ABŞ prezidenti Barak Obama Avropaya səfərinin əsas hissəsini təşkil edən nitqlə çıxış edib. O, Rusiyanı “kobud güc”dən istifadəyə görə qınayıb və bildirib ki, ABŞ və Avropanın qəti müttəfiqliyi Ukrayna məsələsində həmin “kobud güc” tətbiqi siyasətini tədricən üstələyə biləcək. Avropanın iki dünya müharibəsindən, eləcə də Soyuq müharibədən sonra bərqərar olan birliyi haqda danışan Obama qeyd edib ki, vaxtilə həmin münaqişələrə aparıb-çıxaran ideyaların toqquşması yenidən ortadadır. ABŞ prezidentinin fikrincə, Ukrayna məsələsində də söhbət ideyaların belə rəqabətindən gedir. Və Rusiyanın Ukraynadakı hərəkətləri “qlobal sınaq anı”dır. Obamanın sözlərinə görə, nə ABŞ, nə də Avropa Birliyi Ukraynaya nəzarət etməyə can atmır. ABŞ və NATO Rusiya ilə münaqişə istəmir. Prezident Ukrayna üstündə yeni Soyuq müharibənin başlanması ideyasını da rədd edir. Obamanın fikrincə, SSRİ-dən fərqli olaraq Rusiya nə hansısa blokun başında dayanır, nə də hansısa qlobal ideologiyada aparıcı qüvvədir. ABŞ lideri istisna etmir ki, Rusiyanı Krımdan çıxarmaq mümkünsüzdür. Amma onun qənaətincə, ABŞ və onun müttəfiqləri vahid mövqedən çıxış etdikcə, “rus xalqı anlayacaq ki, can atdığı təhlükəsizlik, rifah və statusa bu yolla çata bilməyəcək”. Obama hesab edir ki, Avropanın son 100 illik tarixini nəzərə alaraq, Ukraynada indi baş verənlərə biganə qalmaq məsuliyyətsizlik olardı. ABŞ prezidenti söz verib ki, Kreml Ukraynada daha geniş miqyasda addımlar atarsa, onun ölkəsi Rusiyaya sanksiya qoymaqda davam edəcək. Obama bir daha Rusiyaya xəbərdarlıq edib ki, əgər ölkənin rəhbərliyi hazırkı siyasətini dəyişməsə, ona qarşı təcrid kampaniyası genişlənəcək. Krımın anneksiyasından sonra həm Avropa Birliyi, həm də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər. Bunlar əsasən Rusiyanın ayrı-ayrı məmur və biznesmenlərinin hesablarının dondurulması və onlara viza qadağasının tətbiqidir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?