İmişli-Biləsuvar yolunun 40 km hissəsində asfalt örtüyünün dağılması avtomobillərin hərəkətini çətinləşdirib və bu da vətəndaşların narazılığına səbəb olub. Virtualaz.org saytı bildirir ki, bu barədə aktual.az saytına yerli sakinlər məlumat veriblər. Sakinlər bildiriblər ki, bu yoldan hər gün Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, İmişli rayonlarının sakinləri istifadə edirlər. Onların sözlərinə görə, sovet dövründə çəkilən bu yolda indiyə qədər heç bir təmir işləri aparılmayıb. "Yolun bu vəziyyətə düşməsi sürücülərin həyatına böyük təhlükə yaradır. Hər zaman ağır qəzaların baş verməsi qaçılmazdır” - deyə sakinlər bildiriblər. Yolun təmir edilməsi üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini deyən vətəndaşlar bu vaxta qədər heç bir nəticənin olmadığını söyləyiblər. Sakinlər onu da qeyd ediblər ki, həmin yol ikinci dərəcəli Bakı-Tiflis yolu sayılır. Məsələ ilə bağlı “Azəryolservis” ASC-nin mövqeyini öyrənmək istəsək də qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, istirahət günü olduğundan heç bir açıqlama verə bilməz. Qeyd edək ki, “Azəryolservis” ASC-nin sədri deputat Cavid Qurbanovdur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?