Azərbaycanın tanınmış yazıçısı İsa Hüseynov bu gecə dünyasını dəyişdi
Azərbaycanın tanınmış yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü İsa Hüseynov bu gecə dünyasını dəyişib. Yazıçının qızı Sevinc Hüseynova açıqlamasında, atasının uzun müddət ürək xəstəliyindən əziyyət çəkdiyini söyləyib. Onun sözlərinə görə, sözlərinə görə, 86 yaşlı İsa Hüseynov qəfildən səhəti pisləşib və dünyasını dəyişib: “Atam ürəyindən ölmədi. Qəfildən onda boğulmalar baş verdi və dünyasını dəyişdi. Biz onun beyin insultu keçirdiyini güman edirik”. Daha sonra S. Hüseynova atasının dəfn işlərinin dövlət səviyyəsində aparılacağını da sözlərinə əlavə edib. Qeyd edək ki, Azərbaycanın görkəmli yazıçısı, ssenarist və kinoredaktor İsa Hüseynov (Muğanna) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində ziyalı ailəsində dünyaya gəlib. O, 1945-ci N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da, 4 ay sonra doğma kəndinə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Burada 4 illik təhsilini başa vurub və Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. "Azərnəşr"də Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), "Literaturnıy Azerbaydjan" qəzetində Nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari Şurasının üzvü (1974-1979), Azərbaycan Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb. Onun ssenariləri əsasında "26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s. filmlər çəkilib, əsərləri xarici dillərə tərcümə olunub. "26 Bakı Komissarı" filmi 1968-ci ildə SSRİ-nin Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını alıb. Ədəbi fəaliyyətə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilən "Anadil oxuyan yerdə" yazısı ilə başlayıb. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. İsa Muğannanın "Məhşər", İdeal" və s. romanları Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindəndir. 2012-ci ildə İsa Hüseynov AYB-nin təsis etdiyi "Nəsimi" mükafatının ilk laureatı olub.
Sorğu
Yeni dizaynımız necədir?