Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Bakının Yasamal rayonunun Mirəli Seyidov küçəsində yaşayan sakinlər həmin ərazidə ağacların kütləvi şəkildə kəsilməsi ilə bağlı etiraz aksiyası keçirmişdilər. Aksiya nəticəsində “ağac qətliamı” dayandırılmışdı. Sakinlər isə kəsilən ağacların yerində yeni ağaclar əkəcəklərini bildirmişdilər. Dünən sakinlər dedikləri sözə uyğun olaraq, iməcilik keçirərək ağacların kəsildiyi ərazidə onlarla yeni ağac əkiblər. Onlar bu iməcilik aksiyasının davamlı olacağını da vurğulayıblar. Dünən səhər saatlarında özlərini Departament işçiləri kimi təqdim edən şəxslər iməcilik keçirilərək ağac əkilən əraziyə gəliblər. Bu barədə mətbuata məlumat verən Yasamal rayon sakini Afət Quliyeva (politoloq Elxan Şahinoğlunun həyat yoldaşı) bildirib ki, həmin şəxslər özləri ilə əraziyə traktorlar da gətiriblər. Afət Quliyevanın sözlərinə görə, departament işçiləri ağac kəsilməsi əməliyyatının davam etdiriləcəyini və iməcilik aksiyasına imkan verilməyəcəyini deyiblər. Politoloq Elxan Şahinoğlunun həyat yoldaşı Afət Quliyeva onu da vurğulayıb ki, sakinlər həmin şəxslərin davranışlarına öz etirazlarını bildiriblər. Nəticədə sakinlərlə özlərini departamentin işçiləri kimi təqdim edən həmin şəxslər arasında mübahisə yaranıb. Bu mübahisə ilə bağlı ərazi sakinləri - siyasi analitik Elxan Şahinoğlu, İsgəndər Talıblı və Elşad Abdullayev saxlanılaraq, 22-ci polis bölməsinə aparılıblar. Afət Quliyevanın sözlərinə görə, əraziyə gələn həmin şəxslər sakinlərlə çox kobud rəftar ediblər: “Səhər tezdən traktor səsinə oyandıq. Gördük ki, ərazidə ağacları aşırmağa başlayıblar. Buna ciddi şəkildə etirazımızı bildirdik. Onlar bizi təhqir etməkdən çəkinmədilər. Saxlanılan İsgəndər Talıblını ən ağır söyüşlərlə təhqir etdilər. Həmin vaxt əraziyə toplaşan qadınları və azyaşlı uşaqları belə, nəzərə almadılar. Onların bu qeyri-etik davranışlarına etirazlarını bildirən həyat yoldaşım Elxan Şahinoğlu, İsgəndər Talıblı və Elşad Abdullayev həbs edilərək, 22-ci polis bölməsinə aparılıb. Hazırda ciddi cəhdlər göstərsək də, onlarla əlaqə saxlamaq hələlik mümkün olmayıb”. Verilən məlumata görə, ağacların kəsilməsinə səbəb kimi həmin ərazidə Qarabağ Əlilləri Cəmiyyəti üçün ofis və restoran tikmək planının olması göstərilir. Dövlət torpağı sayılan bu ərazinin Kəmalə Əliyeva adlı şəxsin adına özəlləşdirildiyi bildirilir. Aldığımız son məlumata görə, polis bölməsinə aparılan sakinlərin hamısı sərbəst buraxılıblar. Polis bölməsindən sərbəst buraxılan Elxan Şahinoğlu mediaya bunları deyib: “Bina sakinlərinin əsəbləri gərilib. Əvvəlcə gecəyarısı ağacları kəsdilər, daha sonra yerində nəsə tikmək istədilər. İndi də növbəti ağacların itirilməsinin şahidi oluruq. Yenə də təkrar edirəm, bunlar üçün müqəddəs heç nə qalmayıb, Heydər Əliyevin əkdiyi ağacları da qoparmağa da hazırdılar. Dünən iməcilik keçirib, ağac əkdik. Səhər traktor səsinə oyandım. Qonşu zəng etdi ki, 50 illik ağaclardan biri də aşıb. Bu, məhz o ağac idi ki, əkilməsində Heydər Əliyev də iştirak etmişdi. Düşdüm həyətə yıxılan ağacın şəklini çəkirdim ki, gördüm qonşularla departamentin işçiləri arasında gərginlik yaranıb, qarşılıqlı söyüşlər oldu, hər iki tərəf əsəblərinə hakim ola bilmədi. Hadisə yerinə polis çağrıldı və bizi Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinə apardılar. Orada hadisəyə aydınlıq gətirildi, hər iki tərəfin əsəblərinə hakim olmadığı qənaətinə gəlindi. Polis bölməsində bizə heç bir təzyiq olmadı. Biz departament işçilərinə də bildirdik ki, parkın salınmasına ikiəlli razıyıq, hətta fəhlələrlə birgə işləməyə də hazırıq. Parkın qurulmasında çalışan fəhlələrə dünən çay, ərzaq vermişik. Ancaq məsələ ondadır ki, parkın sağ tərəfində nəyinsə tikiləcəyini yenidən bizə eyham vurdular. Yəni belə çıxır ki, iməclikdə əkdiyimiz ağacların qoparılması təhlükəsi qalır. Park uğrunda ağacları kəsənlərlə mübarizəmiz davam edir. Tikintinin arxasında dayanan şəxs kimdirsə hüququ tanımır, Allahı da tanımır. Sizin qəzet vasitəsilə ona müraciət edirəm: 50 illik ağacları kəsməklə cinayət törətmisiniz, orada tikinti işi aparmaqdan vaz keçin, hüququ tanımırsız, Allahdan qorxun. Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın dəstəyinə ümidliyik. Bilsinlər ki, biz həm də mərhum dövlət başçısı Heydər Əliyevin əkdiyi ağaclar, xeyir-dua verdiyi park uğrunda mübarizə aparırıq”. Turac
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?