“Küçədə gecələyən, valideyn himayəsindən məhrum olan uşaqları, eləcə də insan alveri qurbanlarının övladlarını uşaq bağçalarına, məktəblərə qəbul etmirlər”.
Bunu virtualaz.org saytına açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağayeva bildirib.
K.Ağayeva dedi ki, sığınacaq evində qalan 11 uşağı orta təhsil müəssisələrinə yerləşdirmək mümkün deyil: “Hazırda təşkilatımızın sığınacaq evində 1 yaşından 6 yaşınadək 11 uşaq yaşayır. Uşaqların arasında anası ruhi-əsəb dispanserində müalicə olunan, tənha qadınlar var. Bəzilərinin anası isə insan alverinin qurbanı olub. Bu uşaqları uşaq bağçalarına qəbul etmirlər. Uşaq bağçaları yer olmadığını əsas gətirirlər. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, Təhsil Nazirliyinə müraciət etmişik. Lakin hələlik köməklik edilməyib”.
Təşkilat rəhbəri tənha qadınlara yardım edə biləcək qurumun olmamasından şikayətləndi: “Tənha qadınlara yardım edəcək qurumlar yoxdur. Buna görə də onlar işləmək üçün uşaqlarından imtina etmək məcburiyyətində qalırlar. Uşaq bağçalarının “yer yoxdur” prinsipi ilə işləməsi anaları çıxılmaz vəziyyətdə qoyur”.
K.Ağayeva orta məktəbə gedən küçə uşaqlarının da problemlə qarşılaşdığını vurğuladı: “Sığınacaqda yaşayan orta məktəb şagirdləri də var. Təşkilatımız ofisini dəyişəndən sonra onların məktəbə getməsi problemə çevrilib. Biz bu uşaqları küçələrdən yığışdırıb reabilitasiya proqramına cəlb etmişik. Buna görə də onları nəzarətsiz qoya bilmərik. Təhsil Nazirliyinə müraciət edərək oxuduqları məktəbdən ofisin yaxınlığındakı məktəbə köçürülməsinə kömək etməyi xahiş etmişdik. Amma bunun mümkün olmadığını dedilər. İndi bu uşaqlar məktəbə getmirlər”.
Bakı Şəhər İcra Hakimiyyətindən virtualaz.org saytına Azərbaycan Uşaqlar Birliyinin müraciətindən xəbərsiz olduqlarını dedilər. Meriyadan bağçalarda sıxlıq olduğunu deməklə baxımsız uşaqların müəssisələrə qəbul edilməməsinə haqq qazandırdılar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?