin, Şərifzadə küçəsinin üç gündür zülm çəkən sakinləri bildiriblər ki, onların artıq bu biabırçılığa dözmək fikirləri yoxdur və etiraz aksiyalarına əl atacaqlar: “Biz artıq “Azərsu” ASC-nin binasının qarşısında piket keçirmək qərarı vermişik”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?