Rüşvətxor müəllim Tibb Universitetində necə çalışır?
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin tibb fakültəsinin dekanı olmuş Xudayar Allahverdiyev başqasının pulunu mənimsəməkdə ittiham edilir. AzNews.az-a müraciət edən şikayətçi Abışova Rəna qızı Abışova Könülün bu universitetdə təhsil aldığı müddətdə ixtisas seçimində X.Allahverdiyevin onlardan 3400 manat aldığını bildirib: “Xudayar Allahverdiyev 2008-də həmin universitetdə dekan idi. Qızım Abışova Könülün ixtisas seçimi məsələsini həll etmək üçün bizdən 3400 manat pul aldı. Ancaq daha sonra ABU bağlandı, qızım başqa təhsil müəssisəsinə köçürüldü. Ancaq Xudayar Allahverdiyev aldığı pulu qaytarmadı. Dedi ki, pulu Elşad Abdullayevə verib. Elşad Abdullayev də Azərbaycanda deyildi, təbii ki, ondan bunu soruşmaq olmurdu. Xudayar Allahverdiyev də bundan istifadə edirdi. Çünki bilirdi ki, Elşad Abdullayev Azərbaycanda yoxdur, bu məsələyə münasibət bildirməyəcək. Amma biz pulu Xudayar müəllimə vermişik. Həm də tək biz yox, bir çox tələbələr ona pul verib”. Bundan sonra pulunu Xudayar Allahverdiyevdən ala bilməyən ailə polisə müraciət edib: “Polisə müraciət etdikdən sonra Xudayar müəllim bizə gələrək, dedi ki, şikayətimizi geri götürək, o da bizim pulumuzu hissə-hissə qaytaracaq. Bir neçə ay əvvəl gətirib 1000 dollar verdi. Ancaq ondan sonra pulu qaytarmaqdan imtina etdi. Dəfələrlə Xudayar Allahverdiyevin hazırda işlədiyi yerə - Tibb Universitetinin laboratoriyasına gedib onunla görüşsək də pulu qaytarmaqdan imtina edir”.
Qarşı tərəf Xudayar Allahverdiyev isə məsələ ilə bağlı münasibət bildirmək istəməyib: “Respublika Prokurorluğunda bununla bağlı iş açılıb. Əgər nəsə şikayətləri varsa ora bildirsinlər. Mən də ancaq Prokurorluğun iştirakı ilə bununla bağlı nəsə deyə bilərəm”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?