Ölkədə hər 100 nəfərə düşən genişzolaqlı internet istifadəçilərinin sayı isə 50-yə bərabərdir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2013-cü ilin yekunlarına dair kollegiya iclası keçirilib. Bu barədə məlumatı RİTN-in mətbuat xidməti yayıb. Məlumata görə, rabitə və informasiya texnologiyaları sektorunun inkişafı baxımından 2013-cü il yaddaqalan il olub. Nazir Əli Abbasov bildirib ki, 2012-ci illə müqayisədə ötən il İKT sektorunda artım tempi 14,0% təşkil edib. Onun sözlərinə görə, İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi 1 632,2 milyon manat təşkil edib. Həmçinin İKT, informasiya və poçt sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,9% təşkil edib. Əli Abbasov deyib ki, ölkədə əhalinin internet xidmətlərinə tələbatının artması və yaradılmış texniki imkanların nəticəsində beynəlxalq internet kanallarının ümumi tutumu 10 Gbit/s artırılaraq 210 Gb/s-ə çatdırılıb. “Hazırda ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 70-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 50-yə bərabərdir. Ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı isə 110-a bərabərdir”. Nazir internet tariflərinə yenidən baxılması və onun keyfiyyətinin daha da yüksəldilməsi, mobil operatorlarla tariflərin tənzimlənməsi, genişzolaqlı rabitənin təşkilinə başlanılması üçün müvafiq tədbirlərin görülməsi, poçt xidmətlərinin çeşidinin artırılması və əlavə xidmətlərin təşkili, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, poçt və telekommunikasiya şəbəkəsinin modernləşdirilməsi, rəqəmli yayıma keçidin tam başa çatdırılması, habelə 2015-ci ildə keçiriləcək I Avropa yay olimpiya oyunlarında informasiya və telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təşkili istiqamətində müvafiq tapşırıq və göstərişlərini verib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?