Xətai rayonunun M.Hadi küçəsində bayram yarmarkası yenidən fəaliyyətə başladı; camaatın yolunun kəsilməsi ciddi narazılığa səbəb oldu; sakinlər evlərinə gedib-gələ bilmədikləri üçün bazarın yığışdırılmasını tələb etdilər. Bu il Novruz bayramı ərəfəsində Bakının bir neçə rayonunun ərazisində kənd təsərrüfatı mallarının satış yarmarkası təşkil olunmuşdu. Bayram günlərindən sonra yığışdırılan bu yarmarka Bakının Xətai rayonu ərazisində hələ də qalmaqdadır. Nəhəng dəmir konstruksiyalardan quraşdırılmış bu yarmarkanın uzunluğu təxminən 100-150 metrdir. Bu yarmarkanın sökülməməsinin səbəbi bu günlərdə məlum olub. Sən demə, indən belə hər həftənin 6-cı və bazar günləri M.Hadi köçəsində kənd təsərrüfatı mallarının yarmarkası keçiriləcək. Əhmədli qəsəbəsinin mərkəzi küçələrindən biri olan M.Hadi küçəsini Ukrayna dairəsi tərəfdən bağlayıb camaatın, o cümlədən nəqliyyatın gediş-gəlişini iflic edib tıxac yaratmaq hesabına yarmarka təşkil etmək ancaq bizim məmurların ağlına gələn işdir. Əhmədli qəsəbəsində zatən bir yarmarka fəaliyyət göstərir. M.Hadi küçəsindən bir neçə yüz metr aralıda, “Bakı” kinoteatrının yaxınlığında neçə ildir ki, yarmarka var. İkinci belə bir yarmarkanı açmağın məntiqi nədir. Anlamaq olmur. Martın 28-də Xətai rayonu Məhəmməd Hadi küçəsinin sakinləri redaksiyamıza müraciət edərək bu özbaşınalıq barədə yazmağımızı xahiş etdilər. Hadisə yerinə baş çəkdik. Sakinlər “Yeni Müsavat”a açıqlamalarında bildirilər ki, bu yarmarkanın qalmasına və fəaliyyət göstərməsinə etiraz edirlər. Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun Ukrayna dairəsindən “Həzi Aslanov” metro stansiyasına qədər uzanan yolu bağlayaraq yarmarka açması sakinləri ciddi şəkildə narahat edir. Sakinlər yığışaraq yarmarkanın qurulduğu əraziyə gələrək, icra hakimiyyətinin nümayəndələrinə yarmarkanın təcili yığışdırılmasını tələb etdilər.
“Deyəsən bayramdakı yarmarkadan yaxşı pul götürüblər”
Etiraz edən sakinlərdən Qulu İbrahimov qəzetimizə açıqlamasında bildirdi ki, təşkil olunacaq yarmarka heç kimə lazım deyil: “Şənbə və bazar günləri yarmarka keçirmək üçün bu yolu bağlayıb, camaata cəhənnəm əzabı verirlər. Axı niyə görə? Kimə lazımdır bu yarmarka? Novruz bayramı ərəfəsində şəxsən mən özüm bu yarmarkada iştirak edirdim. Vallah satdıqları məhsullar marketlərdə daha ucuz idi”. Həmsöhbətimiz bildirdi ki, bu səhər icra hakimiyyətinə gedərək yarmarkanın təcili yığışdırılmasını tələb ediblər: “Yarmarkanı icra başçısı Razim Məmmədov təşkil edir. Amma icra hakimiyyətindən bizə bildirdilər ki, yarmarkanı biz təşkil etmirik. İcra hakimiyyətinin nümayəndələri bildirdilər ki, yarmarka Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunur. Təsəvvür edin, o boyda yolu bağlayıb bazar açıblar. Camaat yollarda qalıb, evlərinə gedə bilmək üçün Əhmədli qəsəbəsindəki ara küçələrdən keçməli olurlar”.
“Həmin adamlar “Vosmoy” bazarında alver edirlər”
Məhəmməd Hadi küçəsinin sakini Allahşükür Qurbanovun sözlərinə görə, yolun bağlanaraq yarmarkanın açılması təkcə onların gediş-gəlişinə mane olmur: “Metro istiqamətində getməli olan bütün marşrut avtobusları Əhmədli qəsəbəsinə girib, fırlanmalı olurlar. Yarmarka açılan bu küçədə Təcili Yardım Stansiyası var. Xəstəmiz olub, təcili yardım çağırmışıq. Neçə saatdır gələ bilmirlər. Bu yarmarka heç kəsə lazım deyil. Küçəmizdəki marketlərdən baha satırlar. Çoxu da alverçilərdir. Elə bir neçəsini mən tanıyıram ki, həmin adamlar “Vosmoy” bazarında alver edir. Malını maşına yükləyib gəlib bura, yarmarkanın açılmasını gözləyir. Yarmarka təşkil olunmalıdır ki, camaat rahat və ucuz alış-verişlərini etsinlər. Bizdə isə tam tərsinədir”.
“Nazir bizi eşitsin...”
Rayon sakini Rəfael Kərimov isə qəzetimiz vasitəsi ilə kənd təsərrüfatı naziri Heydər Əsədova müraciət etdi: “Nazirə bildirmək istəyirəm ki, vallah bu yarmarka bizə lazım deyil. 1969-cu ildən bu rayonda yaşayıram. Bu zonada hər zaman səliqə-sahman olub. Yarmarka açıblar, bir azdan burda antisanitariyan oturmaq olmayacaq. Bazarlarda vaxtı keçmiş, istifadəyə yararsız nə qədər kənd təsərrüfatı məhsulu varsa yarmarkaya çıxarıb camaata sırıyırlar. Tərəzidə camaatı aldadırlar, malı seçməyə qoymurlar. Şənbə-bazar keçirəcəkləri yarmarkanın nəticəsi biz Xətai sakinləri üçün ağır olacaq. Xahiş edirik, nazir Heydər Əsədov bizi eşitsin və bu yarmarka tez bir zamanda yığışdırılsın. Onsuz da binalarımızın qabağında, yol kənarında onlarla qeyri-qanuni obyekt tikiblər. Evimizə rahat gedib-gələ bilmirik”. Fərid
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?