Azərbaycanlı QHT sədri erməni iş adamına fəxri diplom verməkdə ittiham edilir. Bu barədə Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Kamran Ramazanlı öz facebook səhifəsində yazdığı statusda bilgi verib.
Ramazanlının yazdığına görə, Gürcüstanda fəaliyyət göstərən və sədri azərbaycanlı olan QHT erməni Arnold Stepanyan adlı erməninin dostu olan Vanyan soyadlı iş adamına fəxri diplom verib.
Bu ittihamla bağlı virtualaz.org-a açıqlama verən “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirdi ki, hər kəs ağlına gələni danışırsa, buna cavab verməyə ehtiyac yoxdur: “Biz cəmiyyət olaraq nə etdiyimizi, nə qərar verdiyimizi yaxşı bilirik”.
Z.Məmmədli erməniyə fəxri diplom verilməsi iddiasında Gürcüstanda fəaliyyət göstərən QHT sədri Səbinə Talıbovanın (“Göyərçin” İctimai Birliyinin sədri-red.) nəzərdə tutulduğunu bildirdi. O söylədi ki, yalan ittihamlarla S.Talıbovanın gördüyü işlərin qarşısının alınmasına çalışırlar: “Səbinə Talıbova ayrı-ayrı koalisiyalarda təmsil olunur, müəyyən ortaq layihələrdə iştirak edir. Mən bunu alqışlayıram. Azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyasının yollarından biri də budur. Kimsə onun yolunu kəsmək istəyirsə, bu, başqa məsələdir. Bu fikirlər sadəcə olaraq görülən işlərin gözdən salınması məqsədi daşıyır”.
Bu cavabdan da göründüyü kimi, azərbaycanlı QHT sədrinin erməni sahibkara fəxri diplom verməsi xəbəri nə birbaşa, nə də dolayısı ilə təkzib olunmur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?