Dünya Azərbaycanlıları Konqresinin (DAK) Qadınlar Təşkilatı və Dünya Ana və Uşaq İctimai Birliyinin üzvləri səfirliklərə, konsulluqlara və dövlət orqanlarına Xocalı soyqırımı ilə bağlı bəyanat göndərmişdir.
Bu barədə Dünya Azərbaycanlıları Konqresinin Mətbuat Xidmətinin rəhbəri Peyman Sadıqov məlumat verilmişdir. Məlumatda bildirilir ki, bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayının şəxsi heyəti ilə birgə törətdiyi cinayət istər Qarabağ müharibəsi, istərsə də dünya müharibələri tarixində dəhşətli nəticələrinə görə analoqu olmayan faciələrdən biri olduğu qeyd edilir. Şəxsi heyətində erməni zabitlərin də olduğu bu alayın çoxsaylı ağır texnikası şəhərə yeridilmiş, evlər və sosial infrastruktur tamamilə dağıdılmış və yandırılmışdır. Cinayətkarlar vahimə içərisində şəhəri tərk etmək məcburiyyətində qalan dinc insanları amansızcasına qətlə yetirmişlər. Xocalı soyqırımı zamanı adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulmuş, 487 dinc sakin ağır yaralanaraq şikəst olmuş, 1275 nəfər əsir və girov götürülmüşdür. İtkin düşmüş 150 nəfərin taleyi indiyədək məlum deyildir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, mülki əhali görünməmiş vəhşiliklə qətlə yetirilmiş, əsir və girov götürülənlərə amansız işgəncələr verilmişdir. Bu zaman soydaşlarımızın əsas insan hüquqları kütləvi şəkildə, kobudcasınapozulmuşdur. Heç bir sanksiyaya məruz qalmayan erməni qəsbkarlarının törətdikləri bu kütləvi insan qırğını ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə əsl vəhşilik, birmənalı olaraq, soyqırımı faktıdır. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayətlərdən hesab olunur. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, soyqırımı insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir. Belə əməllər BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş, “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən edilmişdir. Həmin Konvensiyaya qoşulan dövlətlər sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, soyqırımının beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq, həmçinin dövlətdaxili hüquqa əsasən məhz soyqırımıdır və həmin vandalizm aktı insanlığa qarşı törədilən qatı cinayət kimi öz qiymətini almalıdır. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı adı çəkilən Konvensiyada təsbit olunmuş soyqırımı cinayətinin əsasını təşkil edən bütün əməllər tətbiq olunmuşdur.
İşğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayon Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. Bunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının məlum 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 2008-ci il 14 mart tarixli Qətnaməsi, AŞPA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 2009-cu il tarixli 1690 saylı tövsiyəsi bir daha sübut edir. Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 2013-cü il 23 oktyabr tarixli Qətnaməsi də beynəlxalq birliyin ölkəmizin haqlı mövqeyini dəstəkləməsini və işğal faktını tanımasını təsdiqləyir. Həmin sənəddə ilk dəfə olaraq, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin vacibliyi qeyd olunmuş və işğalçı qüvvələrin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması tələb edilmişdir. Təəssüf ki, bununla bağlı heç bir tədbir görülməmiş, məhz beynəlxalq qətnamələrə əhəmiyyət verməyən Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən münaqişə hələ də həll olunmamışdır. Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir. Azərbaycan Prezidenti İlham Əliyev bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır. ABŞ-ın Vest Virciniya ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edilmişdir. Qətnamədə Xocalıda törədilmiş cinayətlərin 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni hərbi qüvvələri tərəfindən həyata keçirilən təcavüzün tərkib hissəsi olduğu qeyd edilir. Bundan əvvəl isə Kaliforniya, Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunmuş, Xocalıda qırğın törədənlərin məsuliyyətə cəlb olunması tələb edilmişdir. Artıq Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan İslam Respublikası, Bosniya və Herseqovina, Rumıniya, Çexiya və İordaniyanın parlamentləri də Xocalı soyqırımını tanımışlar. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun dünyanın 40-dan çox ölkəsində həyata keçirdiyi “Xocalıya ədalət!” kampaniyasının məramı da beynəlxalq ictimaiyyəti bu qanlı hadisə ilə bağlı ətraflı məlumatlandırmaqdır. Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməməsi, terror əməllərinə qarşı qəti tədbirlər görülməməsi qəzəb və təəssüf hissi doğurur. Beynəlxalq təşkilatlar ikili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq, bu münaqişənin həllinə yönəlmiş səylərini daha da artırmalı, bu hadisə səlahiyyətli beynəlxalq qurumlar tərəfindən soyqırımı aktı kimi tanınmalı, cinayət törədənlərə qarşı sanksiyalar tətbiq edilməlidir. Bir daha bəyan edirik ki, Xocalı faciəsi beynəlxalq hüquq normalarına əsasən soyqırımıdır. Ermənistan münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı əsir və girovlar azad edilməli, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa olunmalı, onlar öz doğma yurdlarına qayıtmalıdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?