Köhnə «Sovetski»ni Şeyxin adamları satın almaq istəyir Son günlər Bakının ayrı-ayrı yerlərinin plana düşməsi ilə bağlı yeni məlumatlar yayılmaqdadır. Məsələn, dünən keçmiş Sovetski küçəsi ərazisinin söküləcəyi ilə bağlı məlumatlar mətbuatın əsas xəbərlərindən biri kimi diqqətə gəldi. Qeyd edək ki, çoxdandır bu ərazilərin plana düşəcəyi deyilsə də, hər hansı hərəkətlənmənin olmaması səbəbindən əsasən birmərtəbəli iç-içə evlərdən ibarət keçmiş «Sovetski» küçəsi və ona bitişik ərazilər paytaxt Bakı üçün bir gözdağına çevrilmişdi.
Amma deyilənlərə görə, artıq ərazinin sökülməsi ilə bağlı qərar verilib. DİA.AZ-a müraciət edən Abdulla Şaiq küçəsinin sakinləri də deyilən xəbəri təkzib etdilər, amma gileyli olduqlarını da bildirdilər. Sakinlərin redaksiyamıza söylədiklərinə görə, ərazidə inşaatın hansı firma tərəfindən aparılacağı dəqiqləşməsə də, artıq bu barədə MİS işçiləri məlumatlıdırlar: «İndidən bəzi ev sahibləri ilə danışıq aparıblar. Hər kəsə bir kvadratmetrə görə 1500 manatdan pul təklif edirlər. Təsəvvür edin, Bakının ucqarında da bu qiymətdir, mərkəzində də».
Sakinlər bildirir ki, onlar təklif olunan kompensasiyanın məbləğindən narazıdırlar. Bunu söyləyən sakinlərdən biri - Həsənov Bəxtiyar deyir ki, əgər dedikləri qiyməti verəcəklərsə, o zaman kimsə köçməyəcək: «Heç «Sevil» massivində də bu pula ev almaq olmaz. Kim mərkəzdən köçüb, gedib Sumqayıtdan ev alar ki? Verdikləri pul ancaq buna çatır. Biz etiraz edirik».
Vətəndaş onu da bildirdi ki, onlarda inşaatı aparacaq şirkətin bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin yaxınlarına məxsus olduğu haqda məlumat var: «Əgər bizim evləri Şeyxin adamları alırsa, çox gözəl. Amma biz buradan Şeyxə müraciət edirik. Xahiş edirik, Allahı unutmayın, adamlarınıza deyin ki, bizə pul təklif edəndə Allahlı davransınlar».
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?