“Məzar daşları çöküb, əyilib… Bura ziyarətə gələn şəhid ailələri məzar daşlarını belə baxımsız vəziyyətdə görəndə əzab çəkirlər”. Bu barədə məlumat verən Qazax rayonundan olan Qarabağ müharibəsi əlilləridir. Vaqif Xanbabayev, Namiq Əliyev, Faiq Musayev, Natiq Bağırov rayondakı "Şəhidlər Xiyabanı"nın vəziyyətindən ürəkağrısı ilə danışırlar. Namiq Əliyev: “Şəhidlərin xatirəsinə tikilmiş bulaqdan bircə dəfə də su gəlməyib. Ətrafını isə zibilliyə çeviriblər. Türklər öz şəhidlərini elə yüksəkliyə qaldırır ki... Türkiyədə övladı şəhid olanlar qürur duyurlar. Çünki şəhidə sayğı ilə yanaşılır. Bizdə isə məzarları zibillikdən fərqlənmir”. Faiq Musayev: "Siyəzəndən keçmiş döyüşçü yoldaşlarımız gəldi, qatardan düşən kimi ilk olaraq bu məzarlığa gəlib keçmiş döyüşçü yoldaşlarınmızı ziyarət etdik. Qəbirlərə baxıb xəcalət çəkdik. Özümüzün də elə imkanımız yoxdur ki, tarixi abidə hesab olunan bu məzarlığı səliqə-sahmana salaq, qəbirlərin üstündəki mərmərləri əvvəlki vəziyyətinə gətirək”. "Məzarlar dağılıb gedir" Qarabağ müharibəsi əlilləri imkanlı şəxslərdən və yerli məmurlardan “Şəhidlər Xiyabanı”na diqqət ayırmağı istəyirlər: “İmkanlılar min yerə pul xərcləyirlər, bu məzarlığı düzəltmək onların xərclədiyi böyük pulların cüzi hissəsi də deyil. Bir şeyi nəzərə alsınlar ki, burada uyuyan oğlanlar onların həyatda qalması üçün öz həyatlarından keçiblər. Biz prezidentə də müraciət edirik. Məlumatlansın ki, Qazaxda tarixi abidə hesab olunan şəhid məzarları dağılıb gedir. Məmurlar diqqət göstərmir. Onun göstərişləri yerlərdə icra olunmur”. Qazax rayon İcra Hakimiyyətindən bildiriblər ki, rayondakı abadlıq işlərinin siyahısına “Şəhidlər Xiyabanı”nın abadlaşdırılması məsələsi də daxildir. Bu işlər planlaşdırılmış və növbəli şəkildə aparılır. Yerli icra hakimiyyəti yaxın vaxtlarda Xiyabanın təmir-tikintisi ilə də məşğul olacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?