Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ölkədəki məscidlərə "Vəhhabi cərəyanı" kitabını paylamağa başlayıb. İdarədən verilən məlumata görə, kitab QMİ sədrinin müavini, müfti Hacı Salman Musayevin redaktorluğu və Yusif Bağırovun tərcüməçiliyi ilə çapdan çıxıb. "Vəhhabi cərəyanı"nın müəllifi isə Ayətullah Cəfər Sübhanidir. Müzakirə edilən əsas məsələ isə kitabın dindarlar arasında hansı effekti verəcəyidir. Məsələyə ilahiyyatçı Elşad Miri münasibət bildirib. Açıqlamasında ekspert kitabla bağlı bunları deyir: “Bu kitab mənim yadımdadır. Birinci dəfə İslam Araşdırmalar Mərkəzinin rəhbəri, dini komitənin ilk sədri Rafiq Əliyevin sədrliyi ilə çap olunub və paylanmışdı. Amma indi bir iranlı ayətullahın yazdığı kitabı azərbaycancaya çevirib yaymaq nə dərəcədə doğrudur?! Bunun özündə tərəfkeşlik müşahidə olunmurmu?! Həmin ayətullah öz gözündə bütün məzhəbləri qatıb-qatışdırıb vəhhabi anlayışı adı altında təqdim edib. Təəssüflənirəm ki, belə bir adda bu cür kitablar çıxarıb ölkədə məzhəb qarşıdurması yaratmağa bir növ rəvac verirlər”. Elşad Miri məsələ ilə bağlı birləşdirici mövqe göstərəcək kitabların hazırlanıb paylanmasını daha məqsədəuyğun hesab edir: “Belə ayrı-seçkilik yaratmaq, tolerantlığa zərbə vuracaq kitablar çap etdirmək olmaz. Adından da görünür. Bu gün Azərbaycanda qeyri məzhəblərin nümayəndələri varsa, bu onlara təhqirdir, özünü sünni adlandıran məzhəblərə bir növ təhqirdir. Bu günə qədər Qafqaz Müsəlmanları İdarəsində bir başıpapaqlı tapılmadı ki, oturub belə bir kitab yazsın?! Əfsuslar olsun buna. Belə bir kitab çıxarıb, bunu paylamaqlarına heç bir halda haqq qazandırmaq olmur”. "Vəhhabi cərəyanı" kitabı Qafqaz Müsəlmanları İdarəsinin nəzdindəki Elmi-Dini Şuranın qərarı ilə nəşr edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ekspertizasından keçib və komitənin 12 fevral 2014-cü il tarixli DK-53/B saylı məktubuna əsasən çap olunmasına icazə verilib. Kitabın məscidlərə paylanması Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təmin edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?