"Kollecin həyətində təmir sexləri açıblar. Ətrafdakı evlərdə səs-küydən otura bilmirik. Ən çox zərər isə həmin kollecin tələbələrinə dəyir. Dərs keçə bilmirlər".
Bakı şəhəri, Nizami rayonu ərazisndə fəaliyyət göstərən Bakı Texniki Kollecinin həyətindəki avtomobil təmiri sexlərindən şikayət edənlər kollec binası ətrafında yaşayanlardır. Gülər Cabbarova AzadlıqRadiosunun "Qaynar xətt"inə bildirir ki, sahə müvəkkilinə və Mənzil istismar Sahəsinə dəfələrlə şikayət etsələr də, tədbir görülmür.
“Dərslərdə otura bilmirik, maşınların dəmirçi tərəfindən döyəclənməsi, sürücülərin, ustaların səs-küyü, bayağı mahnıların qulaqbatıran səsi - hamısı sinif otaqlarındadır”.
Bunu isə kollecin tələbələri yazır. Onların deməsinə görə, kollec rəhbərliyi məktəbin bir hissəsini hasara aldıraraq icarəyə verib. İcarəyə verilən hissədə avtomobil təmiri və yuyulması kimi obyektlər açılıb:
“Birinci mərtəbədə aparılan maşın təmirlərinin səsindən ikinci mərtəbədə dərs keçə bilmirik”.
Bakı Texniki Kollecinin rəhbərliyi isə sakinlərin və tələbələrin şikayətini əsassız hesab edir. Kollec rəhbərliyi bildirib ki, kollecin ərazisində fəaliyyət göstərən avtomobillərə xidmət sahəsi ilə Bakı Texniki Kolleci arasında heç bir icarə müqaviləsi yoxdur və bu xidmət sahəsi kollecə heç bir icarə haqqı ödəmir. Hətta Kollec rəhbərliyi həmin sexlərin kollecin ərazisindən çıxarılması üçün məhkəməyə də müraciət edib. Məhkəmə hesab edib ki, kollecin sahəsi zəbt olunub və maşın təmiri sexlərinin ərazidən çıxarılması üçün qətnamə qəbul edib. Kollec rəhbərliyi dəfələrlə Nizami rayon icra şöbəsinə yazılı müraciət edib ki, qətnamə icra olunsun.
Nizami rayon icra şöbəsindən bildiriblər ki, Bakı Texniki Kollecin ərazisində qanunsuz fəaliyyətlə məşğul olan maşın təmiri müəssisələrinə hələlik şifahi xəbərdarlıq olunub. Yaxın vaxtlarda qətnamə icra ediləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?