Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sistemində problemlər yaranıb.
Bu barədə oxuculardan virtualaz.org-a daxil olan məlumatda deyilir. Məlumatda bildirilir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC-nin bir çox filiallarında pul köçürmə, məktub göndərmə və s. bu kimi xidmətlərinin həyata keçirilməsi mümkün olmur.
“Azərpoçt”un filiallarından müştərilərə problemlərin əməliyyat sistemində yaranan texniki nasazlıqla bağlı olduğunu deyirlər. Şikayətçilər isə bu problemin bir neçə gündür davam etməsindən narahatdır.
Daxil olan şikayət məktublarına cavab olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mövqeyini öyrəndik. Nazirliyin Poçt Sektorunun müdiri Novruz Məmmədov virtualaz.org-a açıqlamasında sistemdə bəzən texniki problemlərin yarandığını söylədi: “Əməliyyat sistemində texniki problemlər olur. Amma bu problemlər operativ şəkildə, 15-20 dəqiqə ərzində aradan qaldırılır”.
Nazirlik rəsmisi bu problemlərin yaranma səbəbini isə belə izah etdi: ““Azərpoçt”un 800-ə yaxın filialı var. Bu, böyük bir şəbəkədir. Bu sistemdə texniki nasazlıqların yaşanması normaldır”.
N.Məmmədovun sözlərinə görə, belə şikayətlərin daxil olmasının səbəblərindən birinin də “Azərpoçt”un filiallarında yaranan problemlərin ümumi sistemdə yaranan problem kimi qiymətləndirilməsidir: “Bəzən filiallarda kompüter xarab olur, sistem işləmir və deyirlər ki, ümumi sistemdə problem var. Amma bu, belə deyil. Filiallarda yaranan texniki nasazlıqların ümumi sistemlə əlaqəsi yoxdur”.
Sorğu
Yeni dizaynımız necədir?