İsmayıllı rayonunun Axundov küçəsində ötən əsrin 80-ci illərinin sonlarında tikilib yarımçıq qalan bir bina var. Bu tikili ziyalılar evi olmalı idi. Ancaq indi həmin binadan həm zibillik, həm tualet, həm də başqa qaranlıq mətləblər üçün istifadə edildiyi deyilir. İddialara görə, rayonun ən işlək yolunun üstündə olan bu binaya narkotik alüdəçiləri iynə vurmaq üçün üz tuturlar. Rayonda bu binaya kimisi “narkomanlar evi”, kimisi də “narkomanların reabilitasiya mərkəzi” adını veriblər. Rayon sakini, həmin binanın qonşuluğunda yaşayan Umud Xəlilovun “Azadlıq” radiosuna dediklərini təqdim edir: “Son 4-5 ildə gecələr həyətə düşəndə binadan danışıq səslərinin gəldiyini eşidirik. Kimlərdir, nəçidir - bilmirik. Səhərlər gəlib baxırıq, görürük ki, iynə vurublar. Son 4-5 ildə rayonda narkomanların sayı xeyli artıb. Bu nə vaxtadək belə olacaq? Mən məsələni şəhər icra nümayəndəliyinə, eləcə də digər səlahiyyət sahiblərinə dəfələrlə demişəm. Xahiş etmişəm ki, bunun qarşısını alsınlar. Bu bina həm də tualet kimi istifadə olunur. Bura qabaqlar “Ziyalılar evi” kimi tikilmişdi. Sonradan Səhiyyə Nazirliyinin balansına verildi. Bunun bir axırı olmalıdır, ya yox? Ya bunu söküb götürsünlər, ya da ki, bir şey fikirləşsinlər. Bura mal-qara yığılır, rayonun ayrı-ayrı yerlərindən gətirib zibil tökürlər. İynələr, şprislər gördüyünüz kimi doludur. Bunu polislər bilir, bilmir, xəbərim yoxdur. Nəzarət olunmalıdır, ona görə mətbuata müraciət edirik. Axı bizim də övladlarımız, nəvələrimiz var. Gərək nəsə hadisə baş verə, sonra əl-ayağa düşsünlər?” İsmayıllı Rayon Ağsaqqallar Birliyinin sədri Heybət Balayevin dediklərindən: “Camaat buradan çox şikayət edir. Gecələr burada çox vaxt dava düşür. Evdə uşaqlar qorxur, nəsə tədbir görün. Məlumdur ki, bura narkomanlar yığışır, iynə vururlar, bir-birini döyürlər. Gözəl binadır, biz sevinirdik ki, yaxşı olacaq. Biz nə biləydik ki, sonda bura narkomanlar yuvasına çevriləcək. Çox pis vəziyyətdədir. Fakt odur ki, narkomanların sayı gündən-günə artır, rayonda söz-söhbətlər çoxalır, ailələr evinin içində qorxur. Bu işlə bağlı ciddi tədbir görülməlidir, vəzifə borcunu yerinə yetirməyən məmurlara qarşı ciddi cəza tətbiq olunmalıdır. Belə şeylər cavanlarımızı məhvə doğru aparır”. Həkim-psixiatr, narkoloq Mahir Azayev qeyd edir ki, hazırda rayonda rəsmən 108 nəfər narkoman qeydiyyatdadır. Onların axırıncısı 2007-ci ildə qeydiyyata alınıb və ondan sonra narkoman kimi qeydiyyata alınanı olmayıb: “Yəni bizim özbaşına qeydiyyata almağa ixtiyarımız yoxdur. Məhkəmə şəxsin narkoman olduğu haqda qərar çıxarır və biz də onu qeydiyyata alırıq. Hər bir şəxsin işinin arasında məhkəmənin qərarı da var”. Həkim qeyd edir ki, ildə bir dəfə onları yoxlanışdan keçmək üçün Bakıya narkoloji dispanserə göndərmək istəyirlər. Ancaq qeydiyyatda olanların çoxu çağırışa məhəl qoymur: “Gəlmirlər, axır məcbur olub onları dilə tuturuq ki, heç olmasa gedin QİÇS-ə görə də olsa, yoxlanışdan keçin. Yəni məcburi şəkildə tərəfimizdən müalicəyə göndərməyə hüququmuz yoxdur. Kim ki ətraf mühit üçün, cəmiyyət üçün təhlükəli hesab olunur, onu da yenə məhkəmə qərar çıxardıqdan sonra müalicəyə cəlb edirlər”. İsmayıllı Rayon Polis Şöbəsindən isə bu məsələ ilə bağlı geniş danışmaq istəmədilər. Polisdən deyirlər ki, onlar narkomaniyaya qarşı həmişə barışmaz mübarizə aparıblar və bu mübarizə bundan sonra da davam edəcək. Sadəcə narkomaniyaya qarşı mübarizədə cəmiyyətdə polisə yaxından kömək etməlidir. İsmayıllı polisindən bildirildiyinə görə, artıq həmin binaya da şikayət əsasında baxış keçirilib və yaxın günlərdə lazımı tədbir görüləcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?