Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin müvafiq fakültələrinə qanunsuz köçürülmə, ali təhsil haqqında diplomların verilməsində həmin universitetin vəzifəli şəxsləri tərəfindən törədilmiş korrupsiya faktlarının araşdırılması üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
gundemxeber.az Axar.az-a istinadən xəbər verir ki, istintaq zamanı Mahmud Əfəndiyevin Azərbaycan Beynəlxalq Universitetinin neft-qaz yataqlarının istismarı və işlənməsi fakültəsinin dekanı vəzifəsində işləyərkən universitetin rektoru Elşad Abdullayev və qeyriləri ilə qabaqcadan əlbir olublar. Həmçinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə imtahan verərək ali məktəblərə qəbul olmayan ayrı-ayrı şəxslərin Mahaçqala şəhərində yerləşən ali təhsil müəssisələrinə tələbə kimi qəbul olunmaları və təhsil almaları barədə bilə-bilə yalan məlumatlar daxil etməklə rəsmi sənədlər tərtib ediblər.
Təhsil Nazirliyinin razılığı olmadan II kursdan Azərbaycan Beynəlxalq Universitetinə köçürülmələri üçün ayrı-ayrı şəxslərdən ümumilikdə 40 min 500 manat məbləğində külli miqdarda rüşvət almasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrində nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Elşad Abdullayev və qeyriləri barədə cinayət işi ayrıca icraata ayrılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?